İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyana vaxt qoydu: “Nə qədər tez qərar versəniz..." - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla bu gün Bişkekdə keçirilən görüşündə İrəvanın Avropa İttifaqına üzvlük kursu və Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması məsələsinə toxunub.

Musavat.com xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilib.

Putin bildirib ki, Ermənistanın Avropa İttifaqına can atması ölkənin qanuni hüququdur. Bununla yanaşı, Rusiya lideri bu kursun Ermənistanın Aİİ-də qalması ilə bağlı çətinliklər yaratdığını vurğulayıb.

Putinin sözlərinə görə, Ermənistan bu məsələdə nə qədər tez qərar versə, bir o qədər yaxşı olar. Moskva İrəvanın seçimini bilməlidir ki, bundan sonra Ermənistanla münasibətlərin hansı istiqamətdə inkişaf etdiriləcəyini müəyyənləşdirə bilsin.

Putin Paşinyanla görüşdə daha bir mühüm məqama toxunaraq bildirib ki, əgər Ermənistan başqa bir təşkilata üzvlük prosedurunun başlanması haqqında qanun qəbul edərsə, bu, Aİİ-dən çıxmaq barədə bəyanat demək olacaq.

Rusiya Prezidenti Ermənistanın əsas iqtisadi tərəfdaşının Rusiya olduğunu da vurğulayıb. Onun açıqladığı rəqəmlərə görə, 2026-cı ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb. Putin Rusiya şirkətlərinin Ermənistan büdcəsinin ən böyük vergi ödəyiciləri sırasında olduğunu və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını bildirib.

Putin həmçinin Ermənistanın Aİİ-yə üzvlüyü dövründə ölkənin ÜDM-nin üç dəfə, İttifaq ölkələrinə ixracının isə 10 dəfə artdığını qeyd edib.

Rusiya lideri Moskvanın İrəvanla dostluq və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, bu münasibətlər həm Rusiyanın, həm də erməni xalqının fundamental maraqlarına cavab verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR