Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusunun yüksək rütbəli dörd generalı İranla uzanan münaqişə səbəbindən Yaxın Şərqdə hərbi qüvvə və resursların daha da uzun müddət səfərbər edilməsinə qarşı çıxıb.
Musavat.com xəbər verir ki, "The Guardian" qəzetinin məlumatına görə, ABŞ-ın Avropa, Hind-Sakit okean və Cənub komandanlıqlarının rəhbərləri, həmçinin Hərbi Dəniz Qüvvələrinin komandanı müdafiə naziri Pit Heqsetə açıq şəkildə bildiriblər ki, bu miqyasda hərbi kampaniyanın davam etdirilməsi dayanıqsız xarakter alır.
Generalların sözlərinə görə, bu vəziyyət ABŞ-ın digər strateji əhəmiyyətli bölgələrdə yaranan təhdidlərə operativ cavab vermək və öz ərazisinin təhlükəsizliyini təmin etmək imkanlarını ciddi şəkildə zəiflədir.
Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. Müdafiə naziri hərbi hissələrin bir qisminin sentyabrın sonunadək bölgədə saxlanılmasına, digərlərinin isə 2027-ci ilə qədər orada qalmasına göstəriş verib.
Hərbi rəhbərlik, həmçinin silah-sursat ehtiyatlarının kritik həddə qədər tükənməsinə diqqət çəkib. Söhbət xüsusilə Patriot zenit-raket kompleksləri, THAAD sistemləri və Tomahawk qanadlı raketlərinin ehtiyatlarından gedir.
Bundan əlavə, döyüş əməliyyatları başlayandan bəri ABŞ kəşfiyyat-zərbə təyinatlı MQ-9 Reaper pilotsuz uçuş aparatları parkının təxminən dörddə birini itirib.
Pentaqonda komandirlərin etirazlarının yer aldığı məxfi sənədin sızmasına kəskin reaksiya verilib.
“Nazirin əmr kitabından tam məxfi qiymətləndirmələrin dərc edilməsi cinayətdir. Bu, silahlı qüvvələrə xəyanətdir”, - Pentaqonun nümayəndəsi Şon Parnell bildirib.
Bununla belə, o, hərbi komandanlığın etiraz faktını inkar etməyib. Parnell bu cür fikir ayrılıqlarını “standart praktika” adlandırıb və qeyd edib ki, Heqset bu xarakterli etirazlarla daim qarşılaşır.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ