İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Yeni il öncəsi bu sözləri revanşistlərə od vurdu – “Ermənistan ordusu...”

Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən baş nazir Nikol Paşinyan artıq neçə ildir tam əks bir davranış, ritorika sərgiləyir, qulağa xoş gələn açıqlama və bəyanatlar verir. Azərbaycan və Türkiyəyə reveranslar edir. “Real Ermənistan”dan danışır.

Bu da əlbəttə ki, “Dəmir yumruğu”un davam edən “müalicəvi” təsirinin nəticələridir. Bu xüsusda növbəti diqqətçəkən fakt.

Nikol Paşinyan dünən Azərbaycanla demarkasiya olunmuş sərhəddəki kəndlərin birində keçirdiyi görüş zamanı söyləyib: “Təhlükəsizlik məsələlərində ordunun birinci, ikinci və ya üçüncü olduğunu deyəndə, bu, təhlükəsizlik kimi bir şeyin olmadığını göstərir. Ordunuz nə qədər güclü olursa olsun, həmişə daha güclü orduya malik başqa ölkələr olacaq. Ona görə də təhlükəsizliyin bir hissəsi olan ordu, əgər birincidirsə, ikinci, ikincidirsə, üçüncü, üçüncüdürsə, dördüncü yerdə olmalıdır. Yəni ordunun önəmi nə qədər aşağıdırsa, ölkə bir o qədər təhlükəsizdir”.

Və gözlənildiyi kimi, onun bu sözləri radikal revanşist düşərgədə çaxnaşma, qəzəb doğurub...

Əslində isə ordu ümumiyyətlə, yoxsul Ermənistanın nəyinə gərək əgər heç kim xəritədə güclə tapılan bu ölkəni hədələmirsə. Azərbaycanla hər iki müharibənin səbəbkarı hayların özü deyildimi?..

Odur ki, bu məsələdə Paşinyan elə də haqsız sayılmaz. Darmadağın edilmiş işğalçı orduya təzədən böyük pullar xəcləməkdənsə, həmin vəsaiti kasıb əhalinin rifahının yaxşılaşdırmağa yönəltmək daha məntiqli olmazmı? Olar.

Hər hansı dövlətə, xüsusən də Ermənistan kimi dünya okeanına çıxışı olmayan cırtdan ölkəyə ən etibarlı təhlükəsizlik zəmanətini isə ilk növbədə qonşular verməlidir və verə bilər. O da bir şərtlə ki, konkret halda Ermənistan özünü normal qonşu kimi aparsın. Nanəciblik eləməsin, bəd niyyətlərdən, düşmənçilikdən həmişəlik əl çəksin, riyakarlıq eləməsin...

Acı gerçək belədir ki, Güney Qafqazda sülh, sabitlik və əməkdaşlığa ən böyük təhlükə on illərlə məhz təcavüzkar Ermənistan yaradıb. Azərbaycan artıq onun cavabını artıqlaması ilə verib. Cəzalandırıb. İşğalçının qorxulu dişlərini qırıb.

Artıq ordumuz başıpozuq erməni silahlı qüvvələrindən fərqli olaraq regionda əsas sabitlik faktoru olduğunu bütün dünyaya sübut edib. Hər halda silahlı qüvvələrimiz istəsəydi, 44 günlük Vətən müharibəsi zamanı asanca Ermənistana girə, kifayət qədər ərazini nəzarətə götürə bilərdi.

Bunu etmədik. Çünki Azərbaycan Ermənistan deyil, beynəlxalq hüquqa sayğılı dövlətdir. Beynəlxalq hüquqa hörmət edən dövlətdən isə qonşulara təhlükə gəlməz.

Təəssüf ki, Ermənistan haqda hələ ki, bunu demək mümkün deyil. Ona görə ki, bu ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiaları qalır. Eyni səbəbdən sərhədlər qıfıldadır. İrəvan nə Bakı, nə də Ankara ilə sülh müqaviləsi imzalayıb.

O üzdən əgər bizim öz başımıza gələnlərdən nəticə çıxarıb hərbi potensialımızı daim artırmaqda məna-məntiq varsa, Ermənistanın belə bir əsası yoxdur. Ola bilməz...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR