İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölüm tələlərinə qarşı yeni səfərbərlik

Azərbaycanın işğaldan azad olunan torpaqları dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən biridir – 2 mina axtaran it ölüm tələlərinin sürətlə aşkarlanmasına cəlb olunacaq.

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə qarşı mübarizədə yeni mərhələ başlayır. Hələ də insanların həyatını hər an təhlükə altında saxlayan, kəndlərin, yolların, meşələrin, əkin sahələrinin və hətta qəbiristanlıqların təhlükəsizliyinə ciddi təhdid yaradan mina və partlamamış hərbi sursatlara qarşı yeni layihənin icrasına start verilib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi “Mina axtaran itlər vasitəsilə minaların təmizlənməsinin sürətləndirilməsi” adlı yeni layihəni həyata keçirməyə başlayıb.

Layihə Kanadanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə gerçəkləşdirilir.
Layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin azaldılması, minatəmizləmə imkanlarının genişləndirilməsi, mülki əhalinin təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı, tikinti, infrastruktur layihələrinin həyata keçirilməsi üçün təhlükəli ərazilərin daha sürətlə təmizlənməsinə töhfə verməkdir.

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin miqyası statistik rəqəmlərdə daha aydın görünür.
Azərbaycanın BMT-də açıqladığı son rəsmi məlumatlara əsasən, 2020-ci ilin noyabrından 2026-cı ilin aprel ayınadək mina partlayışları nəticəsində 421 Azərbaycan vətəndaşı zərər çəkib. Onlardan 72 nəfər həyatını itirib, 349 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Qurbanlar arasında qadınlar və uşaqlar da var. Bu rəqəmlər yalnız müharibənin başa çatmasından sonra işğaldan azad edilmiş ərazilərdə və mina təhlükəsi ilə bağlı qeydə alınmış insan itkilərinin nə qədər ciddi olduğunu göstərir.

Ümumilikdə isə son 30 il ərzində Azərbaycanda mina və müharibənin partlayıcı qalıqları nəticəsində 3 400-dən çox insan zərər çəkib. Azərbaycan rəsmilərinin beynəlxalq təşkilatlarda açıqladığı məlumatlara görə, ölkə dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş dövlətləri sırasında yer alır.
2026-cı ildə də təhlükə davam edib. ANAMA-nın açıqlamalarına əsasən, ilin ilk aylarından etibarən işğaldan azad edilmiş müxtəlif rayonlarda mina və partlamamış hərbi sursat partlayışları qeydə alınıb.

Apreldə Ağdərə ərazisində, iyulda Kəlbəcərdə, avqustda isə Xocavənd və digər istiqamətlərdə mina hadisələri barədə məlumatlar yayılıb.

Azərbaycanın rəsmi məlumatlarına görə, işğal dövründə Azərbaycan ərazilərində təxminən 1,5 milyon mina basdırıldığı ehtimal edilir. Bundan başqa, ərazilərdə sayı tam müəyyən edilməyən miqdarda partlamamış hərbi sursat və digər partlayıcı qurğular mövcuddur.

Son qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə mina və digər partlayıcı sursatlarla çirklənmiş sahələrin ümumi həcmi təxminən 11 667 kvadratkilometrdir. Bu, Azərbaycanın ümumi ərazisinin 13 faizindən çoxuna bərabərdir. Azərbaycan bu göstəricilərə görə dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən biri hesab olunur.

Mina təhlükəsi təkcə keçmiş təmas xəttinin yerləşdiyi ərazilərlə məhdudlaşmır. Azərbaycan tərəfinin beynəlxalq qurumlarda təqdim etdiyi məlumatlara görə, minalar və digər partlayıcı qurğular yaşayış məntəqələrində, evlərin ətrafında, kənd yollarında, meşələrdə, kənd təsərrüfatı sahələrində, qəbiristanlıqlarda və digər mülki obyektlərin yaxınlığında da yerləşdirilib.

Bu isə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesini, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtmasını və həmin ərazilərdə kənd təsərrüfatı ilə məşğul olmağı ciddi şəkildə çətinləşdirir.

Azərbaycanın minatəmizləmə prosesində üzləşdiyi ən ciddi problemlərdən biri də mina xəritələrinin tam və etibarlı şəkildə təqdim olunmamasıdır.

Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Ermənistan işğal dövründə basdırılmış minaların dəqiq yerləşmə koordinatlarını və tam xəritələrini Azərbaycan tərəfinə təqdim etməyib. Rəsmi Bakı təqdim edilmiş bəzi məlumatların dəqiq və istifadə üçün yararlı olmadığını, bunun isə minatəmizləmə işlərini çətinləşdirdiyini vurğulayıb.

Azərbaycanın BMT-yə təqdim etdiyi məlumatlarda da Ermənistanın yüz minlərlə mina ilə bağlı tam xəritələri təqdim etmədiyi, bununla yanaşı, postmünaqişə dövründə yeni mina sahələrinin aşkarlandığı qeyd olunub.

Bu səbəbdən minatəmizləmə prosesi təkcə vaxt və böyük maliyyə vəsaiti tələb etmir, həm də birbaşa insan həyatı üçün təhlükə olaraq qalır.

Detektorların çətinlik çəkdiyi ərazilərdə itlər işə düşür

Sıx meşəliklərdə, çətin keçilən dağlıq və mürəkkəb relyefli ərazilərdə, həmçinin metal qırıntıları ilə çirklənmiş sahələrdə mina axtarışı daha mürəkkəb prosesə çevrilir.

Metal detektorları ərazidə olan müxtəlif metal qalıqlarına reaksiya verdikdə minatəmizləmə işlərinin tempi aşağı düşə bilər.

Xüsusi təlim keçmiş mina axtaran itlərin üstünlüyü isə onların metalı deyil, partlayıcı maddələrin qoxusunu müəyyən etmə qabiliyyətidir. Bu xüsusiyyət xüsusilə mürəkkəb relyefdə və müxtəlif metal qalıqları ilə çirklənmiş ərazilərdə təhlükəli sahələrin daha operativ yoxlanılmasına imkan verir.
Layihə çərçivəsində xüsusi hazırlıqlı iki mina axtaran itin alınması nəzərdə tutulur. İtlər beynəlxalq standartlara uyğun hazırlıq və yoxlama prosedurlarından keçirildikdən sonra onların Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin – ANAMA-nın əməliyyatlarında istifadəsi planlaşdırılır.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, minatəmizləmə potensialının gücləndirilməsi və təhlükəli ərazilərin daha qısa müddətdə təmizlənməsi mülki əhalinin təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır.

Bu layihənin əhəmiyyəti yalnız iki itin minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə məhdudlaşmır. Əsas məqsəd minatəmizləmə imkanlarını genişləndirmək, insan resurslarının işini gücləndirmək və işğaldan azad edilmiş ərazilərdə ölüm tələlərinin daha sürətlə aşkarlanmasına nail olmaqdır.
İşğaldan azad edilmiş ərazilərdə yeni şəhərlər və kəndlər salınır, yollar, məktəblər, xəstəxanalar, elektrik və su infrastrukturu qurulur. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir.

Lakin bütün bu proseslərin arxasında hələ də görünməyən, torpağın altında gizlədilmiş ölüm təhlükəsi qalır.

Mina təhlükəsi yalnız insanların həyatına son qoymur və ya onları ömürlük əlilliyə məhkum etmir. O, həm də kənd təsərrüfatının inkişafını ləngidir, torpaqların istifadəsini məhdudlaşdırır, infrastruktur layihələrinin xərclərini artırır və Böyük Qayıdış prosesinin sürətinə təsir göstərir.

Azərbaycanın qarşısında duran mina problemi miqyasına görə dünyanın ən ağır humanitar minatəmizləmə problemlərindən biridir. Bu səbəbdən yeni texnologiyaların, xüsusi texnikanın və mina axtaran itlərin prosesə cəlb edilməsi sadəcə texniki yenilik deyil, insan həyatının qorunması baxımından zəruri addımdır.

Hər aşkar edilən mina bir insan həyatını xilas edə bilər. Hər təmizlənən metr torpaq isə ölüm tələsindən azad edilmiş yeni bir həyat sahəsidir.

E.Məmmədəliyev,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR