Onlayn ictimai-siyasi qəzet
Özünü Azərbaycan cəmiyyətinə yəhudi əsilli xeyriyyəçi, beynəlxalq hüquq müdafiəçisi və texnoloji investor David Seliverstov kimi sırımağı başaran, əslində isə dəfələrlə məhkum olunmuş residivist Kazım Elşən oğlu Abbasov olduğu üzə çıxan şəxsin ətrafındakı duman çəkilmək bilmir.
Saxta kimliklə illərdir insanları aldadan bu şəxsin Səbail rayonu, Süleyman Məlikov 1 və Neftçi Qurban 58 küçələrinin kəsişməsində yerləşən, Bayraq Meydanı yaxınlığındakı sirli qərargahına yollandıq. Məqsəd bəzi dairələri imperiya illüziyasına inandıran "beynəlxalq hüquq müdafiəçisi"nin gizli maxinasiyalarını işıq tutmaq idi.
Sözügedən ünvandakı memarlıq üslubu ilə seçilən 4 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofis ilk baxışdan ciddi təhlükəsizlik rejimində fəaliyyət göstərir. Giriş pilləkənlərinin sağ və solunda yerləşdirilmiş qartal fiqurları sadəlövh insanlarda psixoloji üstünlük yaratmaq, adın və məkanın "çəkisini" süni şəkildə artırmaq üçün düşünülmüş vasitədir.

Binanın fasadı və ətrafı çoxsaylı müşahidə kameraları ilə əhatələnib. Hətta ofisin qarşısındakı ağaca belə müasir günəş paneli ilə işləyən xüsusi kamera quraşdırılıb. Binanın gizli giriş-çıxışlarının olması isə xüsusi diqqət çəkir - bu, lazımi anda məkandan sakitcə yayınmaq üçün nəzərdə tutulmuş klassik fırıldaqçı taktikasıdır.
Professional avantüristlər yaxşı bilirlər ki, insanları inandırmaq üçün ilk növbədə özündən böyük görünməlisən. Ad dəyişir, kostyum və lüks avtomobillər yenilənir, amma sxem eyni qalır. Əvvəlcə mif yaradılır, sonra həmin mif satılır. Mifə inananlar isə əllərindən milyonları verir, əvəzində heç bir məna kəsb etməyən təltif, bir o qədər də mənasız, üzərindən pafoslu sözlər yazılmış kağız yığınını alırlar. İnandıqları aradan çıxanda isə həmin kağızlar da qar kimi əriyib əllərindən çıxır, gözləri açılır…
David Seliverstov - Kazım Abbasov cəmiyyəti aldatmaqla kifayətlənməyib, yaratdığı "dünya hökuməti nümayəndəsi" imicinə hətta 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclisin yəhudi əsilli deputatı Anatoliy Rafailovu və onun qardaşı Sergey Rafailovu da cəlb edə bilib. David Seliverstov sosial şəbəkələrdə Sergey Rafailovu təbrik edərkən onun 4 il ərzində "Magen David Azərbaycan" hüquq müdafiəsi və xeyriyyə təşkilatını tam maliyyələşdirdiyini vurğulayır.
O, Rafailovun "Qartal sürünməməli, uçmalıdır" sözlərini deviz tutduğunu və onlara "süni intellekt, yüksək texnologiyalar" üfüqünü açdığını bəlağətlə qeyd edir.
Bunun ardınca isə 100-cü dərəcəli saytlarda "Caspian Infinity Green Energy süni intellekt əsasında hazırlanmış yeni nəsil enerji konsepsiyasıdır" başlıqlı saxta PR materialları tirajlanır. Həmin xəbərlərdə Kazım Abbasov (David Seliverstov) özünü "Caspian Capital Holding"in vitse-prezidenti kimi təqdim edir, "yaşıl enerji və süni intellekt" adı altında reallıqda mövcud olmayan xəyali layihələrin "anonsunu" verir.
Əməkdaşlarımız ofisə daxil olmağa cəhd edərkən qarşılarını David Seliverstovun mühafizəçisi, sonradan kimliyi dəqiqləşdirilən keçmiş polis əməkdaşı Nəsimi İsmayılov kəsib. "David müəllim ölkədə yoxdur, ofisdə də kimsə yoxdur" desə də, həqiqətin tam fərqli olduğu ortaya çıxıb. Bəlli olub ki, həmin vaxt ofisdə David Seliverstovun dəstəkçiləri toplanıb. Hətta bir neçə saytı məkana dəvət edərək, Kazım Abbasovun əsl kimliyini (residivist olmasını) ifşa edən Çingiz Qənizadənin əleyhinə sifarişli çıxışlar təşkil ediblər.

Əməkdaşlarımız qapı açılan anda divarda "Magen David" yazılmış lövhəni müşahidə ediblər. Lakin jurnalistlərin çəkiliş apardığını görən kimi həmin lövhə tələsik divardan sökülərək gizlədilib. Ofisi 3 ilə yaxındır icarəyə verən mülk sahibi olan xanım həmsöhbətimiz David Seliverstov adlı şəxsin heç bir rəsmi şəxsiyyət vəsqəsini görmədiklərini etiraf edib. Residivist Kazım Abbasovla bağlı suallardan yayınıb.
Ofis əməkdaşları David Seliverstovun harada olduğunu gizlətməyə çalışsalar da, onun istifadə etdiyi premium class "Cadillac" markalı avtomobili məkana yaxın ərazidə dayanıb. Jurnalistlərin əraziyə gəlməsindən dərhal sonra avtomobil təcili şəkildə oradan uzaqlaşdırılıb. Bu addımlar suallar doğurub – əgər həqiqətən də, David Seliverstovun, onun ofisininin fəaliyyəti qanunidirsə, realdırsa, niyə ofisə daxil olmağımıza imkan verilmir?
Ofisdə üzərində "Magen David" sözləri yazılan löhvəni bizi görəcək niyə söküb gizlədirlər? Məgər David Seliverstovun, onun ətrafının fəaliyyəti gizlidir? Onun istifadə etdiyi avtomobili niyə ərazidən qaçırırlar? Suallar açıqdır, David Selivestovun səsi isə ölkə xaricindən gəlir. Konkret ittihamlara "vətənpərvər" çıxışları ilə cavab verib geri dönəcəyini anons edir. Bizlərə gözləyib bu saxta, uydurulmuş dərəcələrlə zəngin, ofis qarşısındakı qartal fiqurları ilə qurulan teatrın son pərdəsinin nəticəsinə tamaşa etmək qalır.
E.Məmmədəliyev,
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ