Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin həm siyasi, həm də iqtisadi istiqamətdə yüksək səviyyədə olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Putin bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşdə iki ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.
“Türkiyə həm xarici siyasətdə, həm də iqtisadi sahədə Rusiyanın imtiyazlı tərəfdaşlarından biridir”, – deyə Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, Moskva ilə Ankara arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir və tərəflər irimiqyaslı birgə layihələrin həyata keçirilməsini davam etdirirlər.
Putin bu layihələr sırasında xüsusilə Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu AES-i qeyd edib. O bildirib ki, stansiyanın birinci enerji blokunun bu il istismara verilməsi qarşıya məqsəd qoyulub və bu planın həyata keçiriləcəyinə əmindir.
Akkuyu AES-in birinci enerji blokunda tikinti işlərinin 2026-cı ilin iyununda tamamlandığı, bundan sonra soyuq və isti sınaqlara hazırlıq mərhələsinə keçildiyi açıqlanıb. Rosatom rəhbərliyi də sınaqlar uğurla yekunlaşacağı təqdirdə blokun 2026-cı ildə istismara verilməsini planlaşdırdığını bildirib.
Ərdoğan da görüşdə Akkuyu layihəsinin Rusiya–Türkiyə münasibətlərində böyük əhəmiyyət daşıdığını vurğulayıb və stansiyanın artıq tamamlanma mərhələsində olduğunu deyib. Türkiyə Prezidenti Akkuyudan sonra yeni enerji layihələri üzrə də Rusiya ilə əməkdaşlığın nəzərdən keçirildiyini bildirib.
Görüşdə, həmçinin Rusiya–Türkiyə ticarət-iqtisadi əlaqələri, enerji əməkdaşlığı, Qara dəniz hövzəsindəki vəziyyət və Ukrayna məsələsi müzakirə olunub.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ