İnsanlara hürriyət, millətlərə istiqlal!

Güllələnmə təxirə salınır...

Qarabağda baş verən əksər hadisələrə şahidlik etmiş, evi yandırılmış, az qala üç onillikdir qaçqın həyatı yaşamaqda davam edən biri kimi separatçı dəstəyə cəzaları yüngül hesab edirəm, amma intiqam sahibi dövlətdir!

Prokuror qondarma “Dağlıq Qarabağın keçmiş lideri” Araik Arutyunyana, separatçı birləşmələrin “keçmiş komandanı” Levon Mnatsakanyan və onun “müavini” David Manukyana, qondarma “parlamentin keçmiş sədri” David İşxanyana və “keçmiş xarici işlər naziri” David Babayana ömürlük həbs cəzası tələb edib. “Dağlıq Qarabağ”ın keçmiş başçıları Arkadi Qukasyanla Bako Saakyana isə 20 il həbs cəzası istənib. Daha az cəza istənilənlər də var.

Bəşəriyyət əleyhinə cinayətlər kateqoriyasına aid soyqırım və ya etnik təmizləmə törədildikdə iki mühakimə təcrübəsi var. Birincisi, beynəlxalq məhkəmələr, tribunallardır.

Əlbəttə, şəxsən mən istərdim ki, bu 15 nəfərlik dəstə BMT Beynəlxalq Ədalət və ya Beynəlxalq Cinayət məhkəmələrində mühakimə olunsunlar. Beynəlxalq hüquq da insanlıq əleyhinə çoxsaylı hərbi cinayətlər törətmiş ermənilərin mühakiməsinin daha qlobal qiymətləndirilməsini nəinki tövsiyə, hətta tələb edirdi. Üstəlik, bu cinayətlərlə bağlı Azərbaycanın kifayət qədər də sübutları da var. Həm də bu daxildə baş qaldırmış separatçı hərəkat da deyildi, işğalın və törədilən cinayətlərin arxasında konkret dövlət-Ermənistan vardı. Bu cinayətlərin arxasında Ermənistanın dayandığı haqda ermənilərin özü məhkəmədə çoxsaylı etirafları oldu.

Separatçıların məhkəməsi cəmiyyətdə “Nürünberq prosesi” adlansa da, mühakimə Bakıda keçirilir. Hakimiyyətin bu qərarı əlbəttə ki, doğru idi. Ən azı o səbəbdən ki, Azərbaycanın haqq işini erməni lobbisinin ciddi təsirləri olan beynəlxalq məhkəmələrə etibar etmək olmazdı.

İnanmıram ki, məhkəmənin son hökmü prokurorun istədiyi cəzadan fərqlənsin. 1988-ci ilin fevralın 13-dən(“miatsum” hərəkatının başladığı gün) üzü bəri Qarabağda baş verən əksər hadisələrə şahidlik etmiş, evi yandırılmış, az qala üç onillikdir qaçqın həyatı yaşamaqda davam edən biri kimi bu cəzaları yüngül hesab edirəm.

Azərbaycanda ölüm hökmünün icrası ermənilər Qarabağda azərbaycanlıları öldürməyə başlayandan çox sonra dayandırılıb, 1998-ci ilin fevralından isə ölkəmizdə ölüm cəzası ləğv olunub. Amma ABŞ-də və Avropa Şurasına üzvü olan bir sıra dövlətlərdə hələ də ölüm cəzası qüvvədə qalır. Qanunlar humanistləşdirilib, amma bu qatillər heç vaxt humanist olmayıblar axı... Məhkəmədə onların vəhşiliklərinin canlı şahidləri danışdılar, olmazın işgəncələr veriblər bizim əsirlərə. Halbuki əsirlərlə davranışlarla bağlı beynəlxalq konvensiyalar var. Bəs bu konvensiyalar, humanizm niyə onların yadına düşməyib? Ritorik suallardır, elə o məhkəmənin hökmünü gözləyənlər də bunun cavabını yaxşı bilirlər...

Ömürlük cəza istənilən Araik Arutyunyan 1973-cü ildə Xankəndidə doğulub, yəni Qarabağ hadisələri başlayanda 15 yaşı olub. Amma diqqət edin, o yaşa kimi azərbaycanlılardan bir pislik görməyən erməni törəməsi 1992-ci ildə artıq Qarabağda silahlı birləşmələrə qoşulub azərbaycanlıların qanını axıtmağa başlayıb. Demək, bu adamı ailədə əvvəldən azərbaycanlılar qarşı nifrətlə bəsləyiblər ki, 19 yaşında olanda artıq əlinə silah alıb. Araik Gəncənin bombalanmasına şəxsən əmr verdiyini danmır.

Sonrakı illərdə qondarma “DQR”in baş naziri (14 sentyabr 2007 – 2017), dövlət naziri (2017–2018) və “prezidenti” (2020 – 2023) olub. Araikdən əvvəl separatçı rejimə başçılıq edənlərdən Robert Köçəryan (1994-1997) və cəmi 5 ay Azərbaycana qarşı xain rejimə xidmət göstərmiş Leonard Petrosyanda başqa hamısı indi Bakıda həbsdədir.

Prokurorların separatçıların rəhbəri olmuş Arkadi Quqasyana (1997-2007) və Bako Saakyana( 2007-2020) 20 illik həbs cəzası istəməsinin səbəbi də humanizm və beynəlxalq konvensiyalara görədir. Çünki qanunvericilik 65 yaşdan yuxarı şəxslərə ömürlük həbs cəzası verilməsini yasaqlayır. Azərbaycan xalqına bunca düşmənçilik et, sonra isə ömürlük cəzadan humanist prinsiplərə görə qurtul. Biz qanun çərçivəsindən kənarda belə yenə humanist xalqıq. Amma heç vaxt ermənin kim olduğunu unutmamalıyıq...

Bu dəstə əlbəttə ki, dövlətə və xalqa qarşı cinayətlərə görə layiqli cəzalarını alacaq, elə Ruben Vardanyan da. Çünki intiqam sahibi dövlətdir...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR