Onlayn ictimai-siyasi qəzet
Müasir avtomobillər artıq sadəcə nəqliyyat vasitəsi deyil. Kamera, mikrofon, sensor və internet bağlantısı ilə təchiz olunan bu maşınlar ətraf mühit, hərəkət marşrutları və məkan haqqında müxtəlif məlumatlar toplaya bilir. Bu imkanlar rahatlıq yaratsa da, məxfi hərbi obyektlər baxımından təhlükəsizlik risklərini də gündəmə gətirir.
Musavat.com xəbər verir ki, Türkiyə, Polşa və Almaniya kimi ölkələrdə xarici mənşəli, xüsusilə də məlumat toplama imkanlarına malik avtomobillərin hərbi və digər xüsusi mühafizə olunan obyektlərə girişinə məhdudiyyətlər tətbiq olunur. Türkiyənin ASELSAN, ROKETSAN, HAVELSAN və TUSAŞ Motor Sənayesi (TEI) müəssisələrinin də xarici elektrikli avtomobillərin ərazilərinə girişini təhlükəsizlik səbəbindən məhdudlaşdırdığı bildirilir.
TEI-nin baş direktoru Mahmut Faruk Akşit nəqliyyat vasitələrindəki kamera və sensorların ətraf ərazinin xəritəsini çıxarmaq imkanına malik olduğuna diqqət çəkib. “Türkiye” qəzetinin məlumatına görə, o, bu avtomobillərin topladığı məlumatlara nəzarət edə bilməmələrinin ciddi təhlükəsizlik riski yaratdığını bildirib.
Polşa ordusu 2026-cı ilin fevralında Çin istehsalı olan avtomobillərin mühafizə olunan hərbi obyektlərə girişini qadağan edib. Qərarın kamera, mikrofon, məkan təyini və məlumat toplama sistemlərinin yarada biləcəyi kəşfiyyat riskləri ilə əlaqədar olduğu bildirilir. Hərbi qulluqçuların xidməti telefonlarını Çin istehsalı avtomobillərin multimedia sistemlərinə qoşmasına da qadağa qoyulub.
Almaniyada isə Çin istehsalı olan bəzi avtomobillərin hərbi və kəşfiyyat obyektlərinin dayanacaqlarına girişinə icazə verilmir. Belə nəqliyyat vasitələrinin sürücüləri başqa park zonalarına yönləndirilir.
Bəs Azərbaycanda bu məsələ ilə bağlı vəziyyət necədir? Müasir avtomobillərin məlumat toplama imkanları ölkəmizdəki hərbi obyektlər üçün də təhlükə yarada bilərmi?
Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a açıqlamasında bildirib ki, məxfi hərbi obyektlərin təhlükəsizliyi baxımından bu cür avtomobillərin hətta həmin ərazilərin yaxınlığında saxlanılması da riskli ola bilər.
Onun sözlərinə görə, müasir avtomobillər ətraf mühit haqqında məlumat toplaya, bu məlumatlar isə hərbi obyektlərin məxfiliyinə təhlükə yarada bilər:
“Belə avtomobillərin hərbi obyektlərə daxil olmasına imkan verilməməlidir. Çünki bəzi obyektlər tam məxfidir, hərbi hissələr də qapalı ərazilərdir. Hesab edirəm ki, bu cür maşınları hərbi obyektlərin yaxınlığında saxlamaq belə düzgün deyil. Onlar müxtəlif məlumatları, o cümlədən əməliyyat xarakterli məlumatları toplaya bilərlər. Buna görə də düşünürəm ki, Azərbaycan ordusunda da belə avtomobillərin hərbi obyektlərin yaxınlığında saxlanılmasına imkan verilməz”.
R. Məhərrəmov bu məsələdə rəsmi qadağanın olub-olmamasına da münasibət bildirib. O qeyd edib ki, hərbi obyektlərin təhlükəsizliyi ilə bağlı bütün qaydaların ictimaiyyətə açıqlanması zəruri deyil:
“Rəsmi qadağa məsələsinə gəlincə, bunu açıq şəkildə elan etməyə bilərlər. Bu, Müdafiə Nazirliyinin daxilində həll olunan məsələdir. Müdafiə Nazirliyi qapalı qurumdur və onun tərkibində çoxlu məxfi, tam məxfi obyektlər var. Həmin obyektlərin yerləşdiyi yerlər müəyyən edilə bilməz, cəmiyyətdən və digər mənbələrdən gizli saxlanılır.
Bu, təkcə Azərbaycana aid deyil. Türkiyədə, İranda və digər dövlətlərdə də belə yanaşma mövcuddur. Məxfilik rejimini qoruyan aidiyyəti qurumlar var. Məxfi yazışmalar və məlumatlar da müvafiq nəzarət mexanizmlərindən keçir. Tam məxfi obyektlərə isə ümumiyyətlə, kənar şəxslərin yaxınlaşmasına imkan verilmir”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, avtomobillərin kamera, səs yazısı və məkan təyini imkanları ilə bağlı məhdudiyyətlər bəzi ölkələrdə artıq tətbiq olunur.

Ekspertin sözlərinə görə, ötən il İsraildə də belə nəqliyyat vasitələrinin xüsusi qorunan və məxfi ərazilərə daxil olması qadağan edilmişdi. Həmin obyektlərdə çalışan əməkdaşlara da video və səs yazısı aparan, eləcə də məkan məlumatlarını qeydə alan avtomobillərlə əraziyə gəlməmələri barədə xəbərdarlıq edilmişdi.
“İndi göründüyü kimi, Türkiyədə də bu məsələ gündəmə gəlib. Azərbaycanda isə hələlik belə bir məsələ müzakirəyə çıxarılmayıb və bununla bağlı hər hansı qadağa mövcud deyil. Həqiqətən də bəzi ölkələrdə istehsal olunan avtomobillər ətrafdakı səs və görüntüləri gizli kameralar vasitəsilə qeydə ala bilir”, - deyə Eldəniz Cəfərov bildirib.
Şahanə Rəhimli,
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ