İnsanlara hürriyət, millətlərə istiqlal!

Donbasdan Alanyaya - Böyük təhlükənin siqnalı

Rusiyalı və ukraynalı turistlərin Türkiyənin məşhur istirahət mərkəzi Alanyada əlbəyaxa olması müharibənin yalnız hərbi və siyasi nəticələrlə məhdudlaşmadığını bir daha göstərdi. İlk baxışdan bu hadisəni turistlər arasında baş vermiş adi məişət münaqişəsi kimi qiymətləndirmək mümkündür. Lakin tərəflərin hansı ölkələrin vətəndaşları olması hadisəyə daha fərqli prizmadan baxmağı zəruri edir. Çünki söhbət hazırda dünyanın ən uzunmüddətli və dağıdıcı müharibələrindən birinin tərəfləri olan iki xalqın nümayəndələrindən gedir.

Musavat.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi artıq beşinci ilə yaxınlaşdıqca onun yaratdığı psixoloji, sosial və humanitar nəticələr də dərinləşir. Döyüş meydanında baş verənlər yalnız hərbi xəritələri dəyişmir, eyni zamanda, milyonlarla insanın dünyagörüşünə, münasibətlərinə, yaddaşına və bir-birinə baxışına təsir göstərir.

Cephedeki savaş Alanya'ya taşındı: Rus ve Ukraynalı turistler birbirine  girdi - Sözcü

Rusiya və Ukrayna nümunəsində bu proses xüsusilə mürəkkəbdir. Çünki iki xalqın tarix, dil, mədəniyyət və ailə bağları baxımından bir-birinə yaxınlığı müharibənin yaratdığı parçalanmanı daha ağrılı edir. Münaqişənin nəticəsində milyonlarla insan doğma şəhərini, evini, yaxınlarını və əvvəlki həyat tərzini itirib. Bu səbəbdən Ukrayna vətəndaşı üçün rusiyalı turistlə qarşılaşma, rusiyalı üçün isə ukraynalı ilə ünsiyyət bəzən sadəcə iki fərqli ölkənin vətəndaşlarının görüşü olmaya bilər. Qarşı tərəfin simasında müharibə, itki, dağıntı, məcburi köç, yaxınını itirmiş ailə və illərlə formalaşmış emosional travma görünə bilər.

Alanyadakı insidentin müharibə edən iki ölkə vətəndaşları arasında baş verməsi müharibənin yaratdığı sosial gərginliyin beynəlxalq mühitdə necə özünü göstərə biləcəyi barədə ciddi siqnaldır. Əsas təhlükə hadisələrin dünyanın digər dövlətlərində də təkrarlanması ehtimalının olmasıdır. Belə hadisələrin təkrarlanması artıq başqa mənzərə yarada bilər. Rusiyalı və ukraynalı turistlərin eyni məkanlarda çoxluq təşkil etdiyi Türkiyə, Gürcüstan, Kipr, Misir, Birləşmiş Ərəb Əmirlikləri və digər turizm istiqamətlərində oxşar qarşıdurmaların baş verməsi mümkündür. Əgər belə hadisələr sosial şəbəkələrdə geniş yayılarsa, bir ölkədə baş verən insident digər ölkələrdə də emosional reaksiyalara səbəb ola bilər.

Bu zaman adi məişət münaqişəsi milli və siyasi xarakter ala, sosial şəbəkələrdə qarşılıqlı təhqir kampaniyalarına çevrilə və daha ciddi qarşıdurmalar üçün zəmin yarada bilər. Bu uçurumun dərinləşməsi müharibənin ən uzunmüddətli nəticələrindən biri olar.
Bu ehtimal xüsusilə müharibənin uzandığı və cəmiyyətlərdə emosional gərginliyin yüksək olduğu dövrdə diqqətdən kənarda saxlanılmamalıdır. Ona görə də müharibənin yaratdığı düşmənçiliyin başqa ölkələrdə yaşayan və ya istirahət edən insanlar arasında fiziki qarşıdurmalara çevrilməsinin qarşısını almaq vacibdir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR