Onlayn ictimai-siyasi qəzet
Bakı-Moskva arasında siyasi təmasların intensivliyi diqqətdən yayınmır. Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığı iki ölkə arasında münasibətlərin yenidən canlandığını göstərir.
Bu təmas yalnız ayrı-ayrı məsələlərin müzakirəsi kimi deyil, Azərbaycan-Rusiya münasibətlərində qarşılıqlı maraqların və yeni reallıqların müzakirə edildiyi diplomatik xəttin davamıdır. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, Putinlə Əliyev arasında telefon danışığından əvvəl Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsində qısa görüş baş tutmuşdu. Yəni diplomatik təmasların ardıcıllığı artıq müəyyən siyasi dinamikanın formalaşdığını göstərir. Bişkekdə başlayan birbaşa kontakt telefon danışığı ilə davam etdirilir. Görünən odur ki, Bakı-Moskva münasibətlərində diplomatik kanallar yenidən fəallaşır
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə hesab edir ki, Moskvadan Azərbaycana qarşı informasiya müstəvisində azalması müşahidə olunur:
“Halbuki əvvəllər Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi Rusiyanın bəzi kütləvi informasiya vasitələrində və ekspert dairələrində hədəfə alınırdı. Bu anti-Azərbaycan ritorikasının müəyyən hallarda Rusiyanın siyasi dairələrindən qaynaqlandığı açıq şəkildə görünürdü. İndi vəziyyət dəyişib, Azərbaycan Rusiya ilə hər hansı problem yaşamaqda maraqlı deyil. Bakı qarşılıqlı etimad, hörmət və milli maraqlar əsasında Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır. Görünür, mövcud böhranın aradan qaldırılması istiqamətində Moskva da müəyyən addımlar atmağa çalışır. Putinin zəngi bu baxımdan mühüm siyasi jestdir”.

Onun sözlərinə görə, Rusiya ciddi geosiyasi və iqtisadi çağırışlarla üz-üzədir: “Ukraynada müharibə davam edir, Ermənistanla münasibətlərdə böhran var... Azərbaycan isə müstəqil xarici siyasət yürüdən və regional proseslərdə mühüm rol oynayan orta gücdür. Bakı heç bir dövlətin Azərbaycan üzərindən geosiyasi qarşıdurma aparmasına imkan vermir. Eyni zamanda, Azərbaycanın siyasəti əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Rusiya da Azərbaycanın formalaşdırdığı yeni geosiyasi və nəqliyyat platformalarından faydalana bilər. Xüsusilə yeni nəqliyyat marşrutları Rusiyanın regional və beynəlxalq ticarət imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər. Ümid edirik ki, bundan sonra Azərbaycan-Rusiya münasibətləri daha stabil və normal müstəvidə inkişaf edəcək. Lakin qarşıdakı mərhələdə Rusiyanın dəyişən geosiyasi reallıqları nə dərəcədə qəbul edəcəyi mühüm məsələ olaraq qalır. Biz görürük ki, Moskva bir tərəfdən Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasını istəyir, digər tərəfdən isə zaman-zaman köhnə yanaşmalardan tam şəkildə uzaqlaşa bilmir. Ona görə də Azərbaycanla münasibətlərin sağlam əsasda inkişaf etdirilməsində əsas siyasi məsuliyyət Moskvanın üzərinə düşür”.
Cavanşir Abbaslı
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ