İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı tələbənin 25 500 manatlıq təhsil haqqı niyə ödənilmədi? – RƏSMİ AÇIQLAMA

Melburn Universitetində bədii və sənədli filmlər üzrə prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusiflinin təhsil haqqının ödənilməsilə bağlı yaranmış problem Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nəzarətinə götürülüb.

Agentlikdən Musavat. com-a bildirilib ki, Afaq Yusiflinin təhsil haqqı qismən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilirdi:

"Nazirlik bu istiqamətdə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsil haqqının ödənilməsində problem yaranmışdı.
Artıq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin tərəfindən vəsaitin qalan hissəsinin də ödənilməsi üçün lazım olan addımların atılmasına başlanılıb. Məsələ ən qısa zamanda tam həllini tapacaq".

Qeyd edək ki, Melburn Universitetində təhsil alan azərbaycanlı tələbə Afaq Yusifli təhsilinin yarımçıq qalmaq təhlükəsi ilə üz-üzə qaldığını açıqlayıb.

Bədii və sənədli filmlər üzrə prodüserlik üzrə magistr təhsili alan Afaq universitetdən artıq dördüncü xəbərdarlığı aldığını bildirib.

Tələbənin sözlərinə görə, təhsil haqqının bir hissəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı, digər hissəsi isə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanır. Lakin quruma onun təhsil haqqı üçün ayrılmış 25 500 manatı martdan etibarən universitetə köçürülməyib.

Afaq bildirib ki, İttifaqın sədri Rasim Balayevin vəfatından sonra ödəniş sənədlərinin imzalanması ilə bağlı yaranan problemlər prosesin aylarla uzanmasına səbəb olub:

"2026-cı ilin martında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin vəfatından sonra ödəniş prosesi dayandı. Ödəniş sənədlərini imzalamaq səlahiyyətinə malik şəxsin vəfat etməsi prosesin həyata keçirilməsinə mane oldu. Martdan bu günə qədər isə məsələ həll olunmayıb. İttifaqda seçkilərlə bağlı prosesin uzanması və yaranan digər maneələr səbəbindən artıq aylar keçib. Hazırda İttifaqda olan vəsaitin mənim şəxsi hesabıma köçürülməsi variantına da razılıq verilib. Lakin bu dəfə də universitetdə hüquqi məsələ yaranıb. Çünki mən Avstraliyaya viza alarkən təqdim etdiyim rəsmi sənədlərdə təhsil haqqımın müvafiq qurumlar tərəfindən ödəniləcəyi göstərilir".

Şahanə Rəhimli
Musavat. com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR