İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın “Tramp kabusu” NATO-nu da sarsıdır: “Qoca qitə” ABŞ-ın geopolitik “qəfəs”indən qaçır

Ağ Evin sərt təzyiqlərinin nəticəsində Avropa Birliyi ABŞ-la ənənəvi strateji ittifaqdan uzaqlaşaraq, daha müstəqil mövqe tuta və NATO daxilində dərin fikir ayrılıqları hərbi-siyasi böhran yarada bilər... Ona görə də, Avropa ölkələri “qoca qitə”nin gələcək taleyini müəyyən etmək üçün hazırda daha sərt, həm də müstəqil xarakterli qərarlar verməli olduqları geopolitik mərhələyə sürətlə yaxınlaşırlar...

ABŞ-ın yeni geopolitik strategiyası Avropa ölkələrini olduqca ciddi geostrateji seçim qarşısında qoyub. Belə ki, Ağ Ev sahibi Donald Trampın ikinci hakimiyyət dönəmində yürütdüyü xarici siyasət kursu Avropa Birliyində uzun illərdən bəri müzakirə olunan, ancaq siyasi iradə çatışmazlığı səbəbindən ləng irəliləyən iki önəmli prosesi ciddi şəkildə sürətləndirib. Və indi “qoca qitə” ölkələri ABŞ-la qarşılıqlı münasibətlərdə texnoloji suverenlik, eləcə də strateji təhlükəsizlik müstəqilliyi qazanmaq istiqamətində geopolitik axtarış içərisindədirlər.

Onu da qeyd etmək lazımdır ki, uzun onilliklər ərzində Avropa məkanının təhlükəsizlik arxitekturası məhz ABŞ-ın hərbi gücü, NATO çərçivəsindəki liderliyi və transatlantik əməkdaşlıq modeli üzərində qurulub. Eyni zamanda, rəqəmsal sahədə ABŞ şirkətləri Avropa bazarında dominant mövqeyə sahibdirlər. Ancaq son illərdə Ağ Evin xarici siyasətdə daha sərt və yalnız ABŞ-ın maraqlarına bağlı kursa yönəlməsi Avropa Birliyi üçün önəmli olan bəzi problemlərin həllinin vacibliyini aktuallaşdırıb. Və indi Avropa ölkələri gələcəkdə təhlükəsizliklərini, eləcə də, texnoloji infrastrukturu ABŞ-dan asılı vəziyyətdə saxlamağın yolverilməz olduğunu anlayırlar.

Üstəlik, hazırda bu problem artıq sadəcə, iqtisadi müzakirə mövzusu deyil. Çünki Avropanın siyasi elitasında bu məsələ getdikcə, daha çox geopolitik risk və geostrateji asılılıq problemi kimi qəbul olunur. Yəni, ABŞ-ın müqayisə olunmaz səviyyədə texnoloji üstünlüyü Avropa məkanında ciddi narahatlıq yaradır. Belə ki, ABŞ son onilliklərdə süni intellekt, bulud texnologiyaları, məlumat infrastrukturu, yarımkeçiricilər və rəqəmsal platformalar sahəsində qlobal səviyyəli üstünlük əldə edib. Və hazırda Avropanın ən böyük şirkətləri, eləcə də, rəsmi dövlət qurumları bir çox kritik sistemlərdə məhz ABŞ mənşəli texnologiyalardan istifadə etməyə məcburdur.

d59c599d-7697-43fc-8594-d71be5878518.jpg (162 KB) 

Ancaq eyni zamanda, ABŞ-ın bu texnoloji imkanlarının Ağ Evin xarici siyasət alətinə çevirə biləcəyi ilə bağlı ehtimallar Avropada yeni və fəqrli yanaşmanın yaranmasına da səbəb olur. Belə ki, əvvəllər Fransanın öncüllük etdiyi və Avropa ölkələrinin həssas məlumatlarının dövriyyəsinin ABŞ serverlərindən asılılığını azaltmağı nəzərdə tutan təşəbbüslər bəzi ölkələr tərəfindən daha çox iqtisadi rəqabət prosesi kimi qiymətləndirilirdi. Xüsusilə də, daha liberal bazar mövqeyinə malik dövlətlər belə addımların ABŞ-la texnoloji əməkdaşlığa zərər verəcəyindən ehtiyat edirdilər. Və hazırda beynəlxalq münasibətlərdə dəyişən geopolitik dinamika Avropa ölkələrinin bu yanaşmasına da artıq fəqrli məzmun yükləməyə başlayıb.

Buna paralel olaraq, ABŞ-ın müəyyən texnologiyalara, xüsusilə də, süni intellekt və yarımkeçiricilər sektoruna ixrac məhdudiyyətləri tətbiq etməsi Avropa ölkələrində belə bir qənaəti gücləndirib ki, müasir texnologiyalar artıq yalnız biznes sahəsi deyil, bu, həm də qlobal güc mübarizəsinin əsas faktorudur. Yəni, Ağ Ev sahibi Donald Trampın xarici siyasət kursu Avropa ölkələrinin geostrateji düşüncə tərzini də ciddi şəkildə dəyişməyə başlayıb. Və ABŞ prezidenti Donald Trampın ikinci hakimiyyət dönəmində transatlantik münasibətlərdə yaranan qeyri-müəyyənlik bu prosesin intensivləşməsinə əlavə təkan verir.

Məsələ ondadır ki, Ağ Ev sahibinin “Amerikanın maraqları ön planda olmalıdır” məzmunlu siyasi tezisi Avropa məkanında uzun illər ərzində formalaşmış siyasi təsəvvürləri tamailə sarsıdıb. Çünki Avropa məkanının təhlükəsizlik sisteminin əsas dayaqlarından biri hələ də məhz ABŞ-ın qlobal liderliyinə və NATO daxilindəki avanqard roluna bağlıdir. Ancaq Tramp administrasiyasının indi Avropadan təhlükəsizlik üçün daha böyük maliyyə xərcləri və müdafiə məsuliyyəti tələb etməsi, ABŞ-ın “qoca qitə”dəki hərbi mövcudluğunu yenidən nəzərdən keçirməsi Brüsseldə yeni strategiyanın hazırlanma məcburiyyəti yaradır.

bfa254c39c8326618527f1dbd22c68f4.jpg (474 KB) 

Çünki əgər, Ağ Ev həqiqətən də Almaniya, İtaliya və İspaniya kimi ölkələrdəki ABŞ hərbi kontingentini azaltmağa başlayarsa, bu, İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal təhlükəsizlik sistemində ciddi dəyişikliklərə yol aça bilər. Ən azından ona görə ki, indiyədək Avropa ölkələri müdafiə məsələlərində böyük ölçüdə məhz ABŞ-ın “strateji təhlükəsizlik çətiri”nə güvənirdi. Və hazırda isə Avropa ölkələri ilk dəfə olaraq, “ABŞ olmadan təhlükəsizlik” ssenarisini daha ciddi şəkildə müzakirə etməyə məcbur qalmış kimi görünürlər.

Digər tərəfdən, ABŞ və Avropa ölkələri arasında yaranan ciddi fikir ayrılıqlarının önəmli örnəklərindən biri də məhz Qrenlandiya böhranı hesab olunur. Belə ki, ABŞ-ın Arktika regionuna getdikcə artan marağı, prezident Donald Trampın Qrenlandiyanın gələcək taleyi ilə bağlı aqressiv açıqlamaları Danimarkayla yanaşı, digər Avropa ölkələrində də Ağ Evin uzunmüddətli geostrateji məqsədləri barədə ciddi suallar yaradıb. Yəni, əvvəllər ABŞ-ın texnologiya və təhlükəsizlik sisteminə inteqrasiyanı dəstəkləyən bəzi Avropa dövlətləri indi artıq daha ehtiyatlı mövqe tutmağa başlayıblar.

Ona görə də, əslində, indi bu dəyişikliklər onu göstərir ki, Avropada ABŞ-a münasibət artıq yalnız “müttəfiqlik” anlayışı ilə deyil, həm də “asılılıq riskləri”nin doğurduğu təhlükəli situasiya prizmasından qiymətləndirilir. Bununla belə, Avropa Birliyi hazırda hələlik ABŞ-la münasibətlərdə tam qarşıdurma və yaxud da uzaqlaşma xəttinə həvəs göstərmədiyini də biruzə verir. Yəni, Avropa Birliyinin indi əsas məqsədi ABŞ texnologiyalarından birdəfəlik imtina etmək deyil. Çünki Avropa Birliyinin qısa müddətdə “qoca qitə” ölkələrinin bütün önəmli texnoloji sahələr üzrə ehtiyaclarını alternativ qaynaqlar üzərindən tam təmin etməsi mümkün görünmür.

4447df91-5887-47e0-a02c-cb640996ee21.jpg (204 KB) 

Ona görə də, bütün bu önəmli faktorlar yeni dünya düzənində Avropa ölkələrinin ehtimal olunan rolunu neqativ məzmunda dəyişə bilər. Çünki Tramp administrasiyasının xarici siyasət kursu əslində, qlobal güc balansında daha böyük dəyişikliklərin baş verməsinə yönəlik prosesin tərkib hissəsidir. Xüsusilə də, Ağ Evin əsas diqqətini daxili problemlərə və ABŞ-ın Çinlə rəqabətinə daha çox yönəltməsi Avropa Birliyini öz prioritetlərini yenidən düşünməyə vadar edir. Eyni zamanda, Rusiya ilə davam edən kəskin qarşıdurma və Ukrayna savaşı Avropa Birliyini təhlükəsizlik məsələlərində daha fəal olmağa məcbur buraxır.

Görünüdüyü kimi, hazırda Avropa ölkələrinin qarşısında tarixi, həm də olduqca taleyüklü strateji seçim dayanır. Yəni, “qoca qitə” ölkələri ya əvvəlki kimi, ABŞ-ın siyasi və hərbi liderliyi altında qalacaqlar, ya da daha müstəqil qlobal güc mərkəzinə çevrilməyə çalışacaqlar. Halbuki, Ağ Ev sahibi Donald Trampın siyasəti paradoksal şəkildə Avropa məkanında ABŞ-dan daha çox uzaqlaşmaq ideyasını ciddi şəkildə gücləndirir. Və ABŞ Avropa Birliyindən daha çox məsuliyyət tələb etdikcə, “qoca qitə” ölkələri öz texnoloji, iqtisadi və hərbi imkanlarını mümkün qədər artırmaq məcburiyyətinə məhkum olurlar.

Belə anlaşılır ki, bu prosesin nəticəsində Avropa Birliyi ABŞ-la ənənəvi strateji ittifaqı qoruyaraq, daha müstəqil mövqe tuta, yaxud da NATO daxilində dərin fikir ayrılıqları hərbi-siyasi böhran yarada bilər. Halbuki, müasir dövrün yeni geopolitik mərhələsində texnologiya, enerji və təhlükəsizlik sahələrində asılılıq əvvəlki kimi məqbul hesab edilmir. Və ona görə də, Avropa ölkələri gələcəyi müəyyən etmək üçün daha sərt, həm də müstəqil xarakterli qərarlar verməli olduqları mərhələyə sürətlə yaxınlaşırlar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR