İnsanlara hürriyət, millətlərə istiqlal!

2 saatlıq canı olan BİC “dövlət” – Azərbaycanın qisas niyyəti olsaydı...

Vaxtaşırı “sülh çuxası” geyən Nikol Paşinyan dünən yenə “nala-mıxa” vurub, havaya girib, sayıqlayıb. Bu, guya hələ ermənilərin ən ağıllısı, ən adekvatı, ən mötədilidir.

“Azərbaycan deyir ki, 30 ildə mənə yaşatdıqlarınızı mən də sizə yaşadacam. Qisas alacağam. Bu, öhdəsindən gəlməli olacağımız ən böyük problemdir” - Paşinyanın sözləridir.

Yenə tipik erməni xisləti, xəstə təfəkkürdən doğan növbəti sərsəm iddia. Hayların Azərbaycana şər atmaq, Türkün “vəhşi” obrazını yaradıb onu bəşəriyyətin gözündə qaralamaq mərəzi beləcə, bitmək bilmir...

Xain xoflu olar. Əvvəla, Azərbaycan qisasçı, kinli dövlət olsaydı, 44 günlük müharibədən az sonra Ermənistana beynəlxalq hüquqa uyğun, 5 bənd əsasında sülh sazişi təklif edərdimi? İrəvanı sərhədləri açmağa, normal qonşular kimi yaşamağa, iki xalq arşında düşmənçilik səhifəsini qapatmağa israrla çağırardı?

Nikol “qisas” nəyə deyir? Hələ də işğal altında olan 4 kəndimizin qaytarılmasını tələb eləməyimizə? Qanuni torpaqlarımızda törətdiyi talançılığa, qandonduran vandallığa görə təcavüzkardan təzminat istəməyimizə? Soyqırımlarına, etnik təmizləmələrə görə ermənilərdən üzr tələb etməyimizə? Dünyanın hansı yerində işğalçının başını tumarlayırlar, Paşinyan bircə nümunə gətirə bilər?

Bəlkə o, Qarabağdan erməni əhalinin könüllü köçünü nəzərdə tutur? Nəyi ki, sırtıqcasına “etnik təmizləmə”, hətta “soyqırımı” kimi qələmə verməyə çalışırlar. Köç ki, cəmi 9 ay öncənin olub. Daşdan keçən yetərli dəlil-sübut da ortada. Bu necə “soyqırımı”dır ki, erməninin mənfur soyuna zərrəcə zərər dəyməyib, bir mülki sakinin belə burnu qanamayıb?!.

Ermənistanın Qərb dünyasındakı havadarları da gördü ki, Azərbaycan dövləti separatçılarla bağlı amnistiyaya belə hazırdır (təbii ki, ağır cinayət törədənlər istisna olmaqla), bir şərtlə, konstitusiyamızı və bayrağımızı qəbul eləsinlər. Bundan ötrü xüsusi portal da yaradılmışdı. Görünür öz işlərini, günahlarını yaxşı biliblər, qalmağa üzləri olmayıb.

Hələ onu demirik ki, yalandan vay-şivən qoparıb “blokada” tamaşası oynanılan vaxt Azərbaycan Qarabağdakı erməni əhaliyə ərzaq dolu TIR-lar göndərmiş, guya aclıq keçirən ermənilər isə ondan imtina eləmişdilər. Qisas bumu yoxsa?..

Sonra. Ermənistan üzərində əzici hərbi üstünlüyə malik Azərbaycan istəsə, Paşinyanın imza atdığı kapitulyasiya sənədinin (10 noyabr 2020) 9-cu bəndinə də istinad etməklə bir neçə saata Zəngəzur dəhlizinə nəzarətə götürər, Naxçıvan qarışıq, qardaş Türkiyə ilə birbaşa quru əlaqəni bərpa edər. Ancaq sülhpərvər ölkə kimi illərdir yenə səbir göstərir, dinc danışıqları üstün tutur.

Yeri gəlmişkən, Zəngəzur dəhlizi - Azərbaycandan Azərbaycana maneəsiz keçid Azərbaycan xalqının ən azından mənəvi haqqıdır. Çünki Naxçıvan materik hissədən zorla, Azərbaycan xalqının iradəsi əleyhinə qoparılaraq Ermənistana birləşdirilib (1920-ci ilin noyabrı – kapitulyasiya sənədindən düz 100 il öncə!)

Doğru, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Bu, 5 prinsip əsasında sülh təklifində də əksini tapıb. Amma beynəlxalq hüquq anklavla maneəsiz əlaqəni də tam mümkün sayır. Məsələn, Kalininqrad təcrübəsi var. Litva ərazisindən keçən bu dəhliz Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra da qapadılmayıb...

Yerdə nə qaldı? Bəlkə Nikol 80-ci illərin sonlarında Ermənistandan zorla qovulan 350 minlik azərbaycanlıların öz dədə-baba yurdlarına dönmək arzusunu qisasın təzahürü hesab edir?

Qisas, revanş hissi ilə yaşayan hansı tərəfdir? Öz konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı bəndləri çıxarmaq istəməyən, əksinə, altdan-altdan silahlanıb müharibəyə hazırlaşan, bu niyyətlə Fransa və Hindistandan ölümcül silahlar alan, “dəmir qapaz”dan sonra da dinc durmayıb sərhədlərimizi daim atəşə tutan Ermənistan, yoxsa öz ərazi bütövlüyünü və suverenliyini bərpa elədikdən sonra da Qafqazın bu saxta, “bic” dövlətinə qaşı heç bir torpaq iddiası olmayan, ümumiyyətlə, SSRİ dağılandan sonra Ermənistan ərazisinə girməyən Azərbaycan?

Güney Qafqazda yeganə kinli, xəbis, nankor toplumun adı hamıya və çoxdan məlum. Öz adınızı bizə qoymayın! Nəhayət, adam olun. Normal millət olub millətlər cərgəsinə qoşulmaq haqda düşünün! Əks halda, zəlalət və qarabasmalar sizi tərk etməyəcək...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR