İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsioner icra başçısının cəzası azaldıldı - 1 ilə azadlığa çıxır

Ali Məhkəmədə Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin kassasiya şikayəti üzrə qərar verilib.

Musavat.com xəbər verir ki, məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib.

Qərara əsasən, Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib. Azərbaycanda məmurların, xüsusən də icra başçılarının kassasiya instansiyasına şikayət verib geri götürmələri praktikası geniş yayılıb. Mahir Quliyev də bu mənada istisna deyil. O, Şirvan Apellyasiya Məhkəməsinin qərarından sonra 2023-cü ilin avqustunda Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. O zaman Mahir Quliyev barəsində bəraət qərarı çıxarılmasını istəyirdi. Sonradan isə şikayətini geri götürmüşdü. Mahir Quliyevin cəzasının 8 ilə endirilməsi onun azadlığa çıxma şansını artırır. O, 2025-ci ildə cəzasının azadlığın məhdudlaşdırılması növündə çəkməsi ilə bağlı müraciət edə bilər. Bu halda Mahir Quliyevin ayağına elektron qolbaq bağlayıb cəzaçəkmə yerindən evinə yola sala bilərlər.

2026-cı ildə Mahir Quliyevin cəzasının şərti hesab edilməsi ilə bağlı məhkəməyə müraciət hüququ yaranır. Bu hüquqdan da yararlansa, ayağındakı elektron qolbağı açıb sabiq başçının sərbəst hərəkətinə geniş imkanlar açıla bilər. Biləsuvarda Həsən kişinin yeyilmiş haqqı da beləcə Azərbaycan məhkəmələrində itib batar...

Xatırladaq ki, Mahir Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. 1958-ci il təvəllüdlü Mahir Quliyev 2006-2011-ci illərdə Astaranın, 2011-ci ildən həbs olunana qədər isə Biləsuvar rayonunun icra başçısı olub. Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb.

Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları DTX əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev 9 il, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 6 il, Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov 8 il 6 ay, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev isə 10 il azadlıqdan məhrum edilib. Nizaməddin Quliyev hökmdən az sonra koronavirusa yoluxub və 2021-ci il sentyabrın 5-də vəfat edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR