İnsanlara hürriyət, millətlərə istiqlal!

Uçan boşqablar sosiologiyası

Sosial Tədqiqatlar Mərkəzində sosial elmlərin vəziyyəti ilə bağlı yığıncaq olub, mərkəzin sədri, deputat Zahid Oruc deyib: “Ölkəmizdə sosiologiya indeksi üzrə alimlər çox azdır. Ən tanınmış elm adamımızın 85 yaşı var. Orta nəsli barmaqla saymaq olar. Geri qalmış sahələrdən biri də sosiologiyadır və heç vaxt diqqət mərkəzində olmayıb.”

Doğru deyirmi? Mən bilmirəm. Çünki azərbaycanlı sosioloqların rəyləri qabağıma çıxanda adətən oxumuram. Niyə oxuyum ki? Onlar cəmiyyətdən uzaq adamlardır. 

Bax, problemin kökü əslində elə buradadır: cəmiyyətdən uzaq düşmək. Sosiologiya - adından göründüyü kimi, cəmiyyəti öyrənmək elmidir. Bəs bu elmə bizdə sifariş varmı? Yoxdur. Azərbaycan Respublikası əksər türk-müsəlman dövlətləri kimi cəmiyyətin, vətəndaşın yox, dövlətin, hökumətin tərəqqisinə xidmət edən siyasi quruluşa malikdir. Türkiyədə çox populyar olan ifadə ilə yazsam, “bizdə dövlət cəmiyyət üçün deyil, cəmiyyət dövlət üçündür”. 

Ona görə bizdə sosiologiya yox, nisbətən politologiya üstün elm sayılır. Ekranda, qəzet səhifələrində qabağına 1 sosioloq rəyi çıxanda, yanında 10 politoloq görürsən. Əlbəttə, onlar nə danışır, sözlərinin bir qara qəpiklik əhəmiyyəti varmı, yoxmu, heç bunu müzakirə etmək istəmirəm. Mən sadəcə kəmiyyəti, orta statistik vəziyyəti təsvir edirəm.  

Sovet dövründə bizdə sorğu mərkəzləri ola bilməzdi, bunu anlayırıq, müstəqillik illərində, 1990-larda bəzi müstəqil sosial araşdırma qurumları yaranırdı. Onların rəylərinə hörmətlə yanaşmaq mümkün idi. Məsələn, mənim indi yadıma “Adam” sosial sorğu mərkəzi gəlir. İndi haradadır? Yoxdur. Necə deyərlər, dövlətimiz tərəfindən ləğv edilmişdir. Bundan başqa “FAR-sentre” mərkəzinin, Turan İnformasiya Agentliyinin, ümumiyyətlə əksər media qurumlarının sosial sorğuları, araşdırmaları olardı. 

Sosiologiyanın yoxa çıxması, cəmiyyətin yoxa çıxması ilə qarşılıqlı bağlıdır. Bizdə indi cəmiyyət varmı? Hansısa məsələni toplaşıb, öz aramızda müzakirə edib nəsə ortaq məxrəcə gəlirikmi? QHT sektoru, media, siyasi partiyalar əslində cəmiyyətin dayaqları, üstündə durduğu sütunlardır. Bunların imkanları zəiflədikcə, cəmiyyət də ölgünləşir, amorf, yayğın, simasız kütləyə çevrilir. 

Misal üçün, öz yaşadığınız məhəlləni, küçəni, kəndi, qəsəbəni, şəhəri göz önünə gətirin. Son 20 ildə bu yerlərdə aparılan hansısa işlə bağlı sizdən rəy soruşan, fikir öyrənən olubmu? Olmayıb. Buna yüz faiz əminəm. Hökumət harda körpü sökülməlidir, hansı küçədə hansı heykəltəraşa abidə qoyulmalıdır, o cümlədən küçəyə kimin adı verilməlidir və sairə - bunların hamısını yerli sakinlərdən soruşmadan, sorğu aparmadan özü edir. 

Nəticədə absurd durumlar yaranır. Bu yaxında Bakıətrafı qəsəbələrin birindən şəhərə gəlməliydim. Dayandığım küçənin adı Qara Qarayev idi. Avtobus şəhərə çatanda oradakı prospektin də adı Qara Qarayev idi. Üstəlik, metro da həmin adda. Qardaşım, bu ölkədə Qara Qarayevdən başqa kimsə yoxdurmu? Təbii ki, o yerlərdə sorğular aparılsa, camaatın rəyi öyrənilsə, tarix, yerin keçmişi nəzərə alınsa belə mənzərələr ortaya çıxmaz. Günümüz də qara olmaz. 

Adını çəkmirəm, çünki ölüb, mənim yaşadığım ərazidən 30 ildir bir nəfər deputat olurdu. Yoldaş bütün deputatlığı ərzində cəmi 1 dəfə söz almışdı, onda da “İşverənlər haqda qanun”un adına etiraz eləmişdi: “Oqtay müəllim, işverən pis səslənir, bəlkə bunu dəyişək?” Bəlkə dünyada yeganə deputat idi ki, heç vaxt təbliğat lövhəsinə şəklini yapışdırmır, seçicilərlə görüş keçirmirdi, lakin həmişə qutudan özü çıxırdı. Belə bir şəraitdə sosiologiyanın vacibliyinə kimi inandırmaq olar? 

Əhalinin rəyi temasında bir lətifə ilə - Molla Nəsrəddinin fildən şikayət üçün kəndlilərinə qoşulub rəhbərliyin qəbuluna getməsi əhvalatı - yazını bitirmək olardı, ancaq o lətifə də guya indi kimə lazımdır? 

Bizdə cəmiyyət olmadığı üçün onu öyrənən elm də yoxdur. Daha doğrusu, fərz edilir. Uzaylılar kimi, məsələn.




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR