İnsanlara hürriyət, millətlərə istiqlal!

Adam olmayan Şiff yenə Azərbaycana qarşı

Ermənipərəst konqresmen və başının dəstəsi dövlət katibinə məktubda göstərib ki, “Dağlıq Qarabağda nəsli kəsilməkdə olan erməni irsini qorumaq lazımdır” - üç partiyadan etiraz

Ermənipərəst ABŞ konqresmeni Adam Şiff və onun konqresdəki  qırx yeddi tərəfdarı dövlət katibi Antoni Blinkenə məktub ünvanlayıb. “Yeni Müsavat” yazır ki, məktubda Birləşmiş Ştatlar bütün gələcək diplomatik danışıqlarda “Dağlıq Qarabağda nəsli kəsilməkdə olan erməni irsinin qorunmasını prioritet hesab etməyə çağırılıb”. Konqresmenlərin göndərdiyi məktubda deyilir: “Azərbaycanın 2023-cü ilin sentyabrında "artsax"a hərbi hücumundan sonra Azərbaycanın həm bu regionda, həm də onun hüdudlarından kənarda erməni mədəniyyətini məhv etmək strategiyasını davam etdirdiyinə dair artıq sübutlar var”. 

“Erməni soyqırımından sonra Türkiyə hökumətlərinin etdiyi kimi, Azərbaycanın "artsax"da erməni sivilizasiyasının son qalıqlarını məhv etmək üçün birgə səylərindən daha aydın bir sübut yoxdur. Biz Şiffin erməni mədəni irsinin qorunmasının təmin edilməsində rəhbərliyini alqışlayırıq və onun Azərbaycanı bəşəriyyətə qarşı cinayətlərinə görə məsuliyyətə cəlb etmək üçün davamlı səylərini yüksək qiymətləndiririk”, - bunu isə ABŞ-dakı erməni lobbi təşkilatı ANCA-nın icraçı direktoru Aram Hambarian bildirib. Konqresmen, heç vaxt adam olmayan Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, ABŞ Konqresində erməni qrupunun sədr müavinidir, həmişə ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə seçilib. 44 günlük müharibədən sonra o, dəfələrlə “bütün erməni əsirlərin və saxlanılan digər şəxslərin” geri qaytarılmalı olduğunu bildirib. Bu dəfə onun topladığı 47 konqresmen iddia edir ki, guya erməni “abidələrinin” dağıdılmasına dair hansısa “sübutlar” var. Yəqin ki, ermənipərəst konqresmenlərin sübut dedikləri, Xankəndidə separatçı yuvalarının yıxılmasını nəzərdə tutur. Qeyd edək ki, 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə ermənipərəst demokrat konqresmenlərdən Robert Menendes və Aleks Padila tərəfindən iki, Ceki Şpeyer, Frenk Pellon, Adam Şiff və Toni Kardenas tərəfindən isə 5 düzəliş təklif olunmuşdu. Onlardan 682 və 724 saylı düzəlişlər ABŞ-ın Azərbaycana yardımlarına qadağa qoyulmasını özündə ehtiva edirdi.

Kaliforniyadan olan konqresmen-demokrat Adam Şiff ABŞ Konqresindəki erməni maraqlarının ən qızğın lobbiçilərindən biridir, Azərbaycanı tənqid edən, Azərbaycan və Türkiyəyə qarşı hər cür “dinləmələrin” təşkilatçısıdır. Bunun sübutu onun siyasi fəaliyyəti və ictimai açıqlamaları kimi xidmət edə bilər. Uzun illər davam edən ermənipərəst fəaliyyətinin daimi xətlərindən biri ABŞ-ın ali hakimiyyətini Azərbaycana və Ermənistana hərbi yardım siyasətini yenidən nəzərdən keçirməyə məcbur etmək cəhdidir. Adam Şiff, Konqresdə siyasi karyerası biabırçı şəkildə ləkələnmiş erməni maraqlarının yeganə lobbiçisi deyil. Bunların arasında Nyu Cersidən olan demokrat senator Bob Menendes də var. 

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki Adam Şiffi yaxşı tanıyırıq: “Onun bütün fəaliyyəti siyasi korrupsiyadır və erməni diasporuna xidmət edir. O, ABŞ-ın milli maraqlarına, milli təhlükəsizlik maraqlarına ziddir. Onun çağırışları erməni diasporunu məmnun etməyə hesablanıb. Ona görə bu cür məktubların heç bir nəticəsi olmayacaq. Adam Şiff və onun kimi erməni diasporuna bağlı konqresmenlər çoxdan özlərini ifşa ediblər”. 

Arzuxan Əlizadə Avropa Parlamentinə seçkiləri müşahidə edəcək - DƏVƏT -  AKTOR.az

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə bu çağırışların təsirli olacağına inanmadığını qeyd etdi: “Erməni lobbisinin verdiyi payın qarşılığında bu xidməti yerinə yetirirlər. Az qala erməniləri "Qırmızı kitab"a salıb nəsli kəsilməkdə olan toplum kimi təqdim etsinlər. Adam Şiff kimi ermənipərəst konqresmenlərin Azərbaycan əleyhinə fəaliyyəti heç zaman nəticə verməyəcək. Adam Şiff kordur və görmür ki, 30 il ərzində Qarabağda bizə aid abidələr, məscidlər, mədəniyyət nümunələri necə dağıdılıb? Sadəcə, Adam Şiff seçkidə səs almaq məqsədi güdür və erməni lobbisinin pulu əvəzində xidmət göstərir". 

Samir Əsədli: Bu proses Türkiyə ilə də münasibətlərin normallaşdırılması  ilə bərabər inkişaf edir - VHP

Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə vurğuladı ki, bu çirkin kampaniya hələ bir müddət də aparılacaq: “Onlar belə beynəlxalq ictimai rəy yaratmaq istəyirlər ki, guya Azərbaycan Qarabağda yaşayan mülki əhaliyə qarşı aqressiv vasitələrdən istifadə edib, ermənilər də qaçmağa məcbur qalıb və indi onların irsinin nəsli kəsilməkdədir. Sözsüz ki, erməni təssübkeşliyi xristian dünyasında var və bəzi dairələrə bu məktublar, çağırışlar təsir göstərə bilir. Amma ümumilikdə həqiqət göz qabağındadır. Qarabağda ermənilərin nə ev-eşiyi dağıdılıb, nə onlara aid kilsələr zədələnib, öz xoşları ilə bölgəni tərk ediblər. Adam Şiff kimi erməni lobbisinin əlinə baxanlar 67 məscidimizin 65-nin dağıdılmasını görməzdən gəlirlər. Blinkenə gedən bu məktubla bağlı biz də Dövlət Departamentinə rəsmi etiraz məktubu göndərməliyik. Ümumiyyətlə, Azərbaycan diplomatik masada işini sürətləndirməlidir və daha çox iş görməliyik. Bu gün erməni lobbisi aktivdir, biz tamaşaçı qala bilmərik. Odur ki, diplomatiyanın əks-hücum taktikasından istifadə etməliyik”.

Emil SALAMOĞLU,     
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR