İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların məhkəməsi canlı yayımlana bilər(mi)

Vəkil: “Proses yalnız o zaman qapalı keçirilə bilər ki... ”

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərinin yaxın vaxtlarda məhkəməsinin başlayacağı xəbəri ölkənin əsas müzakirə mövzularından biridir.  

Yada salaq ki, baş prokuror Kamran Əliyev  bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb: “Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək”.

 Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərləri   müharibə cinayətlərində ittiham olunurlar.  Azərbaycanın hüquq-mühafizə orqanları və istintaqçıları  erməni separatçılarının ötən 30 il ərzində xalqımıza qarşı törətmiş olduğu hərbi cinayətləri detalları ilə araşdırıb. Azərbaycanlılara qarşı soyqırımında, doğma yurd-yuvalarından qovulmasında, əmlaklarının talan edilməsində və s. kimi cinayətlərdə iştirak  ediblər. 

İbtidai istintaqın materialları ilə həmin şəxslərin, həm onlarının müdafiəçilərinin, prosessual qanunverciliklə nəzərdə tutulmuş digər şəxslərin cinayət işi ilə tanış olması mərhələsi başlayıb. Separatçı cinayətkarların məhkəməsinin ictimaiyyətə açıq keçirilməsi məsələsi gündəmə gəlib. Çoxluq  canilərə açıq məhkəmə keçirilməsinin, onların hər kəsin gözü qarşısında mühakimə edilməsinin tərəfindədir. Dünyada bu təcrübənin olduğunu əsas gətirən ictimaiyyət hesab edir ki, separatçı canilər də bu şəkildə mühakimə olunmalıdır. 

Qeyd edək ki, 2009-cu ilin oktyabrında  Haaqa məhkəməsində  mühakimə olunan Radovan Karaciçin məhkəməsi canlı yayımlanmışdı.  Bosniya serblərinin keçmiş lideri Radovan Karaciç də Bakıda həbsdə olan separatçı liderlər kimi hərbi cinayətlərdə ittiham olunurdu.  Ekspertlərə görə,  prosesin açıq, yaxud qapalı keçirilməsi ilə bağlı məsələ daha çox həmin  məhkəməyə sədrlik edənin qərarından asılı olacaq.  

Separatçıların məhkəməsinin açıq keçirilməsi gözləniləndimi? Məhkəmə  canlı yayımlana bilərmi?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru  Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Hüquq müdafiəçisi separatçıların məhkəməsinin canlı yayımlanmasının tərəfdarı olduğunu deyib: “Canlı yayımlansa, daha yaxşı olar, yəni televiziya vasitəsilə hamı izləyə bilər. Amma ola bilər ki, məhkəmədə hansısa dövlət əhəmiyyətli sirlər deyilsin, buna görə də qapalı keçirilməsi haqda da qərar verilə bilər. Yəni məhkəmənin qapalı, yoxsa açıq keçiriləcəyini əvvəlcədən demək mümkün deyil. Məsələ işin, ittihamın mahiyyətindən və ifadələrdən asılıdır. Həmin separatçılar Azərbaycan xalqının hər biri üçün potensial cinayətkardır. Onlar xalqımıza, dövlətimizə qarşı böyük cinayətlər törədiblər. Yəni onların törətdikləri fərdi cinayət, kiminsə davası deyil, xalqımıza qarşı apardıqları iyrənc müharibənin, separatizmin tərkib hissələrdir. Bu baxımdan canlı yayım vasitəsi ilə olsa çox yaxşı olardı. Hesab edirəm ki, əgər açıq məhkəmə olacaqsa, bunun üçün böyük məhkəmə zallarına ehtiyac olacaq. Çünki bütün mətbuat, media kollektivi, jurnalistlər orada olacaq. Hazırda mövcud məhkəmə zallarında bunu təşkil etmək qeyri-mümkündür. Bu baxımdan məhkəmə açıq keçirilərsə, böyük zallara ehtiyac olacaq. Hər halda, rəsmi qurumlar bu məsələni həll edəcəklər. Ən əsası odur ki, onlar həbsdədir və layiqli cəzalarını alacaqlar”.

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev 

Hüquqşünas Əsabəli Mustafayev də o fikirdədir ki, indidən separatçıların məhkəməsinin açıq, yoxsa qapalı keçiriləcəyini demək çətindir: “Amma hesab edirəm ki, məhkəmənin  qapalı keçirilməsinə ehtiyac yoxdur.  Üstəlik, bu məhkəmə həm daxili, həm də xarici ictimaiyyətə açıq olarsa, daha yaxşı olar. Çünki məhkəmənin açıq keçirilməsi araşdırma hüququnun, konvensiyada tətbiq olunmuş 6-cı maddənin bir hissəsidir. Biz gərək bəhanə verməyək ki, gələcəkdə bunlar şikayət etsin ki, məhkəmə qapalı keçirilib, ona görə də ədalətli qərar verilməyib və sairə. Bütün beynəlxalq aləm bunu görməlidir ki, proses şəffaf keçirilir, müdafiə hüququ təmin olunur, təqsirləndirilən şəxslərə öz fikirlərini səsləndirmək, mövqelərini müdafiə etməsi üçün bütün şərait yaradılıb. Üstəlik, onların deyəcəkləri elə bir sirr də qalmayıb, hər şey məlumdur. Həmçinin inanmıram ki, beynəlxalq aləmdə onların hər hansı müdafiəsi üçün səylər olsun, çünki separatizm bütün dünyada pislənilir. 

Məhkəmə o halda müəyyən hissələrdə qapalı keçirilə bilər ki, orada Azərbaycanın hansısa hərbi sirrindən söz açılır. Məsələn, orada hansı texnikadan istifadə olunub, necə istifadə olunub, hansı hərbi hissələr iştirak edib, konkret olaraq komandirlərin ad-soyadları hallanır. Bu zaman  əvvəlcədən elan etməklə məhkəmənin müəyyən hissələrində qapalılığı təmin etmək olar. 

Lakin bütövlükdə məhkəmə mütləq açıq şəkildə keçirilməlidir. Çünki ittiham olunanlar separatçı qurumun siyasi rəhbərliyində olublar,  Ermənistanın siyasi elitası ilə əlaqələri olub və hətta  indi də uzaqdan-uzağa da olsa münasibətləri var. Ona görə də beynəlxalq təşkilatlar onları siyasi dustaq siyahısına salmasın deyə məhkəmə açıq keçirilməlidir. Lazım gəlsə, beynəlxalq təşkilatlardan kimsə monitorinq aparmaq istəsə, dəvət olunsunlar. Azərbaycan həm hüquqi, həm də siyasi cəhətdən çox güclüdür. Heç nədən çəkinmədiyimizi, hər şeyin şəffaf və ədalətli keçirildiyini, hüquqi və siyasi cəhətdən güclü olduğumuzu bütün beynəlxalq aləmə nümayiş etdirməliyik".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR