İnsanlara hürriyət, millətlərə istiqlal!

Tənha çobanın cavanlıq etməsi və itməsi

Salyanda atasının 85 qoyununu satan və yoxa çıxan oğlandan hələ də xəbər yoxdur. Bu yazını yazmağa başlayanda saytlara göz gəzdirdim, xəbər yox idi, eləcə bir video vardı, anası ağlayırdı.

Amma maraqlıdır ki, qoyunların 76-sı tapılıb, özü də qonşu Neftçalada, Biləsuvarda yox, Xırdalanda.

İşə baxın, satılan qoyunlar tapılıb, satan oğul ortada yoxdur. 1 oğul və 9 qoyun, türkün sözü, qayıblara qarışıb.

Məsələyə kriminal baxımdan yanaşsaq, burada bir şeylər yerində deyil, dolaşıq məsələlər var. Kriminalistlər bu işləri daha yaxşı bilirlər, yəqin ipucu olaraq itkin qoyunların Xırdalanda olduğunu ailə başçısına kimin xəbər verdiyini araşdırırlar.

İkinci bir məsələ odur ki, gənc çoban qoyunları satmışdısa, necə olub ki, alıcı onları əsl sahibinə qaytarıb və pulunu geri almayıb? Ən azı 20 min manatdan çox nağd puldan gedir söhbət.

Üçüncüsü, alıcılar oğlanı axırıncı dəfə harada görüblər və onun sonrakı planından xəbərdar olublarmı?

Dördüncüsü, oğlanın mobil telefonunu izləməyə alaraq harada olduğunu təsbit etmək mümkün deyilmi?

Hələ başqa suallar da var, oxucunu suallarla yormayaq, cavabları gözləyək.

Deyirlər, itkin çoban əvvəllər də 1-2 qoyun satıb aradan çıxır, cavanlıq etməyə gedirmiş, türkiyəli müğənni Fərhat Göçərin sözü olmasın, həvəsini alıb qayıdırmış. Bəzən gəncin ata ocağına, qoyunlarının başına qayıtması 15 gün çəkirmiş. Kəsəsi, o, satdığı qoyunların pulu qurtaranda yenidən gəlirmiş.

Ancaq yenə də inandırıcı deyil ki, hərdən 1-2 qoyun sataraq cavanlıq edən 26 yaşlı gənc 85 qoyunu birdən satmaq istəsin. Bu işdə mütləq bir iş var.

15-20 il əvvəl olsaydı, düşünmək olardı ki, o bu qədər qoyunu sataraq 20-25 min manatı qatlayıb cibinə qoyub və iş qurmaq üçün özünü verib Rusiyaya.

Sovet dövründə kənd yerlərində belə diribaş oğlanlar olurdu, ataları ilə yola getmirdilər, amma ta qapı-bacanın mal-davarını gizli şəkildə satıb aradan çıxmırdılar, ya əmilərindən, ya da dayılarından 200-300 manat alıb gedirdilər Rusiyanın hansısa şəhərində yaşayan xalaoğlularının yanına. 5-6 ildən sonra maşınla qayıdanlar da olurdu, arvad-uşaqla gələnlər də.

Hazırda bildiyiniz kimi, Rusiya əvvəlki kimi deyil, ta cavanlar ora axışmır. Çünki təhlükəlidir, rusların asayiş keşikçiləri korpusu orda-burda qaraşın adam görən kimi tutub bölməyə və ya qoyun ağılı kimi bir yerə salır, vətəndaşlıq və hərbi çağırış vərəqi verir, ya da formal bir müqavilə bağlayır, Ukrayna tərəflərə ölümə göndərirlər, deyirlər, bu torpaqlarda yaşamaq üçün qan tökmək lazımdır.

Ona görə də gənc çobanın Rusiyaya üz tutması inandırıcı deyil. Türkiyə və İran variantını isə istisna etmək olmaz. Araşdırılmalıdır ki, çoban qardaş dinə meylli olub, ya yox.

6-7 il əvvəl, yadınızdadırsa, birdən xəbər çıxırdı ki, bir qrup tələbə gecəylə ölkədən çıxıblar, harada olduqları bilinmir. Sonra soraqları Əfqanıstandan, İraq və Suriyadan gəlirdi. Məlum olurdu ki, qardaşlar burada sektaya qoşulublarımış, axırda böyük qardaşlarından əmr gəlib ki, gedib cihada qoşulmalısınız. Bunlar da gecəylə gediblər. Sonradan o cihada gedənlərin bir xeylisinin solğun bət-bənizli şəkilləri gəldi, özləri gələnləri isə tutdular. Xarici ölkələrdə müharibəyə qatılmağın pis maddəsi varmış, cihad-mihad tutarlı səbəb sayılmırmış.

Adamın yadına Ceyms Lastın “Tənha çobanın melodiyası” musiqisi düşür. Fleytada çalırlar, bizim çoban tütəyinin səsini verir. Amma hiss olunur ki, həmin çoban qızıxanda atasının qoyunlarını satıb cavanlıq etməyə getmirmiş.

Hər halda ümid edək ki, uşağın başına pis bir iş gəlməyib, sadəcə, atasının qorxusundan və ya xəcalətindən curlarının birinin yanında gizlənir, gözləyir ki, tozanaq yatışsın, sonra çıxıb gəlsin.

O ilk günlərdə atasının əlinə düşəsydi, bəlkə də İsmayıl vaqiəsi təkrarlanardı, amma ta keçib. İndi itkiyə məruz qalmış ata məcburdur ki, oğlunun sağ-salamat qayıdıb gəlməsi üçün daha 7 qoyunu qurban kəssin.

**

Dünya köhnə dünyadır, əli smartfonlu çobanları təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

04 Sentyabr 2026

02 Sentyabr 2026

31 Avqust 2026

29 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

17 Avqust 2026

15 Avqust 2026

13 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

07 Avqust 2026

05 Avqust 2026

03 Avqust 2026

29 Iyul 2026

27 Iyul 2026

24 Iyul 2026

22 Iyul 2026

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

11 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026