Onlayn ictimai-siyasi qəzet
Sovet bayrağı qaldırdıqlarına görə həbs edilən 4 adamın üçünün soyadı diqqətimi cəlb etdi: Bayramlı, Əsədli, İbrahimli.
And içərəm ki, onların işini aparan müstəntiqin, onlara cəza tələb edən prokurorun və hökm oxuyan hakimin soyadlarının sonluğu “ov”-“yev”lə bitir.
Paradoksaldır, sovet nostaljisi ilə yaşayan şəxslər milli soyad sonluğu qəbul ediblər, onları cəzalandıranlar isə sovet rejiminin qalığından qurtulmayıblar.
Həbs edilənlərdən birini – Elçin Bayramlını tanıyıram. Qonşum və həmkarımdır. Bir-iki dəfə rastlaşmışlığımız da var, amma sosial şəbəkədəki “dost”luğumuz daha ötədir.
Deyim ki, kommunist əqidəsi daşısa da, Elçin ziyanlı adam deyil, xalqın mənəviyyatı, durumu, ölkənin bu günü, gələcəyi ilə bağlı dürüst fikirləri var. Hər şeyin yaxşı olmasını, hamının firavan yaşamasını istəyən idealist adamdır.
E.Bayramlı hesab edir ki, dünyanın başına ip salıb oynadan ölkə ABŞ-dir. Həmkarımız o ölkəni “şeytan yuvası” adlandırır və dünyanın harasında nə pis iş olursa, aparıb ABŞ-yə bağlayır. İnsafən, çox vaxt təsbitləri düz olur. Yanılqı isə hər kəsə xasdır, bu heç.
Amma düzünə qalsa, ondan gözləməzdim ki, gedib əlinə Azərbaycan SSR-in bayrağını götürər, aksiyaya çıxar. O, adətən fikirlərini sosial şəbəkədə yazırdı, bir də maraqlı şəkillər paylaşırdı. Məsələn, onun paylaşdığı şəkillərdən biri belə yadımda qalıb: belinə 2-3 ton yük yığılmış “Qaz-24” (“Volqa”) markalı sovet maşını... Bəlkə də həmkarımız bununla demək istəyirdi ki, görürsünüzmü, sovet maşınları necə dözümlüdür, minik avtomobilidir, amma “KamAZ” qədər yük götürür.
Ümumiyyətlə, hələ də sovet nostaljisi ilə yaşayan adamlar eyzən SSRİ dövrünü öyürlər. Heç cür qəbul etmirlər ki, o quruluş, o rejim, o dövlət dağıldı, getdi, bir daha dirilən deyil. Rusların özü belə sovet quruluşunun bərpasını istəmirlər. Düzdür, demək olar ki, əksər ruslar – səfilindən səfirinə, yolçusundan Putinə qədər hamısı istəyir ki, SSRİ-nin ərazisi bərpa olunsun, qonşu dövlətlər yenə də Moskvadan şaquli asılılıqda olsunlar, amma idarəçilər – oliqarxllar, məmurlar, pullular istəmirlər ki, sovet-kommunist quruluşu təzədən qayıtsın.
Niyə istəmirlər? Ona görə ki, hamısı milyarder və milyonçudurlar, xirtdəyə qədər o şeyin içindədirlər, istismarçı sinifdirlər, bilirlər ki, hakimiyyətə əqidəli kommunistlər gəlsə, hamısını Lubyankanın həyətində divara söykəyib güllələyəcəklər. Yox, dövran dəyişibsə, hakimiyyətə gələn kommunistlər bu harınlamış, kastalaşmış, kistalaşmış neo-burjuaziya oliqarxiyasını güllələməyəcəklərsə, ta nəyə gəlirlər?
Bu baxımdan hazırda Rusiyanı idarə edən hökmdar və onun əshabələri, eləcə də generallar II Nikolayın səhvini təkrar etmək fikrində deyillər. Yeni bir Lenin çıxacaq, almanlardan pul alıb hakimiyyət çevrilişi edəcək – elə şey yoxdur.
Heç siyasət üstə tutulanları da Lena çayının qırağındakı kəndlərə sürgünə göndərmirlər ki, onlar da oradan qaça bilsinlər. İndiki tutulanları Yamal-Nenets diyarına, Xarp həbsxanasına göndərirlər, onlar da orada ölürlər. Ələ keçməyənlərin hamısına isə damğa vurulub: “xarici agent”. Üstəlik, onlar heç kommunist də deyillər.
Hələ orası da var ki, Rusiyanın müasir kommunistləri hazırda kapitalistlərdən ibarət olan hökumətə əməllicə dəstək verir.
Hal-qaziyə belə olandan sonra bizim kommunist əqidəli adamların “sovet dövründə elə yaşayırdıq, belə yaşayırdıq”, “Moskvaya 25 manata uçurduq”, “Qaqra kurortuna müftə göndəriş verirdilər, gedib dincəlirdik”, “araq 3 manat 60 qəpik idi” və sair xiffət dolu sözlərinin mənası yoxdur artıq. Çox danışanda onlara da, “gəlmişdilər də, gördük” deyirlər, söhbət bitir.
Bax, hazırda ötən əsrin 50-ci illərinə dair arxiv sənədləri paylaşılır, oxuyur, görürük ki, Bakıda ana dilimizdə iclas aparmağa görə az qala görkəmli ziyalılarımızı, respublikamızı idarə edənləri şişə taxırmışlar. Bakı şəhər partiya komitəsinin katibi Armik Karamyan bizimkiləri xırda burjua millətçiliyində ittiham edirmiş, Mirzə İbrahimova “xalqlar dostluğuna zərbə vurmusan, millətlər arasında qarşıdurma toxumu səpməyə cəhd göstərmisən” deyirmiş və cəza tələb edirmiş.
İşə baxın bir erməni txası Bakıda yaşayaraq, böyük vəzifədə işləyərək, yerli xalqın ziyalı oğlunu asdırmaq-kəsdirmək istəyirmiş. Bizimkilərin qanının arasına Stalinin ölmüş olması girib. Yoxsa o iş üstündə ölkədə əli qələm tutan onlarla yazıçı-şairin kəlləsi gedəcəkmiş.
Biz isə o dövrün xiffətini edirik.
Amma qonşum belə şeyləri bilən adamdır, milli vətənpərvərlərdəndir, erməni millətçilərinin iç üzünü də yaxşı bilir. Yeri gəlmişkən o, hələ 2016-cı ildə yazmışdı ki, 4-5 ilə Azərbaycan ordusu Şuşanı geri alacaq, Xankəndini də götürəcək. Özündə yazdıqlarının skrin-şotu qalmalıdır. Son illərdə bir-iki dəfə “mən demişdim, yazmışdım” silsiləsindən paylaşırdı.
Uzun sözün kəsəsi, məndən olsa, bayraqdarlara xəbərdarlıq edib buraxmaq, yanlış əqidə daşıdıqlarını başa salmaq lazımdır.
**
Dünya köhnə dünyadır, tırkaya gedənləri təzədir.
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ