İnsanlara hürriyət, millətlərə istiqlal!

“Möhtəşəm coşqu”lu pişvaz - Salahın “Salak” çağrılacağı günə doğru

O gözəgörünməz Tenqriyə and olsun ki, bu yaşa çatmışam, mən də misirli futbolçu Məhəmməd Salah kimi belə mənzərə görməmişəm. Heç eşitmmişəm də ki, bir məşhur futbolçunu qarşılamaq üçün hava limanına 25 min adam yığışa.

Amma belə bir şey o gün Trabzonda baş verib. Yerli “Trabzonspor” klubunda oynamaq üçün təyyarə ilə şəhərə uçan Məhəmməd Salahı aeroporda düz 25 min (artıq kimsə sayıbsa) adam qarşılayıb. Yasir Ərəfatın gəncliyinə oxşayan futbolçu bu qarşılanmadan xoşnud olub, xeyli kövrəlib, deyib, indiyəcən belə şey görməmişdim.

“Dünya ulduzu”nun pişvazına çıxmış azarkeşlərin sayı 3-4 min aşağı da ola bilər (hər şeyi şişirtməyə meylli olan qovmük), amma bu məsələnin mahiyyətini dəyişmir. Əsas odur ki, aeroporta minlərlə azarkeş toplaşıb və onu, saytların yazdığı kimi, “möhtəşəm coşqu” ilə qarsalayıblar.

Belə bir qarşılanma axırıncı dəfə 1979-cu ilin fevral ayının 1-də olub, 15 illik mühacirət həyatından sonra Parisdən Tehrana gələn Ruhullah Xomeynini, islam inqilabının liderini Mehrabad aeroportundan gedəcəyi yerə qədər yol boyunca 3 milyondan çox (kim sayıbsa) adam qarşılayıb, alqışlayıb.

Xomeyninin möhtəşəm coşqu ilə qarşılanmasını anlamaq olar, rəhbər ölkəni düzəltməyə, xalqı xilas etməyə gəlirdi və bildiyiniz kimi, elə də etdi. İndiki vəziyyəti İran xalqının xilas olmuş halıdır.

Bir şəxsə fanatikcəsinə bəslənən inam hər zaman umsuqluqla bitir – tarix bunu 124 min dəfə sübut edib.

Güman ki, trabzonlular da Məhəmməd Salaha o cür baxırlar, hesab edirlər ki, o gələcək, “əngin təcrübəsi ilə stadlarda Qara dəniz fırtınası qoparacaq” (türk qardaşlar belə metaforaları çox sevərlər) və “Trabzonspor” 8-ci dəfə ölkə çempionu olaraq “dörd böyüklər”dən biri olduğunu təsdiqləyəcək.

Belə olacaq, olmayacaq, sezonun sonunda biləcəyik. Amma 30 il öncədən, Georgi Hacının vaxtından Türkiyə futbolunda bir ənənənin hökm sürdüyünü də gərək qeyd edək.

Məlum olduğu kimi, “Qalatasaray” 1996-cı ildə “Barselona”da gözdən düşmüş, çıxdaş edilmiş rumın Hacını, türkün sözü, öz rənglərinə bağlayandan sonra böyük uğurlar qazanıb: ard-arda 4 dəfə ölkə çempionu olub, ölkə kubokları qazanıb, UEFA çempionluğunu “Arsenal”ın əlindən qamarlaylb, superkubok matçında “Real Madrid” klubunu məğlub edib.

O vaxtdan bəridir, Türkiyə klubları Avropada ad çıxarmış, amma karyerasını bitirmək üzrə olan veteran “ulduz”lardan birini sanballı qiymətə alıb gətirirlər, poh-pohlayırlar, bir neçə oyun parlaq oyun göstərən veteranı yerə-göyə sığdırmırlar, amma yaşlanmış “ulduz” Hacı ola bilmir. Ortaya çıxır ki, o, “sönmüş ulduz”dur və onun tay-tuşları artıq Həccə gedib Hacı olur, futbol oynamağından keçib. Belə olanda azarkeş ordusu 1 il öncə ellikcə aeroportda qarşıladığı “ulduz”u fitə basır, kluba yaxın qəzetçilər onu “yenilginin müsəbbibi” elan edirlər və “Filankəs qovulur”, “Ulduz göndərilir”, “Qolçu ilə yollar ayrılır” manşetləri verirlər. Gün gəlir, onların yazdığı kimi olur. “Ulduz futbolçu” çamadanlarını qablayıb aeroporta gedir və onu yola salmağa gedən olmur.

Böyük olasılıqla (ehtimalla) Salahın başına da bu iş gələcək. Çünki indiki Salah “Liverpul”da gördüyümüz, Serxio Ramosun kabusu olan Salah deyil, yaşlaşıb, ağırlaşıb. Düzdür, onun futbol oynamaq həvəsi qalır və bu onda 55-60 yaşına qədər davam edəcək, amma orqanizmin fiziki imkanları ilə qəlbin həvəsi düz gələcəkmi? Əsas məsələ budur.

Ona görə də bu gün aeroporta yığışan 25 min azarkeşin yarısı 6 aydan sonra onun adını “Salak” deyə çağırsalar, heç təəccüblü olmayacaq. Bu adamlar onu hər oyunda qol vurması üçün “möhtəşəm coşqu” ilə qarsalayıblar, qol vurmasın, gününü görsün.

Bunu M.Salah özü də bilir. Amma o, Türkiyəyə ona görə gəlib ki, karyerasının sonunda 5-6 milyon pul qazansın, qoysun başının altına. Çünki ola bilər, karyerasını bitirəndən sonra Misir millisinin baş məşqçi olana qədər 1-2 il işsiz qalacaq, o zaman xərcləməyə pul olmalıdır, ya yox?

Bir öz futbolumuza da baxaq. “Qarabağ” bu il Avropa oyunlarına ürəyimiz istəyən kimi başlamayıb. 3 oyundur qol vura bilmir. Kiyevin “Dinamo”su ilə də yaxşı oynamadı, amma o komanda ilə heç flaqman “Neftçi”də oynaya bilmirdi.

“Qarabağ”ın indilikdə yaxşı oynamamasının əsas səbəbi odur ki, bir-biri ilə yaxşı anlaşan oyunçularını satıb, yerinə gənc oyunçular alıb, onlar da meydançada anlaşa bilmirlər. Ümid edək ki, oynaya-oynaya düzələcəklər. Amma bir iş yaxşıdır ki, “Qarabağ” milyonlar sərf edərək heyətinə “veteran ulduz”lar cəlb etmir.

**

Dünya köhnə dünyadır, insanları umsuq edən “ulduzlar”ı təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR