İnsanlara hürriyət, millətlərə istiqlal!

Suverenlikdən, Qarabağdan savayı da vacib nəsə var?..

Nəinki fiziki, hətta bioloji və kimyəvi sistemlərə də xas olan bir proses var: istənilən tendensiya gec-tez əks tendensiya doğurur və onun inkişafı zəifləməyə başlayır. Məncə, oxşar hadisələr cəmiyyətdə, siyasətdə də baş verir. Bir də görürsən ki, hanısısa siyasi ssenari, siyasi model əvvəl effektiv olur, amma müəyyən müddətdən sonra staqnasiya başlayır, ləngimələr, hətta geriləmələr özünü göstərir. Bəzən soruşurlar ki, dövlət qurulub, suverenliyi təmin olunub, iqtisadiyyat ideal şəkildə olmasa da, hər halda, normal ritmindədir, diplomatiyada hətta nəzərəçarpacaq uğurlar var, ən əsası da ölkənin bir nömrəli problemi həll olunub, əraziləri işğaldan qurtulub. Soruşurlar ki, bütün bunlar doğrudanmı, sizləri qane etmir?..

Əvvəlcə, qeyd edək ki, bunların hamısını nəinki qəbul edir, həm də dəyərləndiririk. Amma həyat heç vaxt bitmir, dayanmır, bir problemi həll edirsən, başqası yaranır, ona görə də dayanmaq, arxayınlaşmaq da olmur, hətta ziyanlıdır.

Üstəgəl, biz də əvvəlcə gənc Azərbaycanın qarşısında duran problemlərin üç mərhələsini görürdük: dövlətin qurulması, yeni iqtisadi modelə keçid və Qarabağ probleminin həlli. Amma bunun ardınca ölkənin demokratikləşdirilməsi də gəlməlidi, çünki bu da labüd prosesdir; bu mərhələ başlamasa dövlət institutları effektvkiyini itirməyə başlayacaq, hətta iqtisadiyyatda ciddi problemlər peyda olacaq, çünki korrupsiya, inhisarçılıq, qeyri-şəffaflıq kimi proseslər bilavasitə demokratiyanın azlığı ilə bağlı olur.

Cəmiyyətin özü belə ciddi problemlər yaşayır: təşəbbüskarlıq-kreativlik azalır, dövlətlə cəmiyyət arasında ucurum yaranır, onlar arasında rabitə belə pozulur və gec-tez qarşıdurmya gətirib çıxarır; belə qarşıdurmalarsa çox az hallarda qısa müddətə həll oluna bilir, əksər hallarda çox uzun sürür və axırda, Allah etməmiş, vətəndaş müharibəsinə çevrilir – hətta çox uzaq olmayan çevrəmizdə görün nə qədər belə problem yaşandı.

Bizə elə gəlir, qonşu İranda “molla” hakimiyyətinin canını ABŞ və İsraillə müharibə qurtardı, bu, olmasaydı, Allah bilir ki, hakimiyyətlə cəmiyyət arasındakı ixtilaf hara qədər dərinləşəcəkdi!..

Ona görə hamımız maraqlıyıq ki, ciddi siyasi islahatlara start verilsin. Başqa yol yoxdur. İnanın, oxuyanda ki, bir neçə gün sonra Bakıyla Tiflis arasında dəmir yoluyla sərnişin daşınması bərpa ediləcək, çox sevindik.

Ona görə ki, quru sərhədlərilə bağlı neçə dəfə yazmışıq və daim qeyd etmişik ki, iki istisnanı (İran və Ermənistan) nəzərə almasaq, qalanların bağlı saxlanılmasının heç bir əsası yoxdur, əksinə insanların çoxu nəinki narahatlıq yaşayır, hətta özlərini təhqir edilmiş sayır, çünki cəmi dünyada hökumətlər yerdəyişməylə bağlı vətəndaşlarının yaşadıqları problemləri daim azaltmağa çalışırlar. “Vizasız rejim” deyəndə insanlar elə bilir bu, yalnız Aİ -yə aiddir, amma belə deyil, qalan ölkələr bir yana, görün, vaxtilə bizimlə “bir köynəkdən” çıxmış keçmiş Baltik republikalarının vətəndaşları nə qədər ölkəyə vizasız gedib – gələ bilir!..

Təkrar deyirik: İran aydındır, çox ölkələr vətəndaşlarına ora getməyi məsləhət bilmir. Ermənistanla da əlaqələr hələ bundan sonra qurulacaq – bunun da fərqindəyik. Amma bəzi məmurlar digər istiqamətlərdə sərhədin açılmasyla bağlı elə mənalı-mənalı “araşdırılır” deyir ki, guya burada hansısa böyük problem var! Yoxdur axı belə şey!..

Narahatlıq yaradan digər amil nədir? İdarəetmənin təkmilləşdiriliməsilə, səmərələşdirilməsilə bağlı aparılan işlərdə ya böyük sistemsizlik var, ya da bunlar bilərəkdən edilir! Nə baş verir?

İdarəçilikdə institutlar az qala, sıradan çıxarılır, qeyri-institusional münasibətlərə üstünlük verilir. Yada salın, həmin bu dövlət institutlarını formalaşdırmaq üçün bizə nə qədər vaxt tələb olundu?

Əlbəttə, idarəetmə də təkmilləşməlidir, bütün dünyada bu proses gedir, çünki bu sistem də dövrə uyğun olmalıdır. Digər bir tendensiya da var ki, bütün dövlətlər daim ona doğru irəliləyir: getdikcə dövlətlər daha çox liberallaşır, onların səlahiyyətləri azalır, insanlara, cəmiyyətlərə ötürülür, bütün sferalarda dövlətin müdaxiləsi kiçildilir ki, insanların, cəmiyyətin təşəbbüskarlığı, kreativliyi artsın, amma bu da hələ o demək deyil ki, hər şeyi qeyri - institusional münasibətlər əsasında qurmalıyıq...

Bir vətəndaş kimi doğrusu, yerlərdəki idarəetməylə balı aparılan işləri başa düşə bilmirəm. Dünyada müxtəlif modellər var. Məsələn, bəzi ölkələrdə yerlərdə prezidentin səlahiyyətləri nümayəndələri olur və onlar məsələn, yerlərdəki hüquq-mühafizə sisteminə nəzarət edirlər. Qalan işlər seçkilə formalaşan yerli özünüidarəetmə strukturlarına həvalə olunur. Səhv ermirəmsə, yaddaşım aldatmırsa, hətta qonşu Rusiyada da yerlərdə qubernatorlar və seçkili merlər olur – bir daha deyirəm ki, səhv edirəmsə, üzürlü sayın, amma oxşar modellər çox ölkələrdə var.

Bütün hallarda, cəmi dünyada gedən labüd proses var: getdikcə mərkəzin səlahiyyətləri azaldılır və onların çoxu seçkilə formalaşan yerli hakimiyyətlərə verilir. Amma hətta bu da institutsuzlaşma deyil, əksinə onun yeni məzmun və forma almasıdır: hər şey donuq-statik bir formadan daha dinamik formaya, bəli, seçkilə formalaşdırılmağa gedir, tək xarizma üzərində qurula bilməz nə hakimiyyət, nə də ki, idarəçilik...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

24 Iyul 2026

21 Iyul 2026

20 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

09 Iyul 2026

07 Iyul 2026

06 Iyul 2026

03 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

29 Iyun 2026

26 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

19 Iyun 2026

17 Iyun 2026

15 Iyun 2026

12 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

03 Iyun 2026

01 Iyun 2026

26 May 2026

25 May 2026

23 May 2026

21 May 2026

18 May 2026