İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xaç atası”nın villası - Bu evdə toy edənlər azı 5 min avro ödəməlidirlər – Reportaj, fotolar

Taormina Siciliyada qədim qəsəbədir. Kataniya şəhəri onun cənubunda yerləşir. Etna vulkanı, İzabella adasının yaxınlığında yerləşən qədim maddi-mənəvi abidələri, ekzotik təbiəti, təmiz havası, bol meyvə ağacları olan qəsəbə uzun illərdir ki, turistlərin axın etdiyi sevimli məkandır. Xüsusən də Amerika film İndustriyasının, dünya kinematoqrafiya tarixinin ən sevilən qanqster filmi olan məşhur "Xaç atası"nın bəzi səhnələrinin bu qəsəbədə çəkilməsi turistləri özünə daha çox cəlb edir.

Taorminada özünü “Xaç atası”nda hiss etmək üçün hara getmək lazımdır?

Xatırladaq ki, rejissoru Frensis Ford Koppola olan “Xaç atası” filmi 1972-ci ildə Mario Püzonun eyniadlı romanı əsasında çəkilib. Film Nyu-York-da fəaliyyət göstərən siciliyalı mafioz Korleone ailəsindən, 1945-55-ci illər arasında olan hadisələrdən bəhs edir. Filmin 2-ci və 3-cü hissələrinin bəzi səhnələri məhz Taormina qəsəbəsində lentə alınıb.

Belə ki, filmin qəhrəmanı gənc Maykl Korleone (Al Paçino)  Solosso və Makklaskini güllələdikdən sonra Siciliyaya gəlir. Don Korleonenin köhnə dostlarından biri olan Tomazinonun (Korrado Qaypa) himayəsində yaşayan Maykl Appoloniya (Simonetta Stefanelli) adlı yerli qıza aşiq olur və onunla evlənir. Qısa bir zaman ərzində Appoloniya maşın sürməyi öyrənir. Bir gün həmin maşına Mayklı öldürmək üçün bomba qoyulur. Lakin maşına Maykldan əvvəl minən və onu işə salan Appoloniya partlayış nəticəsində həlak olur. Bu səhnələr məhz qəsəbədəki məşhur "Vitelli bar"ında, "San Nikolo" kilsəsində (Maykl və Appoloniyanın toy səhnəsi),  gənc Korleonenin və ailəsinin yaşadığı “Castello degli Schiavi” (italyanca “Qullar evi”) villasıdır.

“Xaç atası”nın villası. İndi bu evdə kimlər yaşayır?

Bəzi iddialara görə, rejissor Koppola təbii günəş işığı effektinə görə 6 ay ev axtarmalı olub. “Castello degli Schiavi” villasına gəldikdə isə axtardığını tapıb və çəkilişlərlərə başlayıb.

Budur, bu da həmin villa, onun darvazası. Darvazadan içəri keçəndə qarşında əsrlərə şahidlik etmiş, möhtəşəm barokko üslubunda tikilmiş villa açılır. Bir də yaşıl həyət, illər keçsə də görkəmini dəyişməyən su quyusu, filmin sonunda qoca Maykl Korleonenin yıxılaraq, öldüyü kiçik stul... İnsana elə gəlir ki, sanki haradansa Nino Rotanın məşhur musiqisi səslənir.

Bu məşhur evdə bizə baron Françesko Platenie bələdçilik edirdi. Baronun sözlərinə görə, villa 1541-ci ildə tikilib. Qeyd edək ki, baron orta əsrlərdə Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyada zadəgan titulu olub – köhnə baronların nəslindən olan Platenie nəsildən-nəsilə keçən bu böyük villada hazırda xanımı ilə birgə yaşayır.

Villanın üst mərtəbəsində çox sayda otaqlar, otaqlarda isə antik mebel və əşyalar, köhnə kitablar, çəkiliş meydançasında çəkilmiş fotoşəkillər var. Eləcə də fotolar arasında villanı ziyarətə gələn şahzadə Diananın, digər məşhur simaların əkslərini də görmək olar.

Evin aşağı hissəsində isə azuqə və şərab saxlanana soyuq anbar, köhnə böyük royal var. Daha aşağıda isə ziyarətçiləri çox gözəl, əsrarəngiz təsir bağışlayan mənzərə gözləyir. Taxtadan hazırlanmış skamyalarda əyləşib, Siciliyanın divarlardakı qədim xəritələrini izləmək mümkündür.

1693-cü il 11 yanvarda Siciliyada 7,4 bal gücündə dəhşətli zəlzələ baş verib. Həmin vaxt təxminən 60 min insan ölüb, 70 qəsəbə və şəhər yerlə-yeksan olub. Zəlzələ nəticəsində Siciliyanın xəritəsində də dəyişikliklər olub. Baron bizə maraqla həmin dəyişiklikləri müqayisə edərək göstərir.

Həyətdəki otaqların birində filmin məhz bu villada çəkilmiş səhnələrindən ibarət kinolenti izləmək şansımız da oldu.

Villa təkcə bunlardan ibarət deyil. Möhtəşəm binanı ziyarət edərkən məlum oldu ki, burada həm də 16-cı əsrə aid kilsə var. Ailə üzvləri bu qədim kilsədə ibadət ediblər. Daha sonra isə yeni bir kilsə də tikilib. Bir sözlə, “Castello degli Schiavi” villası öz möhtəşəmliyini bu günə qoruyub-saxlamış möhtəşəm qədim abidədir.

Niyə “Qullar evi”?

“Castello degli Schiavi” italyan dilində “Qullar evi” adlanır. Bəs niyə “Qullar evi”? Bu barədə internet resuslarında axtarış verəndə belə bir məlumat çıxır: əfsanəyə görə, şahzadə oğlunu xilas etmək üçün torpağının bir hissəsini həkimə verir. Həkim həmin ərazidə özü və arvadı üçün gözəl bir saray tikdirib. Lakin az keçməmiş ev sahibləri əsir götürülüb və köləliyə məcbur edilib.

“Xaç atası”nın evində toy etmək olar, amma neçəyə?

Baron Platenienin sözlərinə görə, villaya müxtəlif ölkələrdən turistlər gəlir. Evi ziyarət etmək üçün 25 avro ödəmək lazım gəlir. Baron qeyd etdi ki, villanın həyəti geniş olduğu üçün bir çox cütlüklər toy məclisini burada keçirilməyi arzulayır. Bunun üçün isə qiymətlər 5 min avrodan başlayır. Əgər məclisin ziyafəti də bura daxildirsə, bu zaman qiymət də dəyişir.


“Xaç atası” filmi öz baxımlılığını itirmədikcə, insanlar onu dəfələrlə izləməkdən usanmadıqca, eləcə də bu villanı ziyarət edənlər yenidən görmək ümidi ilə onu tərk edirlər...

Xalidə Gəray
Siciliya, Kataniya
Fotolar Andrey Şnayderindir

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR