Onlayn ictimai-siyasi qəzet
“Ümumtəhsil məktəblərində vahid geyim forması qaydası uzun müddətdir tətbiq olunur. Bu təcrübənin təxminən 10 illik tarixi var. Bununla belə, qaydalar zamanla təkmilləşdirilib”. Bu sözləri Musavat.com-a təhsil eksperti Məzahir Məmmədov deyib.
Ekspert qeyd ki, vahid geyim formasının tətbiqi məktəblərdə bərabərliyin, nizam-intizamın və dünyəvi təhsil prinsiplərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır: "Əvvəlki qərarlara əsasən, hər məktəbə dörd geyim forması variantı təklif olunurdu. Məktəb həmin variantlardan birini vahid forma kimi seçə və üç ildən sonra dəyişə bilərdi. Seçim zamanı valideynlərin və məktəbin pedaqoji şurasının rəyi və təklifləri nəzərə alınırdı. Lakin Nazirlər Kabinetinin son qərarı ilə bu məsələyə yanaşmada müəyyən dəyişikliklər edilib. Əvvəlki qaydalarda bəzi boşluqlar və fərqli yanaşmalara imkan verən məqamlar var idi. Bu boşluqların aradan qaldırılması ilə bağlı təkliflər də səsləndirilirdi. Son qərarda isə geyim qaydaları daha konkret şəkildə müəyyənləşdirilib".

Ekspert onu da bildirib ki, vahid geyim prinsipinin əsas məqsədi məktəbdə ümumi qayda və nizam-intizamı qorumaq, həm şagirdlər, həm də müəllimlər üçün bərabər şərait yaratmaqdır:
"Bu yanaşma şagirdlər arasında geyimə görə fərqlənmənin, müqayisələrin və mümkün komplekslərin qarşısını almağa kömək edə, eyni zamanda, gündəlik geyim seçiminə sərf olunan vaxtı azalda bilər. İndiki şəraitdə isə həm şagirdlərin, həm də müəllimlərin müəyyən edilmiş qaydalara əməl etməsi vacibdir. Bu məsələyə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş dünyəvilik prinsipi kontekstində də yanaşmaq lazımdır. Təəssüf ki, qərarın əsas mahiyyəti bəzən arxa plana keçir, müzakirələr isə başqa istiqamətə yönəlir. Görünür, bu məsələdən istifadə edərək müəyyən təşəbbüslər irəli sürən və ictimai müzakirələri fərqli məcraya yönəltməyə çalışan qüvvələr də var”.
Məzahir Məmmədov uşaqların dini geyimlərə münasibətinə də toxunub. O hesab edir ki, uşaqların erkən yaşlarda müəyyən geyim tərzini mənimsəməsində ailə mühitinin və valideynlərin münasibətinin rolu var: “Uşaq kiçik yaşlarından ailəsində müəyyən geyim tərzini görürsə, onu təbii qəbul edə və həmin davranışı mənimsəyə bilər. Çünki bu yaşlarda onun öz seçimlərini müstəqil şəkildə müəyyənləşdirmək və əsaslandırmaq imkanları hələ tam formalaşmayıb. Bəzi hallarda valideynlərin təşviqi də uşağın müəyyən geyim formasına erkən yaşlardan alışmasına təsir göstərir. Hesab edirəm ki, uşaqlara gələcəkdə öz seçimlərini müstəqil şəkildə etmək imkanı verilməlidir. İnsan müəyyən yaşa çatdıqda öz dünyagörüşünü və şəxsi seçimlərini özü müəyyənləşdirə bilər. Məktəb yaşında isə əsas diqqət uşağın təhsilinə, inkişafına və dünyəvi təhsil mühitinin qorunmasına yönəlməlidir”.
Müsahibimiz qeyd edib ki, bu məsələdə tez-tez hicablı şagirdlərin yüksək nəticələr göstərməsi nümunə gətirilir: “Həqiqətən də, yüksək intellektə malik, istedadlı və uğurlu şagirdlərimiz var. Onların arasında hicablı qızlar da mövcuddur. Bəziləri Azərbaycanda və xaricdə təhsil alır, beynəlxalq proqramlar çərçivəsində oxuyur, TOEFL və SAT kimi imtahanlarda yüksək nəticələr əldə edirlər. Mən belə şagirdlərin bir çoxunu tanıyıram və onların uğurlarını təqdir edirəm. Lakin ayrı-ayrı şagirdlərin nailiyyətlərini ümumiləşdirərək müəyyən geyim formasını uğurun əsas göstəricisi kimi təqdim etmək düzgün olmazdı. Çünki hicablı olmayan qızlarımız arasında da yüksək nəticələr əldə edən, böyük uğurlara imza atan çoxlu şagird var. Heç bir uşağın uğurunu onun geyimi ilə əlaqələndirmək və ya bu müqayisə əsasında digər şagirdlərə qarşı haqsız yanaşma formalaşdırmaq doğru deyil".
Xalidə Gəray
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ