Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ilə görüşü çərçivəsində Azərbaycan liderinə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib. Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.
İlham Əliyevə vəsiqəni Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev təqdim edib.
Ukrayna tərəfinin bu addımını necə qiymətləndirmək olar?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Ukraynanın bu addımı Azərbaycan-Ukrayna münasibətlərinə verilən siyasi və simvolik önəmin növbəti göstəricisidir:
“Xüsusilə də “İrpin şəhərinin fəxri vətəndaşı” statusunun məhz Prezident İlham Əliyevə təqdim edilməsi adi protokol jestindən daha geniş məna daşıyır. İrpin Ukraynada müharibənin ən ağır izlərinin qaldığı şəhərlərdən biridir. Buna görə şəhərin fəxri vətəndaşlığının Prezident İlham Əliyevə verilməsi Azərbaycanın Ukraynaya müharibə dövründə göstərdiyi humanitar dəstəyə verilən qiymət kimi də qəbul edilə bilər. Azərbaycan 2022-ci ildən Ukraynaya humanitar və enerji yardımları göstərib və Bakı Ukraynanın ərazi bütövlüyünə dəstəyini dəfələrlə ifadə edib. Bu addım həm Azərbaycanın Ukraynaya müharibə dövründə göstərdiyi humanitar dəstəyin, həm də Bakı-Kiyev siyasi dialoqunun əhəmiyyətinin vurğulanmasıdır”.
Ç.Qənizadə qeyd edib ki, Azərbaycan-Ukrayna münasibətləri artıq yalnız siyasi bəyanatlar səviyyəsində qalmır, iqtisadi, enerji, humanitar və təhlükəsizlik istiqamətlərində də genişlənir:
“Prezident Volodimir Zelenskinin bu ilin aprelində Azərbaycana səfəri zamanı altı ikitərəfli sənədin imzalanması bunun göstəricilərindən biridir. Üstəlik, avqustun əvvəlində xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri zamanı Kiyev Azərbaycanla müharibədən əvvəlki ticarət dövriyyəsini bərpa etmək niyyətini açıqlayıb. Ona görə də Prezident İlham Əliyevə İrpin şəhərinin fəxri vətəndaşı statusunun verilməsini münasibətlərin dərinləşməsinə xidmət edən siyasi-humanitar jest kimi qiymətləndirmək olar. Bununla yanaşı, belə simvolik addımların əsas əhəmiyyəti onların gələcəkdə konkret əməkdaşlıq layihələri ilə tamamlanmasındadır”.
Etibar Seyidağa,
Musavat.com
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ