Onlayn ictimai-siyasi qəzet
“Şəki kəndindəki hadisə ilə əlaqədar olaraq, əgər Ermənistanda hakimiyyətə gəlsəniz, hərbi vəziyyət elan ediləcək, ordu tam döyüş hazırlığına gətiriləcək, bütün sərhəd ərazisi artilleriya atəşinə tutulacaq və Hərbi Hava Qüvvələri yaxınlıqdakı Azərbaycan mövqelərini bombalayacaq". Oktyabrın 7-də parlamentdə hökumətlə sual-cavab sessiyası zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" fraksiyasının üzvü Areqa Ovsepyanın Azərbaycan hərbçisi ilə bağlı sualını cavablandırarkən bunu açıqlayıb.

Paşinyan qeyd edib ki, “Əgər siz hakimiyyətdə olsaydınız, səfərbərlik artıq başlamış olardı, çünki hərbi vəziyyət elan edildikdən sonra səfərbərlik başlamalıdır”. Baş nazir demək istəyir ki, Rusiyanın himayə etdiyi müxalifətin hakimiyyətə gəlməsi müharibə deməkdir. Rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" son parlament seçkilərində ikinci yeri tutub. Bu partiya Gürcüstandakı Bdzina İvanişvilinin qurucusu olduğu "Gürcü Arzusu" Partiyasına bənzəyir. Nikol Paşinyan kimi gürcülərin keçmiş prezidenti Mixail Saakaşvili də Rusiyanın basqısı altında idi və nəticəsi seçkilərdə məğlubiyyət oldu. Ermənistanda da narahatedici proseslər gedir. Paşinyanın Saakaşvilidən fərqi ondadır ki, erməniləri Azərbaycanla növbəti müharibə olacağı barədə qorxudur.
Azərbaycanlı təhlilçilər erməni baş nazirin mövqeyini necə oxuyur və ya şərh edir?

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a deyib ki, Paşinyanın çağırışı aydındır və cəmiyyəti xəbərdar edir: "Demək istəyir ki, son hadisəni dövlətlərarası müharibəyə çevirməyin. Yəni izah edir ki, bir nəfər sərhədi qanunsuz keçib, bunu Azərbaycan-Ermənistan müharibəsinin başlanğıcı kimi təqdim etmək sülh prosesini təhlükəyə atar. Paşinyan 7 oktyabrda hadisəni “adi kriminal vəziyyət” adlandırdı və qadının polis gələnə qədər gözləməli olduğunu bildirdi. Bu ifadələr Ermənistan müxalifətinin və zərərçəkmiş ailənin kəskin reaksiyasına səbəb olub. Əslində, Paşinyan müxalifətə demək istəyib ki, onların bugünkü davranışı gələcəkdə Ermənistandan Azərbaycana səhvən keçə biləcək erməni hərbçiyə münasibəti ağırlaşdıra bilər və buna görə onları məsul tutacaq".
Ramil Məmmədli bildirib ki, baş nazir müharibə ehtimalını siyasi mübahisənin əsas çərçivəsinə gətirir: "Bu, Paşinyanın son illərdə istifadə etdiyi daha geniş strategiyanın davamıdır. Bu baxımdan “qorxutmaq” ifadəsini Paşinyanın niyyəti kimi yox, müxalifətin onun ritorikasına verdiyi siyasi qiymət kimi işlətmək daha dəqiqdir. Bütün hallarda, Paşinyan Nəsimini qaytaracaq və ermənilərə də sülhə zərər vuran ritorikadan uzaq durmağa çağırış edir. Bundan əvvəl Kərki məsələsinə də oxşar tezis irəli sürmüşdü. Demişdi ki, bu kəndə iddia etməklə, müxalifət müharibəni qızışdırır. Yəni ermənilərin gözünü qırmaq lazımdır ki, baş qaldırmasınlar".
![]()
Hərbi şərhçi Ermənistanda çevriliş gözləmir: "Hələ ki, mənzərə bundan ibarətdir. Karapetyan Rusiya ilə çox sıx iqtisadi əlaqələri olan erməni milyarderdir və 2026 seçkisində Paşinyana qarşı əsas siyasi qüvvələrdən birinə çevrilmişdi. Onun rəhbərlik etdiyi “Güclü Ermənistan” parlamentə də daxil oldu. Ancaq ruslara bağlı müxalifətin təbliğatı Qərbə söykənən iqtidara bata bilmir. Məncə, hadisənin ən təhlükəli tərəfi Musayevin özündən çox hadisənin Ermənistanda necə siyasi çərçivəyə salınmasıdır".
Emil Salamoğlu
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ