Onlayn ictimai-siyasi qəzet
“Azançı çəkər soyuğu,
Molla yeyər toyuğu”
(Azərbaycan ata sözü)
Mən bu temanın diqqəti daha ciddi sosial məsələlərdən yayındırmaq üçün ortaya atıldığı qənaətindəyəm, nəinki hansısa xarici qara qüvvələrin əli olmağına. Ancaq yenə də uca millətimiz özünə əl qatıb haray-həşirlə bu absurd problemi müzakirə edirsə, biz də bir yandan qoşulaq. Nə olacaq ki? Söhbətdi, eləyirik – necə deyərlər.
İlk növbədə, adamın insafı olar və bizim el məsəlində deyilən kimi, insaf dinin yarısıdır. Hazırkı Azərbaycan hakimiyyətini “islam dininin düşməni” adlandıranlar əgər dindar kəsimdəndirsə, böyük günaha batırlar. Allahınız olsun. Ortada statistika var, dəftər-kitab var axı.
Azərbaycanda hazırda 2389 məscid var, bunların təxminən 1900-ü daimi fəaliyyət göstərir. Bu çoxdurmu, azdırmı? Müqayisə üçün, İranın 92 milyon əhalisinin 54 min məscidi var və böləndə hər 1700 adama 1 məscid düşür. Bizdə bu rəqəm təxminən hər 4 min adama 1 məsciddir. Ancaq onu nəzərə alın ki, İran adından göründüyü kimi, İslam Respublikasıdır, bizim kimi dünyəvi dövlət qurmayıb.
Tarixi baxımdan da əslində bizdə məscidlərin sayında və dindarlıqda elə böyük aktivlik olmayıb, məsələn, 1917-ci ildə Azərbaycan ərazisində məscidlərin sayı 3000-ə yaxın idi. Sovet hökuməti bütün dinlər kimi islamı da kəskin repressiyaya məruz qoymuş, məscidləri bağlamışdı. Nəticədə 1991-ci ildə müstəqilliyimizi qazananda bütün respublikamızda sizcə neçə məscid var idi? Cəmi 17 ədəd!
Yəni, indiki 2300 məscidin az qala hamısı təzədir. Bunlardan 517-si 1993-2003-cü illərdə tikilib – Heydər Əliyevin prezidentliyi dönəmində. İlham Əliyevin hakimiyyəti zamanı isə 2003-2023-cü illərdə 517 yeni məscid tikilib. 300-dən çox məscid isə remont olunub.
Deməli, elementar riyazi məntiq deyir ki, hazırkı “Allah evləri”nin yarısından çoxuna görə müsəlmanlar məhz bu hakimiyyətə borcludur. O zaman bu hay-həşir nəyə görədir?
Davam edək, əlbəttə, dinə inanan şəxslər üçün riyaziyyatın heç bir mənasının olmadığını başa düşsək də...
Azərbaycanda məktəblərin sayı bəs nə qədərdir? 4194 orta məktəbimiz var. Şagird sayı azalması və optimallaşma tədbirləri ilə məktəb sayı son 3 ildə 226 ədəd düşüb. Yəni, çox da səs eləməyin, uzağı 5-10 ilə məktəb sayı məscid sayından da az olacaq. O zaman məktəb divarlarına “Hicaba azadlıq” yazanlar bəlkə məscidə gedərlər, nəhayət. Ən azı cümə günləri. Yoxsa mən bu son aksiyada qara-qışqırıq qoparanlar arasında həqiqətən dini həyat keçirən 1 nəfər də tanımıram. Allaha and olsun, tanımıram!
Bu hökumətin qədrini bilin, ətəyində namaz qılın. Vallah. Sizə bundan yaxşı şəraiti kim yaradacaq? Ramazan, Qurban, Həcc-filan – hamısı lazımi qaydasında təşkil edilir, bəzi günlər dövlət səviyyəsində bayramdır. Qəbristanlıq mollasına maaş verməyə, altına maşın qoymağa qədər işlər görürlər. Halbuki, başqa inanclara belə münasibətin sıfır onda bir faizi qədər hörmət qoyulmur. Məsələn, mən insan azadlığının ən böyük dəyər olduğuna inanıram. Yəni, bir növ, liberalizm mənim inancımdır. Lakin gəlin görək bizim “məscidlərimiz” qalıbmı? Yox. Hamısını bağlayıblar. Ölən bizik, bunlar ağlaşır...
Ona görə “çox da şey eləməyin”, təzədən hamısı qaydasına düşəcək, hökumətimizlə dindarlarımız öpüşüb-barışacaqlar. Mən də həmin xoşbəxt gün üçün öz töhfəmi vermək məqsədiylə bir anekdot danışım. Əslində olmuş hadisədir, deyilənə görə Saatlıda baş vermişdir.
Yas yeridir, molla moizə oxuyur: “Ay cəmaət, ölüyə nə lazımdır? O lazımdır ki, onun namazını qılasan. Ölüyə nə lazımdır? O lazımdır ki, kəfənləyib dəfn edəsən. Ölüyə nə lazımdır? O lazımdır ki, yas mərasimini layiqincə verəsən”. Nəsə, bu söhbət bir az uzanır, yerdə oturanlardan biri dözmür, molla növbəti dəfə “Ölüyə nə lazımdır” deyə sual edəndə adam qışqırır: “Can sağlığı!”
Hamımıza can sağlığı arzusuyla. Bir hədisdə deyilən kimi, kaş Allah bizim cəzamızı elə bu dünyada versin, o dünyaya qalsa daha ağır olacaq.
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ