Onlayn ictimai-siyasi qəzet
ABŞ “F-35” qırıcılarının Türkiyəyə satışını təsdiqləyə bilər. Bu barədə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi brifinqdən sonra jurnalistin müvafiq sualını cavablandırarkən danışıb. ABŞ lideri vurğulayıb ki, mövcud administrasiya sözügedən məsələ ətrafında ciddi şəkildə müzakirələr aparır. Tramp “F-35” qırıcılarının Türkiyəyə satışının təsdiqi üçün qırıcılardan İsrailə qarşı istifadə edilməyəcəyi şərtini irəli sürüb.
Bəs Türkiyə bu şərti qəbul edərmi?

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Türkiyə bu şərti qəbul etsə belə, “F-35” məsələsinin müsbət həlli ehtimalı azdır və hətta sıfıra yaxındır:
“Türkiyə “Patriot” sistemləri almaq istəyirdi. ABŞ Türkiyəyə ‘Patriot’ vermədi. Bundan sonra Türkiyə Rusiyadan S-400 aldı. ABŞ bunu bəhanə edərək Türkiyəni ‘F-35’ proqramından çıxardı. Bu gün isə Türkiyəyə “F-35” qırıcılarını satmağa qoyduğu sanksiyanı ləğv etmək üçün İsrailə qarşı bu qırıcılardan istifadə etməmək şərti qoyur. Əslində belə bir şərtin qoyulması ‘F-35’ qırıcılarını satmamaq üçün bəhanədir. Türkiyənin ‘F-35’lər almasına İsrail mane olur. İsrail regionda əsas güclü oyunçulardan olan Türkiyənin hərbi hava qüvvələrinin güclənməsini istəmir”.
Ekspert hesab edir ki, hətta Türkiyə Trampın şərtini qəbul etsə belə, ABŞ “F-35”ləri Türkiyəyə satmamaq üçün başqa hansısa bəhanə ortaya atacaq və məsələ yenə də müsbət həllini tapmayacaq. Halbuki adı çəkilən qırıcıları alsa belə, Türkiyənin onlarla İsrailə zərbə endirəcəyi ehtimalı yoxdur:
“Türkiyə istənilən ölkədən ona qarşı hücum olmayacağı halda hansısa ölkəyə hərbi zərbə endirməz. Sadəcə olaraq Türkiyə hərbi hava qüvvələrinin daha da güclənməsini istəmirlər. Fikrimcə, Ankara bütün bunları bildiyindən Trampın şərtini qəbul etməyəcək. Ona görə də güman ki, Türkiyə alternativ variantlardan istifadə edəcək. ‘F-35’ə alternativ qırıcıların alınması istiqamətində addımlar atması mümkündür”.
Etibar Seyidağa,
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ