Onlayn ictimai-siyasi qəzet
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) Sakit okeanın beynəlxalq sularında Ekvadorun "Los Choneros" transmilli narkokartelinə qarşı növbəti xüsusi əməliyyat həyata keçirib.
Musavat.com xəbər verir ki, kəşfiyyat məlumatları əsasında reallaşan dəniz əməliyyatı zamanı kartelin açıq dənizdə hərəkət edən gəmiləri yanacaqla təmin edən "üzən yanacaqdoldurma məntəqəsi" funksiyasını yerinə yetirən əsas gəmi və ona kömək edən katerlər saxlanılıb.
ABŞ dəniz piyadalarının xüsusi təyinatlı heyəti hərbi helikopterlər və sürətli katerlərin dəstəyi ilə gəmilərə daxil olaraq ərazini nəzarətə götürüblər. Göyərtədəki heyət üzvləri müqavimətsiz təslim olduqdan sonra təhlükəsiz şəkildə təxliyə edilərək Ekvador hüquq-mühafizə orqanlarına təhvil verilib. Axtarış və təhlükəsizlik tədbirləri yekunlaşdıqdan dərhal sonra Amerika hərbçiləri kartel tərəfindən təkrar istifadə edilməməsi üçün əsas gəmini və köməkçi katerləri partladaraq Sakit okeanın dibinə batırıblar.
ABŞ Cənub Komandanlığının rəhbərliyi bəyan edib ki, bu əməliyyat Latın Amerikası narkotik şəbəkələrinin logistika zəncirinə vurulmuş ağır zərbədir. Vaşinqton regionda fəaliyyət göstərən cinayətkar qruplaşmaların dənizdəki bütün hərbi və texniki imkanlarını tamamilə sıradan çıxarmaq niyyətindədir.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ