İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Almaniya savaşı qayıdır-dünya şokda  

Son günlər Rusiya-Almaniya arasında münasibətlərdə baş verənlər artıq adi diplomatik narazılıq çərçivəsindən çıxaraq təhlükəli qarşıdurma xəttinə yaxınlaşır. Berlinin Rusiyanı Leipzig/Halle hava limanında baş verdiyi bildirilən dron insidentində ittiham etməsi, ardınca Rusiyanın Bonn şəhərindəki Baş Konsulluğunun və Berlindəki “Rusiya Evi”nin bağlanması Moskvanın sərt reaksiyasına səbəb olub.

Rusiya XİN-i Almaniyanın addımlarını “açıq təxribat” adlandıraraq cavab tədbirləri vəd edib. Belə ki, şimal qonşumuz Berlindəki “Rus Evi”nin fəaliyyətinin dayandırılmasına cavab olaraq Moskvada, Sankt-Peterburqda və Yekaterinburqda Höte İnstitutunun filiallarını bağlayacaq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumunda (ŞİF) bildirib.

“Əlbəttə, onlar bağlanacaq. Berlindəki mədəniyyət mərkəzimiz oradan qovulduqdan sonra başqa cür ola bilməz. Əks halda özümüzə hörmət etmərik”, – Lavrov deyib.

Bununla paralel, Almaniyanın müdafiə imkanlarını sürətlə artırması da diqqətdən yayınmır. Berlin İsraildə istehsal olunan LORA ballistik raketini sınaqdan keçirib, Ukraynaya hərbi dəstəyi davam etdirir və Rusiyadan gələn təhlükəyə qarşı daha uzaqmənzilli silah imkanlarını genişləndirir.

Beləliklə, Moskva ilə Berlin arasında diplomatik kanalların daralması, qarşılıqlı ittihamların sərtləşməsi, konsulluq və mədəniyyət mərkəzlərinin bağlanması, Almaniyanın hərbi hazırlığını artırması və Avropada Rusiyanın mümkün hibrid fəaliyyətləri ilə bağlı narahatlığın yüksəlməsi yeni mənzərə yaradır. Üstəlik, NATO da Almaniyanın mövqeyini dəstəkləyir və Avropada Rusiyaya qarşı daha sərt tədbirlər müzakirə olunur.

Ən təhlükəli məqam isə odur ki, söhbət artıq yalnız Rusiya-Ukrayna cəbhəsindən getmir. Əgər qarşılıqlı ittihamlar yeni təxribatlar, kiberhücumlar, sabotaj və ya hərbi insidentlərlə müşayiət olunarsa, Rusiya ilə NATO-nun aparıcı ölkələrindən biri olan Almaniya arasında birbaşa qarşıdurma riski arta bilər.

Moskva ilə Berlin arasında diplomatik savaş hərbi qarşıdurmaya çevrilə bilərmi? Almaniyanın sürətlə silahlanması Rusiyaya hazırlıqdırmı? NATO bu qarşıdurmaya nə qədər müdaxilə edəcək?

Asif Nərimanlının atası vəfat etdi - Globalinfo.az

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a bunları dedi: “Leipzig insidenti Avropanın “qırmızı xətti”nin keçilməsi kimi qəbul edilə bilər, lakin Rusiya bu hadisəyə görə məsuliyyəti üzərinə götürməməsi prosesin diplomatik gərginlik istiqamətdə qalacağı ehtimalını ön plana çıxarır. Avropa Leyspik məsələsindən Rusiyaya “qırmızı xətlərini” nümayiş etdirmək və qitə daxilində siyasi birliyi təmin etmək məqsədilə istifadə etməyə çalışır. Rusiyaya qarşı vahid mövqedən çıxış etmələri buna hesablanıb. Bu, ilk növbədə diplomatik gərginliyin yüksələcəyi gözləntisini artır. Diplomatik gərginliyin artması risklidir. Çünki Avropa və Rusiya arasında münasibətlər onsuz da soyuqdur, yeni böhran məhdud diplomatik kanalların da bağlanmasına səbəb ola bilər. Nəticədə gərginlik eskalasiya mərhələsinə keçid risklərini daşıyır. Hərçənd, prosesin hərbi qarşıdurmaya keçəcəyi ehtimalı çox azdır. Avropa belə bir müharibəyə hazır deyil. Ən azından, indi imkanları məhduddur. Mümkün müharibəyə hazırlıq üçün zaman lazımdır, xüsusilə ABŞ-ın müdafiə məsələsində geri çəkilməsi fonunda. Digər tərəfdən, belə bir müharibə NATO-nun qoşulması və bütöv qitəyə yayılması deməkdir ki, Şimal Alyansı da bunu istəmir. Əslində Rusiyanın Avropa ilə müharibə aparmaq imkanları da yoxdur. Fikrimcə, bu hadisə diplomatik gərginliyi daha da artıracaq. Xüsusilə Avropa elitası qitədə Rusiyaya qarşı vahid mövqeyə nail olunması məqsədilə bundan istifadə edəcək. Moskva da imkanları məhdud olsa da, Avropa ilə gərginliyi “hər an müharibə başlaya bilər” müstəvisində saxlaya, bundan həm Ukrayna müharibəsində, həm də geosiyasi planlarında istifadə edə bilər”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR