İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusunda NƏHƏNG korrupsiya

Rusiya Müdafiə Nazirliyinin hərbi tibb sistemi üçün avadanlıq satınalmalarında ən azı 6 milyard rublun mənimsənildiyi iddia olunur. Sxemdə yüksək vəzifəli hərbi tibb rəsmilərinin, vasitəçi şirkətlərin və fərdi sahibkarların iştirak etdiyi bildirilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, iddiaya görə, sxemin əsas fiquru Müdafiə Nazirliyinin Baş Hərbi-Tibb İdarəsinin 4-cü idarəsinin rəisi Andrey Staviladır.

Onun müavinləri Skibo və Kuandıkovun da prosesdə iştirak etdiyi bildirilir. Stavilanın böyük sərvət topladığını və dəbdəbəli həyat sürdüyünü iddia edilir. Sxemin tibbi avadanlıqların alınması zamanı tender şərtlərinin əvvəlcədən müəyyən şirkətlərə uyğunlaşdırılması üzərində qurulduğu bildirilir. Formal olaraq “ekspert şuraları” keçirilsə də, mənbəyə görə, onların qərarlarını Stavila diktə edib. Texniki tapşırıqlar konkret istehsalçıların avadanlıqlarına uyğun hazırlanaraq rəqiblərin alternativ məhsul təklif etməsinin qarşısı alınıb.

İddiaya görə, Stavilanın göstərişi ilə Skibo kommersiya təklifləri üçün sorğuları yalnız əvvəlcədən müəyyən edilmiş şirkətlərə göndərib. Bunların bir hissəsinin istehsalçı deyil, avadanlığı bazardan alaraq Müdafiə Nazirliyinə xeyli baha satan vasitəçilər olduğu bildirilir. Mənbə “ONİMED”, “SZUOMT”, “Proksi-med”, “Medikom” və “MarkMed” şirkətlərinin adını çəkir. “ONİMED”in rəhbəri Onupriyenko, “SZUOMT”un rəhbəri isə İvanov göstərilir.
İddiaya görə, Stavila satınalma sorğularının göndəriləcəyi şirkətlərin siyahısını şəxsən təsdiqləyib, bəzi şirkətlər isə üçüncü şəxslər vasitəsilə onun nəzarətində olub.

Mənbələr daha iki şirkətlər qrupu ilə “otkat” sistemi qurulduğunu iddia edir. Birinci qrupa “DVMED”, “MastMed”, “Medika”, “Stormdevis”, “Medkompleks”, “Medpribor”, “Medklub”, “Alternativa”, “Meditsina 2020”, “Vimed”, “Proqress i Texnologii” şirkətlərinin daxil olduğu bildirilir. Mənbənin iddiasına görə, bu şirkətlərdən alınan pulları Skibo qəbul edərək Stavilaya çatdırıb. İkinci istiqamətdə isə “Delrus” holdinqinin adı çəkilir. Buraya “Medeksport”, “Medqrad”, “RegionServis”, “Medprospekt” və “Meditsinskaya texnika plyus” şirkətlərinin daxil olduğu bildirilir. Mənbə əvvəllər pulların İqnatov və Xotsin adlı vasitəçilər vasitəsilə ötürüldüyünü, onların sonradan məsuliyyətə cəlb edildiyini yazır. İddiaya görə, bundan sonra ödənişlər birbaşa Stavilaya və ya onun nəzarətində olduğu iddia edilən şirkətlərin hesablarına yönəldilib.

Sxemdə fərdi sahibkarların da istifadə olunduğu bildirilir. Lozovskaya, Mironenko, Puxov və Şubina ilə müqavilələr bağlandığı, onların avans aldıqdan sonra pulları nağdlaşdıraraq kuratorlara ötürdüyü iddia edilir.
Mənbə tenderlərin manipulyasiyası ilə bağlı daha bir diqqətçəkən detal açıqlayıb. İddiaya görə, satınalmalarda bilərəkdən son dərəcə qısa çatdırılma müddətləri müəyyən edilirdi. Sonra “xüsusi əhəmiyyət” və təcililik əsas gətirilərək açıq müsabiqədən yan keçilir və birbaşa müqavilələr bağlanırdı.

Tenderi əvvəlcədən nəzərdə tutulmayan şirkət qazandıqda isə prosesə Burdenko hospitalının baş cərrahı Odintsevin qoşulduğu iddia olunur. İddiaya görə, Ukrayna müharibəsi üçün satınalmalarda baş ekspert təyin edilmiş Odintsev belə hallarda “yad” şirkətin avadanlığını texniki şərtlərə uyğun saymır və ya onun Stavila ilə əlaqələndirilən şirkətin məhsulu ilə əvəz edilməsini təklif edirdi.

Mənbənin iddiasına görə, 2025-ci ilin sonunda Baş Hərbi-Tibb İdarəsinin rəisi Trişkin Stavilaya mümkün yoxlamalar barədə xəbərdarlıq edib. Bundan sonra Stavila görüntü yaratmaq məqsədilə videoya çəkilən bir “açıq” ekspert şurası keçirib, lakin satınalma sisteminin mahiyyəti dəyişməyib. Rucriminal.info bütün bu mexanizm vasitəsilə hərbi tibb üçün ayrılmış büdcədən ən azı 6 milyard rublun mənimsənildiyini iddia edir. Sözügedən ittihamlarla bağlı Rusiya Müdafiə Nazirliyinin və materialda adları çəkilən şəxslərin mövqeyi təqdim olunmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR