İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan Azərbaycana ixrac başlayır: hansı məhsullar gətiriləcək?

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarından biri gündəmdə ciddi müzakirələrə yol açıb. O, bildirib ki, Ermənistan və Azərbaycan arasında ilk rəsmi ticarət-ixrac əməliyyatı artıq reallaşıb. Paşinyan həmçinin, qeyd edib ki, ticarət əməliyyatının rəsmi təfərrüatları sazişi imzalayan özəl şirkətlər tərəfindən ictimaiyyətə təqdim olunacaq.

İqtisadçılar hesab edirlər ki, Ermənistandan Azərbaycana hansı məhsulların ixrac oluna biləcəyini müəyyən etmək üçün ilk növbədə Ermənistanın özünün istehsal və ixrac strukturuna baxmaq lazımdır. Mövzunu iqtisadçı Eldəniz Əmirov ilə müzakirə etdik.

O, Musavat.com-a şərhində bildirib ki, Ermənistanın son illərdəki ixracında qızıl, qiymətli metallar və bəzi elektronika məhsullarının re-eksportu böyük yer tutub:

“2025-ci ildə Ermənistanın ümumi ixracı 36,1% azalsa da, Ermənistan mənşəli məhsulların ixracı təxminən 10% artıb. Yəni ümumi ixracdakı azalma ölkənin öz istehsalı olan məhsulların ixracının azalması demək deyil. Bu artımın mühüm istiqamətlərindən biri ərzaq və kənd təsərrüfatıdır. 2025-ci ildə hazır qida məhsullarının ixracı 28,7% artaraq təxminən 1,25 milyard dollara, bitki mənşəli məhsulların ixracı isə 24,2% artaraq 300 milyon dollara çatıb. Ermənistan xarici bazarlara şokolad və qənnadı məmulatları, konservlər, meyvə şirələri, mineral sular, şərab və konyak, həmçinin təzə və qurudulmuş meyvə-tərəvəz ixrac edir. Bu sahələrdə istehsal artımı 2026-cı ildə də davam edib. İlin ilk yarısında qida istehsalı 6%, içki istehsalı 16,6% artıb. Qida sənayesinin Ermənistanın emal sənayesində payı 30%-dən çoxdur. Bunun nəticəsidir ki, 2026-cı ilin ilk 7 ayında Ermənistanın aqrar-ərzaq ixracı 849 milyon dollar təşkil edib”.

Eldəniz Əmirovun fikrincə, Azərbaycana mümkün ixrac yalnız ərzaq məhsulları ilə də məhdudlaşmaya bilər:

“Ermənistan sənayesinin bir sıra sahələrində də istehsal artır. 2026-cı ilin ilk yarısında kimya səneayesi istehsalı 73,2%, əsas metalların istehsalı 32,1%, hazır metal məmulatları 34,2%, rezin və plastik məmulatları 6,5% artıb. Mədən sənayesi də ölkənin əsas ixrac sahələrindən biridir və 2025-ci ildə bu sahənin məhsullarının ixracı 18,9% artaraq 1,21 milyard dolları keçib. Bütün bunlar Ermənistanın ixrac bazarlarını genişləndirməyə çalışdığı dövrə təsadüf edir. Hökumətin 2025–2030-cu illər ixrac strategiyasında yerli məhsulların ixracının təxminən 1,7 dəfə artırılaraq ildə 6,6 milyard dollara çatdırılması hədəflənir. Azərbaycan bazarının açılması da Ermənistan üçün bu şaxələndirmənin yeni istiqamətlərindən birinə çevrilə bilər.

Mövcud istehsal və ixrac strukturuna baxdıqda, gələcəkdə Ermənistandan Azərbaycana təzə və qurudulmuş meyvə-tərəvəz, konservlər və meyvə şirələri, şoklad və qənnadı məhsulları, mineral sular və digər içkilər, şərab və digər alkoqollu içkilər, kimya məhsulları, plastik və rezin məmulatları, metal və digər sənaye məhsulları, iqtisadi baxımdan sərfəli olarsa, mis və digər filiz konsentratları, molibden və metallurgiya məhsullarının ixrac potensialı vardır. Amma təbii ki, bunlar Ermənistanın ixrac imkanlarına əsaslanan potensial məhsullardır. Konkret olaraq hansı malların Azərbaycan bazarına daxil olacağını isə qiymət, keyfiyyət, tələbat, logistika və yerli məhsullarla rəqabət müəyyən edəcək”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR