Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycan hökuməti bu ilin ikinci yarısında ciddi borclanma proqnozlaşdırır.
Maliyyə Nazirliyinin dövlət büdcəsinin yarımillik icrasına dair arayışı və ilin sonuna gözləntilər barədə hesabatına Azərbaycanın dövlət borcu ilin sonunadək 4 milyard manata yaxın artacaq.
Nazirlik vurğulayır ki, bu il iyulun 1-nə dövlət borcunun (xarici və daxili) ümumi məbləği 23 milyard 830 milyon manat olub. Ümumi dövlət borcunun 7 milyard 848,6 milyon manatı (4 milyard 616,8 milyon dollar) və ya 32,9 faizi xarici dövlət borcunun, 15 milyard 982,0 milyon manatı (67,1 faizi) daxili dövlət borcunun payına düşüb. Gələn ilin əvvəlinə isə ümumi borc 27 milyard 604 milyon manata (xarici dövlət borcu 4 milyard 833,0 milyon dollar, daxili dövlət borcu isə 19 milyard 387,1 milyon manat) yüksələcək. Yəni xarici dövlət borcu 216,2 milyon dollar, daxili dövlət borcu isə 3 milyard 405,1 milyon manat artacaq.
Maliyyə Nazirliyi artıq daxil borclanmanı sürətləndirməyə başlayıb. Belə ki, sentyabrın 1-də “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0201240014 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjanın məlumatına görə, investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 499,2 milyon manat təşkil edib, onun 345,9 milyon manatlıq hissəsi təmin olunubə. Dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0574 (6,9784%) və kəsmə qiyməti 99.3366 (7.2500%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 1 sentyabr 2029-cu ildir.
Qeyd edək ki, Maliyyə Nazirliyi son 2 ildə qısa və ortamüddətli borcların payını azaltmaq üçün bir sıra addımlar atıb. Xüsusilə 3 ildən aşağı müddəti olan qiymətli kağızların vaxtından əvvəl geri alınması bu addımlardan biridir. Son hərraclar zamanı yerləşdirilən istiqrazların müddətinin 3 illik olması bu addımların davamı kimi qiymətləndirilə bilər.
Daxili borclanma bir qayda olaraq dövlət büdcəsi kəsirinin bağlanması məqsədilə istifadə olunan alət hesab edilir. Cari ilin 7 ayında Azərbaycanın dövlət büdcəsi nəinki kəsirsiz, hətta profisitlə icra olunub. Maliyyə Nazirliyini məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat təşkil edib ki, bu da proqnozu 855,9 milyon manat və ya 3.8 faiz üstələyib. Bu dövrdə dövlət büdcəsindən 20 milyard 174,4 milyon manat xərclənib. Nəticədə büdcədə 3 milyard 420 milyon manat xərclənməmiş vəsait qalıb.
Maliyyə Nazitriyi avqust ayında bu vəsaitlərin bir hissəsini depozit şəklində banklara yerləşdirib. Nazirlik bildirir ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə avqust ayı ərzində 6 depozit hərracı keçirilib və ümumilikdə xəzinə hesabının 146 milyon manat məbləğində qalığı ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib. O cümlədən avqustun 6-da iki depozit hərracı keçirilib və ilk hərracın nəticələrinə əsasən, xəzinə hesabının 16 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. Digər hərracda isə xəzinə hesabının 25 milyon manat həcmində qalığı 1 kommersiya bankında 84 gün müddətinə, 6.54 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 13-də keçirilən növbəti depozit hərracının nəticələrinə əsasən, xəzinə hesabının 21 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.54 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 20-də baş tutan hərracda 1 kommersiya bankı iştirak edib. Hərracın nəticəsinə əsasən, xəzinə hesabının 35 milyon manat həcmində qalığı 84 gün müddətinə, 6.53 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 27-də isə daha iki depozit hərracı keçirilib. Hərracların birinin nəticəsinə əsasən, xəzinə hesabının 19 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.52 faiz orta çəkili faiz dərəcəsi ilə, digərində isə xəzinə hesabının 30 milyon manat həcmində qalığı 1 kommersiya bankında 84 gün müddətinə, 6.54 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılmasını təmin etdiyini, eyni zamanda vəsaitlərin kommersiya banklarında yerləşdirilməsinin bank sektorunda likvidliyin artmasına töhfə verdiyini bəyan edir.
Beləliklə, maraqlı mənzərə yaranır: Maliyyə Nazirliyi həm daxili borclanmanı artırır, həm də banklara büdcə vəsaitləri ilə depozit yerləşdirir.
İqtisadçı-ekspert Rəşad Həsənovun Musavat.com-a dediyinə görə, ilin sonuna Azərbaycanda dövləöt büdcəsi kəsirinin 1,5 milyard manat olacağı gözlənilir: “Böyük ehtimalla, yekunda kəsir ciddi şəkildə aşağı olacaq. Buna görə də düşünürəm ki, indiyədək 550 milyon manat həcmində borclanmadan sonra ilin sonunadək ən uzağı 400-500 milyon manat əlavə borclanmaya gediləcək. Yəni bütün illik daxili borclanmanın 1-1,1 milyard manatdan yuxarı olmayacağını gözləyirəm. Daxili borclanma müxtəlif məqsədlər üçün atılan addımdır. Büdcə planlanması mürəkkəb bir iş olduğu üçün borclanma siyasəti atədən daha uzunmüddətli məqsədlər üçün həyata keçirilir. Qısamüddətli dövrdə məqsəd, əlbəttə, büdcə kəsirinin qapadılması, likvidliyin dəstəklənməsidır. Uzunmüddətli dövr üçün məqsəd qısamüddətli dövrdə yaranan xərclərin daha uzaq müddətə ötürülməsini təmin etməkdir”.
Ekspert qeyd edir ki, büdcə vəsaitlərinin banklara depozit kimi yerləşdirilməsi səmərəlilik və gəlir artımı məqsədi daşıyır: “Büdcə qalığının banklara qısamüddətli depozitə yerləşdirilməsi büdcə vəsaitlərindən səmərəli istifadə və gəlir əldə edilməsinə xidmət edir. Həm borclanma, həm də büdcə qalığının depozitə yerləşdirilməsi ilin sonuna yaxın kəskin artan büdcə xərcləmələrinə hazırlıqdır. Bildiyiniz kimi, xüsusilə ilin son 2 ayında büdcədən maliyyələşdirilməsi nəzərdə tutan layihələr üzrə xərcləmələrin tam həcmdə maliyyələşdirilməsi prosesi baş verir. Bu, likvid vəsaitlərə tələbi artırır. Ona görə də daxili borclanma sürətləndirilir.
Bundan əlavə, düşünürəm ki, hökumət həm istiqraz, həm də depozit yerləşdirməkdə başqa məqsədlər də güdür. Bura bank sektorunda likvidliyin, qiymətli kağızlar bazarında aktivliyin artırılması, manata yaranan təzyiqlərin neytrallaşdırılması kimi qeyri-fiskal məqsədlər daxildir”.
Dünya,
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ