Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna münaqişəsinin həlli üçün diplomatik təmasların intensivləşdiyi vaxtda Brüssel Kiyevə hərbi dəstəyi gücləndirir. Ukrayna müttəfiqlərinin dəstəyi və Avropa İttifaqının krediti hesabına ABŞ istehsalı “Patriot” sistemləri üçün təxminən 1000 raketin tədarükünü müqavilələşdirir. Lakin müdafiə naziri Yevgeni Xmara bildirib ki, raketlərin böyük hissəsinin çatdırılması daha sonrakı illərə düşür və Ukraynanın hazırda əsas ehtiyacı məhz mövcud ehtiyatlardan təcili surətdə əlavə raketlərin əldə edilməsidir.

Bu arada, Almaniya Ukraynaya əlavə “Patriot” raketləri göndərməyə hazırlaşır. Berlin xüsusilə qış aylarında Rusiyanın Ukraynanın enerji və digər kritik infrastrukturuna hava hücumlarını artıracağından ehtiyat edir. Böyük Britaniya da Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə 100 milyon funt sterlinq ayırıb. Bütün bunlar Ukrayna müharibəsinin yeni mərhələyə keçdiyini göstərən siqnallar kimi dəyərləndirilir. Rusiya uzaqmənzilli raket və dronlarla Ukrayna şəhərlərinə, enerji sisteminə və hərbi infrastruktura zərbələri artırarkən, Kiyev daha güclü hava müdafiə sistemi və uzaqmənzilli silah tələb edir.
![]()
AMİP sədrinin müavini Afsəddin Nəbiyev Musavat.com-a açıqlamasında ziddiyyətli mənzərə yarandığını bildirib: “Bir tərəfdən ABŞ administrasiyası danışıqların bərpasına çalışır, digər tərəfdən Qərb ölkələri Ukraynanın müdafiə imkanlarını gücləndirir. Belə bir şəraitdə Ukraynanın təxminən 1000 ədəd “Patriot” raketi üçün müqavilələr bağlaması diqqət çəkir. Lakin bu rəqəmi Rusiyaya qarşı yeni böyük hərbi kampaniyanın hazırlığı kimi qiymətləndirmək düzgün olmaz. Kiyevin əsas tələbi isə tərəfdaş ölkələrin mövcud ehtiyatlarından təcili olaraq 300 “Patriot” raketinin əldə edilməsidir. Bu da söhbətin ilk növbədə hücum potensialının artırılmasından deyil, Ukraynanın hava hücumlarından müdafiəsinin təmin edilməsindən getdiyini göstərir”.
Ekspert Qərbin üç əsas məqsədinin olduğunu düşünür: “Birincisi, qarşıdan gələn qışda Ukraynanın enerji və digər strateji obyektlərini qorumaq; ikincisi, Ukraynanın danışıqlar masasına zəif vəziyyətdə oturmasının qarşısını almaq; üçüncüsü isə Rusiyanın raket və dron imkanlarının Avropanın təhlükəsizliyi üçün yaratdığı riskləri azaltmaq. Yəni diplomatiya və hərbi hazırlıq hazırda bir-birinin alternativi deyil, paralel proseslərdir. Rusiya isə bu qərarları Qərbin Ukraynaya dəstəyinin davamı kimi qiymətləndirə və cavab olaraq raket-dron hücumlarını intensivləşdirə bilər. Lakin Ukraynanın hava hücumundan müdafiəsinin güclənməsi Rusiyanın zərbə imkanlarını məhdudlaşdırarsa, Moskvanın müharibənin hərbi və iqtisadi qiymətini yenidən hesablaması da mümkündür. Bu mənada “Patriot” sistemləri yalnız müdafiə vasitəsi deyil, eyni zamanda danışıqlarda siyasi təzyiq yaradan amilə çevrilə bilər. Məncə, hazırkı mərhələnin əsas xüsusiyyəti budur ki, ABŞ sülh üçün diplomatik yol axtarır, Avropa isə Ukraynanın müdafiə qabiliyyətini qoruyur”.
Cavanşir Abbaslı
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ