Onlayn ictimai-siyasi qəzet
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk süni intellektin inkişafının bəşəriyyətin mövcudluğuna təhlükə yarada biləcəyini bildirib. Cenevrədə BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyasının açılışında çıxış edən rəsmi qeyd edib ki, bu gün süni intellekt üzərində faktiki olaraq məhdudiyyətsiz hakimiyyət bir neçə nəfərin əlində cəmləşib.
O, nə qədər gec deyil, beynəlxalq təhlükəsizlik qaydalarının təcili hazırlanmasına və süni intellekt sahəsində "qırmızı xətlərin" müəyyən edilməsinə çağırıb. Onu da deyək ki, bu gün ən çox müzakirə edilən mövzulardan biri süni intellektdir. Bəzi mütəxəssislər süni zəkanın köməyi ilə böyük problemlərin həll olunacağına ümid bəsləyirlər. Ancaq digər alimlər süni zəka barədə o qədər də nikbin proqnozlar səsləndirmirlər. Təəssüf ki, son vaxtlar süni intellektdən dezinformasiya və saxta məlumatların yayılmasında geniş istifadə olunur.
Doğrudanmı belə bir təhlükə var və süni intellekt bir neçə nəfərin əlindədir? Onlar kimdir? Konkret hansı təhlükədən söhbət gedir?
IT mütəxəssisi Asif Rzayev bildirir ki, təhlükə realdır, amma “süni intellekt 2-3 nəfərin əlindədir” ifadəsi bir qədər sensasionlaşdırılmış yanaşmadır: “Əslində söhbət ondan gedir ki, ən qabaqcıl AI modellərini yaratmaq üçün lazım olan böyük hesablama gücü, data, maliyyə və texniki resurslar hazırda məhdud sayda böyük texnologiya şirkətinin əlində cəmlənib. Burada əsas təhlükə təkcə AI-nin “özünün ağıllanması” deyil. Daha real və yaxın risklər deepfake və dezinformasiya, kiberhücumların avtomatlaşdırılması, saxta xəbərlərin kütləvi yayılması, insanların manipulyasiyası, şəxsi məlumatların qorunması, kütləvi nəzarət və AI-nin kritik qərarlarda yanlış istifadəsidir. Gələcəkdə daha güclü AI sistemlərinin insan nəzarətindən nə dərəcədə asılı olacağı da ayrıca müzakirə mövzusudur. Kimlərdən söhbət gedir? İlk növbədə OpenAI, Google, Anthropic, Meta və digər böyük AI şirkətləri, eləcə də onların arxasında duran böyük kapital və hesablama infrastrukturu sahibləri nəzərdə tutulur. Amma bunların heç biri AI üzərində tam və mütləq nəzarətə malik deyil. Məncə, əsas məsələ “AI-ni dayandıraq” deyil. Bu qədər güclü texnologiyanın bir neçə şirkətin kommersiya maraqlarından asılı qalmaması, dövlətlərarası qaydalar, audit, şəffaflıq və təhlükəsizlik mexanizmləri ilə tənzimlənməsi daha vacibdir. AI düzgün idarə olunarsa bəşəriyyət üçün böyük imkan, nəzarətsiz və məsuliyyətsiz istifadə olunarsa isə ciddi risk mənbəyi ola bilər”.
Mütəxəssis Saməddin Qədimov deyir ki, bütün bu sistemlərin yaradılması və inkişafı bir nəfərin və ya hansısa konkret şəxslərin idarəsi altında deyil: “Çünki bu prosesin arxasında böyük vəsaitlər və investisiyalar cəlb edən təşkilatlar, qurumlar və şirkətlər dayanır. Onların strukturunda müşahidə şuraları, idarə heyətləri yer alır. Qiymətli kağızların sahibləri də müşahidə şurasının üzvləri olur, yəni bu, sırf bir adamla bağlı məsələ deyil. İnformasiya təhlükəsizliyi baxımından isə risklər var. Hazırda süni intellekt qapalı və texniki infrastruktur mühitlərində inkişaf edir, təkmilləşir. Ən böyük risk odur ki, onlar qlobal internetə çıxış əldə etdikdə və süni intellektin inkişafının növbəti mərhələsi olan ümumi inkişaf modelləri formalaşdıqda, bu sistemlər bir növ insan fəaliyyətini tam olaraq əvəz edə bilər. Həm müsbət, həm də mənfı istiqamətdə bu əvəzlənmə baş verə bilər. Kiberhücumlar, kibercinayətkarlıq və ya daha yüksək səviyyəli rəqəmsal dələduzluqlar ortaya çıxa bilər. Əsas təhdidlər məhz informasiya təhlükəsizliyi ilə bağlıdır. Konkret insan faktoru baxımından olmasa da, texnologiya və informasiya təhlükəsizliyi baxımından bu risklər mövcuddur”.
Şahanə Rəhimli
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ