Onlayn ictimai-siyasi qəzet
Moskvada Pianoçunu zəif ifa, ritm problemləri və məşqlərə gecikmələr səbəbindən sınaq müddətində işdən çıxaran orkestr məhkəmədə uduzub.
Musavat.com xəbər verir ki, məhkəmə musiqiçinin işdən çıxarılmasını qanunsuz sayaraq onun vəzifəsinə bərpa edilməsinə və 1,2 milyon rubl (təxminən 25 min manat) ödənilməsinə qərar verib.
Hadisə ötən ilin dekabrında baş verib. Orkestr rəhbərliyi pianoçunun peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olmadığını bildirib. Qeyd olunub ki, musiqiçi əsərləri ifa edərkən vaxtaşırı tempi sürətləndirib və ya ləngidib, notları yaxşı oxumayıb və ritmin dəqiqliyini qoruya bilməyib.
Bundan başqa, pianoçu məşqlərə gecikməkdə və bədii rəhbərliyin verdiyi tapşırıqları dəqiq yerinə yetirməməkdə günahlandırılıb.
Musiqiçi isə işdən çıxarılmasını qanunsuz hesab edərək məhkəməyə müraciət edib. O bildirib ki, işə qəbul edilərkən vəzifə təlimatları ilə tanış edilməyib, işdən çıxarılmazdan əvvəl isə ona xəbərdarlıq olunmayıb.
Məhkəmə pianoçunun iddiasını təmin edib. Qərara əsasən, rəhbərlik sınaq müddəti ərzində onun işindəki konkret çatışmazlıqları göstərməyib və həmin nöqsanların aradan qaldırılması üçün tövsiyələr verməyib.
Nəticədə işdən çıxarılma qanunsuz sayılıb. Pianoçu əvvəlki vəzifəsinə bərpa edilib, orkestr isə ona 1,2 milyon rubl (təxminən 25 min manat) ödəməyə məcbur edilib.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ