İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın əleyhdarları hücuma keçdi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Vladimir Putinlə Bişkekdə keçirdiyi görüş ölkədəki revanşist və hakimiyyət əleyhdarı dairələrin yeni tənqid kampaniyasına səbəb olub.

Musavat.com xəbər verir ki, Paşinyanın sərt opponentlərindən olan politoloq Beniamin Matevosyan görüşü “total uğursuzluq” kimi təqdim edib.

Matevosyan Paşinyanın görüşdən sonra danışıqların “çox yaxşı” keçdiyini bildirməsini də hədəfə alıb.

Erməni politoloq iddia edib ki, əslində görüş o qədər uğursuz olub ki, Paşinyan Ermənistan dövlət aparatının və öz parlament fraksiyasının mümkün reaksiyasından ehtiyatlanaraq hələ ölkəyə qayıtmadan Putinlə danışıqların yaxşı keçdiyini açıqlamağa məcbur olub.

Matevosyan Paşinyanın Moskvaya yaxın vaxtlarda səfər edəcəyi barədə açıqlamasına da istehza ilə yanaşıb. O, baş nazirin təyyarədən yenidən efirə çıxaraq “Lermontovun, hətta Mayakovskinin şeirini oxumasının” belə görüşün nəticəsini dəyişməyəcəyini yazıb.

Paşinyanın qatı əleyhdarı olan politoloq mövqeyini bir neçə arqumentlə əsaslandırmağa çalışıb.

Onun fikrincə, Putinin Paşinyanı seçkidə qələbəsi münasibətilə təbrik etməməsi Kremlin Ermənistan baş nazirinin legitimliyinə münasibətinin açıq qalması deməkdir.

Matevosyan həmçinin Ermənistanın gələcək xarici siyasət istiqaməti ilə bağlı referendum məsələsinin gündəmdən çıxmadığını və Aİ-yə inteqrasiya prosesinin başlanmasına dair qanunun faktiki ləğvi məsələsinin artıq açıq siyasi müzakirəyə çevrildiyini iddia edib.

Erməni politoloq görüşün qapalı hissəsində Ermənistandakı siyasi məhbuslar məsələsinin də müzakirə edildiyini ehtimal edir. O, bu fikrini Kremlin müşaviri Yuri Uşakovun həmin məsələnin rəsmi İrəvanla müzakirə ediləcəyinə dair əvvəlki açıqlamasına əsaslandırıb. Bununla belə, qapalı danışıqlarda konkret olaraq hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR