Onlayn ictimai-siyasi qəzet
Gələcək müddətdə Ermənistanda hökuməti formalaşdıracaq Nikol Paşinyan ölkəsinin yaxın 5 ildəki siyasi kursu ilə bağlı müəmmalı, lakin diqqət çəkən mesajlar verib. Hökumət Aparatının yeni rəhbəri Lilit Makuntsun təqdimat mərasimində çıxış edən Paşinyan qarşıdakı beş ilin Ermənistan üçün həm yeni imkanlar, həm də ciddi çağırışlar yaradacağını bildirib. Onun “qarşıda bizi böyük işlər gözləyir” ifadəsi İrəvanın yaxın dövr üçün hansı strateji planları hazırladığı ilə bağlı sualları yenidən gündəmə gətirib.
Nikol Paşinyan çıxışında Ermənistanın qarşısında duran geniş gündəliyin dövlətçiliyin davamlılığının təmin edilməsinə xidmət etdiyini deyib. O bildirib ki, qarşıdakı beşillik dövr ölkə üçün yeni imkanlar açacaq, eyni zamanda yeni çağırışlar yaradacaq.
Paşinyan vurğulayıb ki, hökumət artıq kifayət qədər idarəçilik təcrübəsi qazanıb və bu, həm üstünlük, həm də risk yaradır. Onun sözlərinə görə, toplanmış təcrübə mühüm resurs olsa da, uzun müddət hakimiyyətdə qalmaq müəyyən mənada arxayınlıq və süstlük yarada bilər.
Paşinyanın bu açıqlamaları Ermənistanın daxili siyasi gündəmi ilə yanaşı, regionda gedən proseslər fonunda da diqqətlə izlənilir. Son aylarda konstitusiya islahatları, Azərbaycanla sülh prosesi, kommunikasiyaların açılması və ölkənin xarici siyasət kursu ətrafında gedən müzakirələr fonunda “böyük işlər” ifadəsi müxtəlif şərhlərə səbəb olur.
Nikol Paşinyan “böyük işlər” deyərkən konkret olaraq nəyi nəzərdə tutur? Ermənistan yeni siyasi mərhələyə hazırlaşır? İrəvan konstitusiya dəyişikliklərini sürətləndirəcək? Azərbaycanla sülh sazişi və regional kommunikasiyalar əsas prioritet olacaq? Yoxsa Paşinyan ölkə daxilində yeni siyasi islahatların anonsunu verir?

Politoloq Həsən Məmmədov hesab edir ki, “Paşinyanın “böyük işlər” və “qarşıdakı 5 il” mesajları ilk baxışdan Ermənistanın yeni siyasi mərhələyə hazırlaşdığı təsiri yaratsa da, bu bəyanatların praktik nəticələr doğuracağına dair ciddi suallar qalır:
“Baş nazir yeni konstitusiya, “Real Ermənistan” konsepsiyası, iqtisadi islahatlar, dövlət idarəçiliyinin yenilənməsi və Azərbaycanla sülh gündəmindən danışır. Lakin indiyədək səslənən oxşar vədlərin əhəmiyyətli hissəsi konkret siyasi nəticəyə çevrilməyib. Bu səbəbdən Paşinyanın növbəti açıqlamaları da ehtiyatla qarşılanır. Ən böyük ziddiyyət ondan ibarətdir ki, Ermənistan rəhbərliyi bir tərəfdən regionda sülh və əməkdaşlıq mesajları verir, digər tərəfdən isə sülh prosesinin qarşısında duran əsas siyasi və hüquqi maneələrin aradan qaldırılmasını gecikdirir. Azərbaycanın uzun müddətdir gündəmə gətirdiyi konstitusiya məsələsi hələ də açıq qalır. Rəsmi İrəvan bu məsələni daxili siyasi proses kimi təqdim etməyə çalışsa da, məhz həmin müddəalar Azərbaycan üçün sülh sazişinin hüquqi etibarlılığı baxımından əsas problemlərdən biri hesab olunur. Bu səbəbdən Bakıda hesab olunur ki, sülhə dair verilən bəyanatlar yalnız konkret hüquqi və siyasi addımlarla təsdiqlənə bilər”.
Politoloq onu da diqqətə çatdırıb ki, Paşinyanın “5 il” ifadəsi həm də onun siyasi gələcəyinə hesablanmış strateji proqram təsiri bağışlayır:
“O, bu müddətdə yeni konstitusiya qəbul etmək, “Real Ermənistan” ideyasını dövlət siyasətinin əsas xəttinə çevirmək, idarəetmə sistemini yeniləmək və hakimiyyətini daha möhkəm siyasi baza üzərində qurmaq niyyətini ortaya qoyur. Ancaq bu planların həyata keçməsi üçün ilk növbədə Ermənistan daxilində ciddi siyasi müqaviməti aradan qaldırmaq lazımdır. Revanşist dairələrin təzyiqi, müxalifətin sərt mövqeyi və cəmiyyətdəki fikir ayrılığı Paşinyanın manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Digər tərəfdən, Paşinyan tez-tez “tarixi Ermənistan” düşüncəsindən uzaqlaşmağın vacibliyini vurğulasa da, bu yanaşmanın dövlət institutlarında və hüquqi sənədlərdə tam əksini tapdığı görünmür. Əgər hökumət doğrudan da yeni siyasi kurs müəyyənləşdiribsə, bunun ilk göstəricisi məhz konstitusiya dəyişikliyi və regionda qarşılıqlı etimadı gücləndirəcək addımlar olmalıdır. Əks halda, “böyük işlər” ifadəsi daha çox siyasi şüar kimi qəbul ediləcək. Azərbaycanla sülh sazişi məsələsində də optimizm üçün kifayət qədər əsas yoxdur. İllərdir davam edən danışıqlara baxmayaraq, yekun sənəd hələ də imzalanmır. Bu isə Ermənistanın siyasi iradəsinin yetərli olub-olmaması ilə bağlı sualları daha da artırır. Sülh prosesi yalnız görüşlər və bəyanatlarla deyil, konkret qərarlar, hüquqi dəyişikliklər və razılaşdırılmış öhdəliklərin icrası ilə irəliləyə bilər. Bu istiqamətdə isə hələ də ciddi boşluqlar qalır. Regional kommunikasiyalar mövzusu da eyni mənzərəni ortaya qoyur. Ermənistan iqtisadi blokadadan çıxmaq, tranzit ölkəyə çevrilmək və regional layihələrdən faydalanmaq istədiyini bildirir. Ancaq bunun üçün ilk növbədə etimad mühiti formalaşmalıdır. İllərlə davam edən qeyri-müəyyən mövqe və ziddiyyətli açıqlamalar həm Azərbaycan, həm də regionun digər iştirakçılarında suallar yaradır. Siyasi etimad olmadan iqtisadi əməkdaşlığın davamlı olması çətin görünür.
Bundan əlavə, Paşinyanın son bəyanatlarını beynəlxalq auditoriyaya ünvanlanan mesaj kimi də qiymətləndirmək olar. Ermənistan Qərblə münasibətləri dərinləşdirməyə, özünü islahatçı və sülh tərəfdarı dövlət kimi təqdim etməyə çalışır. Lakin beynəlxalq imic formalaşdırmaq üçün verilən mesajlarla daxildə atılan addımlar arasında uyğunluq olmalıdır. Əks halda, bu ritorika inandırıcılığını itirir. Bütün bunlara baxmayaraq, Paşinyanın əvvəlki hakimiyyətlə müqayisədə daha praqmatik ritorika seçməsi müəyyən fərq yaradır. O, ən azı açıq şəkildə regionda əməkdaşlıq və sülhün zəruriliyini qəbul edir. Bu, əvvəlki illərlə müqayisədə müsbət dəyişiklikdir. Lakin siyasətdə əsas meyar niyyət deyil, nəticədir. İndiyədək isə Ermənistan rəhbərliyi bu nəticələri tam ortaya qoya bilməyib. Bu baxımdan Paşinyanın “böyük işlər” və “5 illik plan” barədə açıqlamalarını hələlik yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirmək tezdir. Daha doğru yanaşma ondan ibarətdir ki, bu mesajlar həm daxili auditoriyanın dəstəyini qorumağa, həm də beynəlxalq tərəfdaşlara müsbət siqnal verməyə hesablanmış siyasi vədlərdir. Əgər yaxın dövrdə konstitusiya dəyişikliyi, sülh sazişinin imzalanması, regional kommunikasiyaların açılması və Azərbaycan qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində real irəliləyiş görünməsə, Paşinyanın “böyük işlər” və “5 il” tezisləri növbəti siyasi ritorika nümunəsi kimi qiymətləndiriləcək. Bu isə Ermənistanın sülh gündəminin səmimiliyi ilə bağlı şübhələri daha da gücləndirəcək”.
Cavanşir Abbaslı
Musavat.com
04 Avqust 2026
03 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ