İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələcəyin təyyarəsi gəlir – pəncərəsi olmayacaq, yanacağı...

ABŞ-də 2030-cu ilə qədər ənənəvi sərnişin təyyarələrindən tamamilə fərqlənən JetZero Z4 modelinin istifadəyə verilməsi planlaşdırılır.

Musavat.com xəbər verir ki, yeni təyyarə 250 sərnişin daşıya, 9300 kilometrədək məsafə qət edə və mövcud sərnişin təyyarələri ilə müqayisədə 50 faizə qədər az yanacaq sərf edə biləcək.

JetZero Z4 layihəsi ilk istehsal zavodunun tikintisi üçün artıq 3 milyard dollar maliyyə əldə edib. United Airlines sınaqlar uğurla başa çatacağı təqdirdə 200-dək belə təyyarə almağı planlaşdırır. Gulf Air ilk xarici sifarişçi olub, Japan Airlines isə layihənin təkmilləşdirilməsi prosesinə qoşulub.

Tamölçülü prototipin ilk uçuşunun 2027-ci ilin sonunda həyata keçirilməsi gözlənilir.

Təyyarə “birləşdirilmiş qanad-gövdə” prinsipi əsasında hazırlanır. Ənənəvi laynerlərdən fərqli olaraq, burada gövdə və qanadlar vahid konstruksiyada birləşdirilib. Bu quruluş təyyarənin daha yüksəkdə uçmasına və yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmasına imkan verməlidir. Yanacağa qənaətin gələcəkdə aviabiletlərin qiymətinin azalmasına da təsir göstərə biləcəyi bildirilir.

Təyyarənin salonu da indiki laynerlərdən ciddi şəkildə fərqlənəcək. Burada dörd keçid, daha sərbəst yerləşdirilmiş oturacaqlar, sərnişinlər üçün fərdi baqaj bölmələri, tualetlərin qarşısında ayrıca gözləmə zonaları və peyk Wi-Fi sistemi nəzərdə tutulur.

Ən qeyri-adi yenilik isə illüminatorlarla bağlıdır. Təyyarədə ənənəvi pəncərələrin böyük hissəsi olmayacaq. Onların əvəzinə salonda böyük ekranlar quraşdırılacaq və sərnişinlər çöldəki mənzərəni həmin ekranlardan izləyə biləcəklər.

Bununla belə, yeni konstruksiya ekspertlər arasında müəyyən narahatlıq da yaradıb. Bildirilir ki, qanadlara yaxın hissələrdə əyləşən sərnişinlər dönüş zamanı hərəkəti daha güclü hiss edə bilərlər. Qeyri-adi salon planının fövqəladə vəziyyət zamanı təxliyəni çətinləşdirə biləcəyi də müzakirə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR