Onlayn ictimai-siyasi qəzet
Dünən Sindarovla iki partiya şahmat oynadım, birincidə mən qalib gəldim, ikincidə o.
Şahmatsevərlər yuxarıdakı cümləni oxuyub inanmayacaqlar, “ola bilməz” deyəcəklər və yarı-yarıya haqlı olacaqlar. Məsələ ondadır ki, həvəskar şahmatsevər olan yazı müəllifi beynəlxalq qrossmeysterlə, noyabrda dünya şahmat tacını qazanacağı gözlənilən Cəvahir Sindarovla yox, onun Özbəkistanda məşhur sima olan babası Kamil Sindarovla oynayıb və müsahibə alıb.
Kamil əkə təkcə Cəvahirin bioloji babası deyil, həm də onun ilk şahmat müəllimi, gənc istedadın indiki mərtəbəyə yüksəlməsində 1 nömrəli rol oynamış, buna görə olduqca qürur duyan bir şəxsdir.
Hazırda K.Sindarov Özbəkistanın Şahmat Federasiyasıının vitse-prezidenti və Şahmat Akademiyasının rəhbəridir.
Daşkəndin mərkəzindəki böyük parkın içində yerləşən akademiya sanatoriyaya oxşayır. Bu təhsil ocağında 32 qrossmeyster yetişib və K.Sindarovun hazırda çoxlu başqa istedadlı yetirmələri də var.
Biz Kamil müəllimlə onun iş otağında görüşdük. Olduqca səmimi insan təsiri bağışlayan K.Sindarov dünya şöhrətli nəvəsindən həvəslə danışdı. Heç demə, hazırda 20 yaşı olan Cəvahir fitri istedada, riyazi beyinə malik olduğunu hələ üç yaşında büruzə verib. Kamil müəllim görüb ki, 3 yaşlı uşaq internetə girib, oyun tapıb və özü üçün oynayır. O zamana qədər ailədə Cəvahirin bir neçə ildən sonra hansı idman növünə yönəldilməsi ilə bağlı müzakirə gedirmiş və Kamil müəllim görürmüş ki, bu çəlimsiz uşaqdan nə boksçu, nə karateçi, nə də güləşçi olmayacaq. Ancaq uşağın hesablama, düşünmə qabiliyyətini görən ailə başçısı qərarını verib, ona şahmat taxtası bağışlayıb və şahmat fiqurlarının gedişlərini (özü demişkən, yürüşlərini) öyrədib. Cəvahir şahmat oynamağı bir neçə günün içində öyrənib. O, artıq 6 yaşı olanda bütün tay-tuşlarını, özündən böyükləri məğlub etməyə başlayıb və 8 yaşında Özbəkistan çempionu olub, 10 yaşında bu nailiyyəti təkrarlayıb, 12 yaşında isə artıq beynəlxalq qrossmeyster adını alıb.

Biz əslində Cəvahir Sindarovla da görüşməliydik, ancaq ayın 25 gününü ölkəsindən kənarda, beynəlxalq yarışmalarda keçirən bu oğlanla bizim iş qrafikimiz uyğun gəlmədi. Hər halda onunla da heç olmasa bir partiya şahmat oynamaq fürsətini qazanacaqdıq. Amma Cəvahirin babasıyla sırf şəkil çəkdirmək, görüntü götürmək naminə şahmat taxtası arxasına keçdik və ciddi şəkildə oynamağa başladıq. Ağsaqqal oyun zamanı bir ciddi səhvə yol verdi, vəzirini müdafiəsiz qoydu və onu itirəndən sonra dərhal fiqurları yenidən taxtaya düzməyə başladı. Bu. “bir partiya da oynayacağıq” demək idi – revanş matçı olmalıydı. Ikinci oyunda biz fiqurları sürətlə dəyişərkən elə oldu ki, mən bir top geri düşdüm və məğlubiyyət qaçılmaz oldu.
Kamil Sindarov hazırda əsasən məşhur nəvəsi ilə tanınsa da, özü də adi adam deyil. O, 12 il rayon prokuroru, 13 il məhkəmə sədri vəzifələrində çalışıb, ömrünün 25 ilini hüquq sahəsinə həsr edib.
Hələ bu da hamısı deyil. Kamil Sindarov hazırda Özbəkistanın ən məşhur yazıçılarından biri, kitabları ən çox oxunan nasirlərdən birincisidir. Onun detektiv janrında yazdığı romanlar Özbəkistanda bestsellerə çevrilir.
Bunun əsas sirri ondadır ki, Kamil Sindarov bəzi başqa detektiv yazıçılardan fərqli olaraq süjetlərini havadan yox, həyatdan götürür. Onun 25 il boyunca kriminal aləmlə “işləməsi” ona zəngin təcrübə qazandırıb, əlinin altında unikal materaillar da var. Bunlar ona yazıçı təxəyyülünü də qataraq parlaq həyati əsərlər yazmağa imkan verir. Bədii yaradıcılığa 49 yaşında başlayan K.Sindarov ona qədər şeirlər yazırmış. Sonra yaxın dostlarından biri ona nəsrə keçməyi, yaxşı bildiyi sahəyə aid mətnlər yazmağı təklif edib.
Beləcə, keçmiş prokuror yazıçılığa başlayıb. Onun sözlərinə görə, əvvəl-əvvəl yazdıqları əsərlər detektiv janrın standartlarına uyğun gəlmirmiş, sonra daha da püxtələşib. Əslində K.Sindarovun yazılarına qədər Özbəkistan ədəbiyyatında detektiv janrda əsərlər yazılmayıb. Başqa sözlə, onu Özbəkistan detektiv ədəbiyyatının banisi də saymaq olar.
Söhbətimizin ortasında Kamil müəllimin başqa bir nəvəsi, Cəvahirin kiçik qardaşı da gəlib çıxdı. Onunla qısaca söhbətləşdik, uşaq qoltuğundakı raketkanı göstərərək dedi ki, o tennisçi olacaq.
Bu işlər belədir, kimin istedadı onu hansı istiqamətə aparır, ora da getməlidir. Cəvahir də, onun babası da əsl məşğul olmalı olduqları peşələri yaxşı tapıblar – biri erkən, biri yarım əsr gecikərək. Görünür, Cəvahirin qardaşı özünün tennisdə uğurlu olacağını düşünür.
Kamil əkə ilə sağollaşarkən istedadlı nəvəsinin ona noyabrda daha bir fərəh yaşadacağına inandığımı söylədim (gerçəkdən inanıram və çox istəyirəm ki, məhz belə olsun, bunu daha öncələr Teymur Rəcəbovdan və Şəhriyar Məmmədyarovdan da gözləmişəm). Ağsaqqal yazıçı da buna böyük ümid bəsləyir.
Xatırladaq ki, beynəlxalq qrossmeyster Cəvahir Sindarov bu il noyabr ayının 25-dən dekabr ayının 15-nə qədər İsveçrənin Cenevrə şəhərində keçiriləcək yarışda hazırkı “şahmat kralı”, hindistanlı Dommaracu Qukeşlə qarşılaşacaq.
P.S. Kamil Sindarovla görüşün təşkil olunmasına görə özbəkistanlı həmkarlarım Rüstəm İqbala və Dürdanə Rəsulovaya minnətdarlığını bildirirəm.
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ