Onlayn ictimai-siyasi qəzet
NATO qüvvələri Baltik dənizi hövzəsində növbəti insidentlə üz-üzə qalıb.
Musavat.com xəbər verir ki, The Telegraph nəşrinin məlumatına görə, İsveç hərbçiləri radioelektron mübarizə vasitələri ilə rus dronunu ələ keçiriblər. Həmin pilotsuz aparat Fransanın “Charles de Gaulle” aviadaşıyıcısına doğru hərəkət edirmiş və gəmi o vaxt Malmö limanında dayanıbmış.
Məlumata əsasən, müdaxilədən sonra dronla əlaqə itib. Ehtimal olunur ki, aparat ya onu buraxan Rusiya gəmisinə geri qayıdıb, ya da dənizə düşüb. Hadisənin detalları tam açıqlanmasa da, insident Baltik regionunda artan hərbi-siyasi gərginliyin yeni göstəricisi kimi qiymətləndirilir.
“Charles de Gaulle” Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus, ABŞ-a aid olmayan ən böyük nüvə enerjili aviadaşıyıcı hesab olunur. Gəmi hazırda Baltik dənizində keçirilən çoxmillətli hərbi təlimlərdə iştirak edir.
İsveç hərbi kəşfiyyatının rəhbəri bildirib ki, Moskva son dövrlər regionda fəaliyyətini xeyli artırıb. Onun sözlərinə görə, Rusiya hibrid kampaniyasını genişləndirərək diversiya cəhdləri, kiberhücumlar və dezinformasiya əməliyyatlarına daha çox üstünlük verir.
Baltik dənizi ətrafında vəziyyətin gərginləşməsi NATO ilə Rusiya arasında onsuz da həssas olan münasibətləri daha da mürəkkəbləşdirə bilər.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ