İnsanlara hürriyət, millətlərə istiqlal!

Maska və antivirus dərmanlar biznesinin sonu gəldimi?

Ekspert: “Ümumdünya Səhiyyə Təşkilatı nə vaxt elan edəcək, onda pandemiya bitmiş sayılacaq”; Bakı apteklərində “covid” əleyhinə dərmanlar yenə də çox satılır

Mayın 1-dən Azərbaycanda maskalardan istifadə könüllü olacaq. Maska məcburiyyəti həm də COVİD-19-un bir növ simvolik göstəricisi sayıla bilər. Bütün dünyanı “ağzını bağlamağa, nəfəsini maskadan almağa’’ məcbur qoyan qorxunc virus arxa plana keçir. Maska və başqa məcburiyyətlərin aradan qalxması koronovirusa bağlı bir sıra yeni ‘’biznes’’ sahələrini də sıradan çıxarır. Qara bazarda protokol müalicə üçün lazım olan dərmanların qiymətləri 100 dəfə artan antivirus pereparatlarının, konkret halda, maska biznesinin sonu gəldimi? Yoxsa, insanlar hər ehtimal, getdikcə ucuzlaşan bu məhsullardan ehtiyat üçün alıb, toparlasınlarmı?  Koronovirusun dünyanı yenidən sarsıtmaq imkanları varmı?

Maraqlıdır, görəsən, yoluxma sayının azaldığı dönəmdə koronovirusa aid antibiotiklər, antiviral preparatlar ucuzlaşıbmı? Bəs bu dərmanlara tələbat necə, azalıbmı?

Paytaxtın Nizami rayonunda yerləşən apteklərdən birinin əczaçısı bildirdi ki, pandemiyanın tüğyan etdiyi vaxtla müqayisə olunsa, ciddi fərq yoxdur: “Əvvəlki kimi antibiotik və antivirus dərmanlarını çox alırlar. Ciddi fərq yoxdur. Deyirlər ki, sentyabrdan virus yenidən artacaq. Maskanı da əvvəlki kimi alırlar, yəqin may ayından alış azalacaq. Amma düşünürəm ki, yenə də ehtiyatlı olmaq lazımdır”.  

 Yaxınlıqda olan digər aptekin əczaçısı dedi ki, bu mövsümdə həm virus infeksiyalarına qarşı dərmanlar, qripə qarşı preparatlar və mövsümlə bağlı antiallergik dərmanları alırlar: “Düzünü desəm, əvvəlki dövrlə müqayisədə elə də fərq yoxdur. Alıcıların sayı çoxalıb. Sadəcə indi başqa viruslar da əmələ gəlib. Məsələn, son günlər rotovirusa qarşı ”sistemlər" alırlar. Əsasən də, bu virus uşaqlar arasında yayılıb.  O ki qaldı maskaların satılmasına, azalıb, amma çox da yox. Yəqin mayın 1-dən maska satışı azalacaq".

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov “Yeni Müsavat”a  dedi ki, pandemiyanın bitməsi ilə bağlı dəqiq bir fikir demək çətindir: “Ümumdünya Səhiyyə Təşkilatı  pandemiyanın bitdiyini elan etməyib. Nə vaxt elan edəcək, onda pandemiya bitmiş sayılacaq. Azərbaycanda COVİD-ə yoluxma az saydadır. Xəstəxanalara müraciət minimaldır. Hesablamaları dünyanın digər ölkələrinə görə aparırıq, amma  qərarları çox ehtiyatla veririk”.

Emil Qasımov: “Öncəki dalğalarda bu qədər böyrək çatışmazlığı görülmürdü” -  13.08.2021, Sputnik Azərbaycan

Emil Qasımov

Həkim “qiymətləri 100 dəfə artan antivirus pereparatlarının, maska biznesinin sonu gəldimi” sualına belə cavab verib: “Birincisi, dövlətimiz bütün xəstəxanaları antiviral dərmanlarla pulsuz təmin edib. Qara bazarda insanlar nə alıblarsa, mən bu barədə fikir yürüdə bilmərəm. İnsanların apteklərdən antibiotik alması da doğru deyildi. Mən hər zaman deyirəm. Maska pandemiyada əsas qoruyucu vasitə idi. Pandemiya bitir, yoluxma sayları azalır, hər halda maskadan istifadə az olacaq. Ümumiyyətlə, Cənub-Cənub Şərqi Asiyada illərdi ki, maskadan istifadə edirlər, 40 ildir ki, onların bir aksessuarıdır.  Bizim toplumda elə bir ənənənə yox idi. İnsanlar virus infeksiyalarını tuturdular, elə də məktəbə, işə gedir və yayırdılar. Pandemiyada insanlar maska taxmağı öyrəndilər. COVİD olmasa da digər viral infeksiyalarla yaşayacağıq. Koronovirus da davam edəcək, amma kütləvi şəkildə olmayacaq. İlin müəyyən vaxtlarında, xüsusən payız-qış aylarında COVİD-ə yoluxmalar olacaq. Maskadan birdəfəlik əl çəkməyimiz doğru deyil. Qapalı yerlərdə olanda, xəstə olanda yenə də maskadan istifadə etmək lazımdır”. 

Həkim koronovirusun əvvəlki kimi olacağını alovlanacağını zənn etmir: “Yoluxma sayının artıb-artmayacağını əslində heç kim bilmir. Elm adamları, tibb mütəxəssisləri, dünyanın önəmli mərkəzləri bu barədə hələ ki qəti fikir yürüdə bilmirlər. Bunu zaman göstərəcək. Ümid edirik ki, yeni bir yoluxuculuq qabiliyyətinə malik olan, ağır xəstələndirmə qabiliyyətinə malik olan variant peyda olmayacaq”. 

Yeri gəlmişkən, Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılması məsələsinə münasibət bildirib. Nazir hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını qeyd edib. Teymur Musayevin sözlərinə görə, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb:

“Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Yoluxma qeydə alınan ölkələrin sayı o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR