İnsanlara hürriyət, millətlərə istiqlal!

Mandela olmaq istəyən Saakaşvili - həbsdən çıxıb hakimiyyətə dönməyə çalışır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin son açıqlamaları beynəlxalq aləmin diqqətini cəlb edib. O, öz siyasi taleyini Mandela və həbsdən sonra hakimiyyətə qayıdan digər dünya liderlərinin yolu ilə müqayisə edərək, gələcəkdə yenidən Gürcüstan siyasətində önəmli rol oynayacağına inandığını bildirib. Üstəlik, Saakaşvili bu məqsədlə süni intellekt texnologiyasından istifadə edərək rəqəmsal avatar hazırlatdığını da açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Saakaşvili məhkəmə iclasında çıxışı zamanı bildirib ki, tam təcrid şəraitində olsa belə, tərəfdarları ilə əlaqəni kəsməyəcək. Onun sözlərinə görə, süni intellekt əsasında yaradılan avatarı öz danışıq tərzini, jestlərini və mimikalarını əks etdirəcək, bütün siyasi mesajları isə həmin platforma vasitəsilə ictimaiyyətə çatdırılacaq.

Keçmiş prezident vurğulayıb ki, uzunmüddətli həbs onun siyasi iddialarını zəiflətməyib. Əksinə, o hesab edir ki, bu proses gələcəkdə siyasətə qayıtmaq imkanlarını daha da gücləndirir. Saakaşvili Nelson Mandela, Braziliya prezidenti Luis İnasio Lula da Silva və Malayziyanın baş naziri Ənvər İbrahimin nümunəsini göstərərək, özünün də oxşar siyasi yol keçəcəyinə ümid etdiyini bildirib. O, eyni zamanda məqsədinin şəxsi hakimiyyətə qayıdış olmadığını, yeni düşüncəyə malik siyasətçilər nəslinin formalaşmasına töhfə vermək istədiyini qeyd edib. Saakaşvili tərəfdarlarının gələcəkdə Gürcüstanda yeni siyasi qüvvəni hakimiyyətə gətirəcəyinə, bunun isə ölkənin müstəqil siyasətinin, inkişafının və ədalətin bərpasına xidmət edəcəyinə inandığını deyib.

Saakaşvilinin özünü Nelson Mandela ilə müqayisə etməsi nə dərəcədə əsaslıdır? Həbsdən sonra siyasi səhnəyə qayıdış ssenarisi Gürcüstanda da təkrarlana bilərmi? Süni intellekt avatarı real siyasi təsir vasitəsinə çevriləcək, yoxsa bu, yalnız simvolik addım olaraq qalacaq? Saakaşvilinin bu strategiyası Gürcüstanın siyasi gündəmini dəyişə biləcəkmi?

WhatsApp Image 2026-07-29 at 22.00.22 (1).jpeg (96 KB)

Politoloq Rəhman Bayramov Musavat.com-da vurğuladı ki, Mixail Saakaşvilinin son açıqlaması ilk baxışdan adi siyasi bəyanat təsiri bağışlasa da, əslində burada həm siyasi mesaj, həm də gələcəyin siyasətinə hesablanmış texnoloji strategiya var: "O, özünü Nelson Mandela, Lula da Silva və Ənvər İbrahim kimi həbsdən sonra hakimiyyətə qayıdan liderlərlə müqayisə edir, üstəlik, süni intellekt vasitəsilə yaradılmış rəqəmsal avatarı ilə siyasi fəaliyyətini davam etdirəcəyini bəyan edir. Bu isə artıq klassik siyasətin deyil, rəqəmsal siyasətin elementidir. Ancaq məsələyə emosiyalarla deyil, faktlarla yanaşmaq lazımdır. Nelson Mandela ilə Saakaşvili arasında paralel aparmaq doğru deyil. Mandela aparteid rejiminə qarşı mübarizənin simvolu idi və bütün dünya tərəfindən siyasi məhbus kimi qəbul edilirdi. Saakaşvili isə hakimiyyətdə olduğu dövrdə qəbul etdiyi qərarlar və sonrakı hüquqi proseslər nəticəsində məhkum olunub. Onun tərəfdarları bu məhkəmələri siyasi sifariş hesab etsələr də, əleyhdarları bunu qanunun tətbiqi kimi qiymətləndirirlər. Deməli, bu iki şəxsin həbsinin mahiyyəti tamamilə fərqlidir. Oxşarlıq yalnız həbs faktındadır, siyasi və tarixi kontekst isə eyni deyil. Digər tərəfdən, həbsdən sonra siyasətə qayıdış dünya praktikasında mümkündür və bunun kifayət qədər nümunəsi var. Lula da Silva buna nail oldu, Ənvər İbrahim də uzun illər həbs həyatı yaşadıqdan sonra ölkəsinin baş naziri seçildi. Siyasətdə heç vaxt “qəti son” olmur. Xüsusilə də cəmiyyət parçalanıbsa və siyasətçi hələ də müəyyən elektorata sahibdirsə.

Amma Gürcüstanın bugünkü siyasi reallığı 2004-cü ilin Gürcüstanı deyil. Ölkədə artıq yeni nəsil seçici formalaşıb. Cəmiyyət uzun illər davam edən “Saakaşvili–Gürcü Arzusu” qarşıdurmasından yorulub. Hesab edirəm ki, Saakaşvilinin şəxsən yenidən hakimiyyətə gəlməsi əvvəlki dövrlərlə müqayisədə daha çətin görünür. Bununla belə, onun siyasi irsinin və yaratdığı komandanın Gürcüstan siyasətində təsir imkanları hələ də qalır. Ən diqqətçəkən məqam isə süni intellekt avatarıdır. Bu, əslində texnologiyanın siyasətə necə daxil olduğunu göstərən yeni mərhələdir. Əgər əvvəllər siyasətçi televiziyadan, radiodan və sosial şəbəkələrdən istifadə edirdisə, artıq süni intellekt onun fiziki yoxluğunu belə müəyyən mənada kompensasiya edə bilir. Sabah həbsdə olan, sürgündə yaşayan və ya səhhətinə görə ictimaiyyət qarşısına çıxa bilməyən siyasətçilər öz rəqəmsal avatarları vasitəsilə seçicilərlə ünsiyyət qura biləcəklər. Bu, yaxın gələcəyin siyasi reallığıdır. Ancaq burada bir vacib məqam var. Süni intellekt siyasi lider yaratmır. O, yalnız mövcud liderin mesajını daha effektiv çatdıran vasitədir".

Politoloqun fikrincə, seçicinin etimadını texnologiya yox, siyasətçinin fəaliyyəti, keçmişi və cəmiyyətə təqdim etdiyi proqram müəyyən edir: "Avatar seçkidə səs vermir, iqtisadi problemləri həll etmir, xalqın etimadını qazanmır. Bütün bunları yenə də real siyasət müəyyənləşdirəcək.

Məncə, Saakaşvili bu addımla həm tərəfdarlarına “mən siyasi səhnədən getmirəm” mesajını verir, həm də rəqiblərinə göstərmək istəyir ki, fiziki məhdudiyyətlər onun siyasi təsir imkanlarını tam aradan qaldırmayacaq.

Bu strategiyanın uğur qazanıb-qazanmayacağını isə nə süni intellekt, nə də avatar müəyyən edəcək. Bunun cavabını yalnız Gürcüstan cəmiyyəti verəcək. Əgər seçici Saakaşvilinin ideyalarına yenidən ehtiyac duyarsa, avatar onun səsini daha geniş auditoriyaya çatdıran vasitəyə çevriləcək. Əks halda isə bu layihə siyasi tarixdə maraqlı texnoloji eksperiment kimi qalacaq.

Bir məqam da var ki, məncə, gələcəkdə dünyanın bir çox ölkələrində buna bənzər nümunələr görəcəyik. Süni intellekt artıq təkcə iqtisadiyyatın və texnologiyanın deyil, siyasətin də oyun qaydalarını dəyişməyə başlayıb. Ola bilsin ki, yaxın onillikdə seçki kampaniyalarının əsas iştirakçılarından biri məhz siyasətçilərin rəqəmsal avatarları olacaq. Saakaşvili isə bunun ilk nümunələrindən biri kimi tarixə düşməyə çalışır".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR