Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sama Menshova" onlayn layihəsinə verdiyi müsahibədə fasilədən sonra futbola qayıtmaq ümidini ifadə edib. Musavat.com bildirir ki, baş diplomat son vaxtlara qədər aktiv şəkildə futbol oynadığını qeyd edib.
“İndi obyektiv səbəblərdən qısa bir fasilə var, amma ümid edirəm ki, qayıdacağam", - deyə o, payızda bir neçə futbol oyununda iştirak etməyi planlaşdırdığını qeyd edib. Lavrov həmçinin 2026-cı il Dünya Kubokunu həvəssiz izlədiyini də etiraf etdi, çünki heç bir komandaya azarkeşlik etməmişdi.
Rusiya xarici işlər naziri "Spartak" futbol klubunun azarkeşidir. 2020-ci ildə Lavrov "Spartak"ın onun üçün sadəcə bir komanda deyil, hətta ən çətin danışıqlar zamanı belə zehni tarazlıq tapmasına kömək edən bir güc olduğunu demişdi. 2016-cı ildə futbol oynayarkən sağ qolundan zədə almış, rəsmi görüşlərə əli sarğılı gəlmişdi.
Ümumiyyətlə, Lavrov gəncliyindən bəri aktiv şəkildə futbol oynayır. Hətta nazir olduğu dövrdə də müxtəlif yoldaşlıq görüşlərində və veteranların qatıldığı Xalq Futbol Liqasının oyunlarında meydana çıxıb. İdmana olan bu sevgisi səbəbindən bəzən meydançada zədələr də alıb. Nazir Rusiyada həvəskar futbolun inkişafına dəstək verir və bu məqsədlə yaradılan liqanın təşkilatçılarından biridir.
Ölkəsinin ən mühüm və ən ciddi postlarından birində çalışan Lavrov güclü yumor hissinə malikdir. Siyasi lətifələrdən zövq alan nazir həm də “kolleksiya” kimi onları toplayır. Ciddi siyasi fiqur olmasına baxmayaraq, Lavrov bəzi görüşlərə və mətbuat konfranslarına cins şalvarla gəlməsini qəbahət saymır. Lavrov poeziya həvəskarıdır. O, özü də şeirlər yazır.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun himninin sözləri Lavrova aiddir. Ailə məclislərində diplomat gitara ilə özünü müşayiət edərək mahnı oxuyur və bu məsələ nazirdə yaxşı alınır. Lavrov tələbə olduğu vaxtda ailə həyatı qurub. O, Moskva Pedaqoji İnstitutunun filologiya fakültəsinin 3-cü kurs tələbəsi Mariya ilə evlənib. Cütlüyün bir qız övladları var. Lavrov hamam həvəskarıdır. Diplomat siyasi yorğunluğunu hamamda çıxarmağa üstünlük verir. Sevdiyi içki Şotlandiya viskisidir.

O, 21 mart 1950-ci ildə Moskvada anadan olub, rusiyalı diplomatdır və 2004-cü ildə xarici işlər naziri vəzifəsində çalışmağa başlayıb. ir. Rus, ingilis, fransız və sinhala dillərini mükəmməl bilir. Sinhala dilini Şri Lankada öyrənib. 1972-ci ildə Moskva Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1972-ci ildə SSRİ-nin Şri-Lanka səfirliyində işləməyə başlayıb. 1976-1981-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar şöbəsində işləyib. 1981-1988-ci illərdə SSRİ-nin BMT yanında Daimi Nümayəndəliyinin 1-ci katibi vəzifəsində çalışıb.

1988-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb. 1990-1992-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin qlobal problemlər və beynəlxalq təşkilatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. 1992-1994-cü illərdə Rusiya Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışıb. O, 1994-2004-cü illərdə Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.
Emil Salamoğlu
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ