İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Rusiya üçün yeni "geopolitik fəlakətin qapısı"nı açır: Kreml Ermənistanı daha sürətlə çökdürməyə məcburdur

Rəsmi İrəvanın Qərblə yaxınlaşmasının hansı sürətlə davam edəcəyi Rusiya-Ermənistan qarşıdurmasında indi daha çox önəm daşıyır... Buna paralel olaraq, Rusiyanın regionda öz mövcudluğunu hansı vasitələrlə qoruyacağı da hazırda həlledici faktorların sırasına daxildir...

Rusiya və Ermənistan arasında son vaxtlar daha da dərinləşən siyasi və iqtisadi qarşıdurma artıq iki ölkənin münasibətlərinin pozulması həddinə çatıb. Rusiya Ermənistana qarşı təzyiq siyasətini sərtləşdirməkdə davam edir. Ermənistan isə ABŞ və Avropa Birliyi ilə əlaqələrini genişləndirir. Və bu, Cənubi Qafqazda yeni geopolitik qarşıdurma xəttinin artıq formalaşdığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, Rusiya XİN-dən verilən son açıqlamada, Kremlin Ermənistanın “şantaja keçmək” cəhdlərini müşahidə etdiyi bildirilir. Ermənistanda Rusiyanı dəstəkləyən şəxslərin təqib edilməsi, ölkədə fəaliyyət göstərən Rusiya şirkətlərinin arbitraj iddiaları ilə hədələnməsi və rəsmi İrəvanın Qərblə yaxınlaşması Kremldə ciddi narahatlıq doğurur. Və Kreml rəsmi İrəvanın Qərbə yaxınlaşmasını Rusiyanın Cənubi Qafqazdakı maraqlarına birbaşa meydan oxuma kimi qiymətləndirir.

Digər tərəfdən, NATO faktoru Rusiya-Ermənistan qarşıdurmasında mərkəzi problemə çevrilir. Çünki Kremlin narahatlığını artıran əsas istiqamətlərdən biri də məhz Ermənistanın NATO ilə hərbi əməkdaşlığının genişlənməsidir. Rusiyanın NATO-dakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, alyans Ermənistanı KTMT üzrə müttəfiqlərindən uzaqlaşdırmağa çalışır. Və bu məqsədlə, xüsusilə də, birgə hərbi təlimlərdən istifadə olunur.

0ad205f7-49cd-485a-8eba-74bc035f8a5f.jpg (206 KB) 

Nə qədər qəribə də olsa, Rusiyanın mövqeyinə görə, Ermənistanın Qərb təhlükəsizlik strukturlarına yaxınlaşması ölkənin uzunmüddətli təhlükəsizlik və suverenlik maraqlarına qətiyyən cavab vermir. Ancaq burada daha önəmli məqam siyasi ritorikanın özündən daha çox, onun arxasında dayanan geopolitik rəqabətlə birbaşa bağlıdır. Çünki Ermənistanın Qərblə hərbi və siyasi əlaqələrini genişləndirməsi Rusiyanın Cənubi Qafqazda onilliklər ərzində formalaşdırdığı təhlükəsizlik sisteminin zəifləməsi deməkdir.

Təbii ki, Rusiya ənənəvi “tarix özü cavab verir” arqumentini də məhz bu kontekstdə ön plana çəkir. Kreml bununla Ermənistanın təhlükəsizlik baxımından, tarixən Rusiyaya bağlı olduğunu xatırlatmağa çalışır. Rəsmi İrəvan isə əksinə, son illərdə həmin təhlükəsizlik modelinin artıq Ermənistanın maraqlarını təmin etmədiyini qabardır. Yəni, tərəflər arasındakı ziddiyyətlər artıq yalnız “Rusiya, yoxsa Qərb” sualından ibarət deyil. Və problem Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının kimin nəzarətində olacağına qədər genişlənir.

Eyni zamanda, Rusiya və Ermənistan arasında münasibətlərin gərginləşməsinin ən ciddi göstəricilərindən biri də məhz ikitərəfli ticarət dövriyyəsindəki kəskin geriləmədir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanla ticarət dövriyyəsinin 2026-cı ildə daha da azalacağı gözlənilir. Onun sözlərinə görə, 2024-cü ildə rekord səviyyəyə – 12 milyard dollara çatan bu göstərici 2025-ci ildə 8 milyard dollara düşüb və cari ildə azalma daha sürətlə davam edir.

Əslində, bu iqtisadi statistika iki ölkə arasındakı siyasi gərginliyin artıq real neqativ iqtisadi nəticələrə çevrildiyini göstərən önəmli indikator kimi də qiymətləndirilə bilər. Aleksey Overçukun sözlərinə görə, Rusiya bu risklər barədə Ermənistanı əvvəlcədən xəbərdar edib. Və rəsmi İrəvanın Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərində yaranan problemlərin ticarət dövriyyəsinə mənfi təsir göstərəcəyini bildirib.

 3a191399-7c9f-48eb-b5ab-9914d9f7a437.jpg (135 KB)

Bəzi ehtimallara görə, əgər, bu tendensiya davam edərsə, iqtisadi əlaqələrin zəifləməsi siyasi qarşıdurmanı daha da sürətləndirə bilər. Çünki Rusiyanın Ermənistan üzərində əsas təsir mexanizmlərindən biri də məhz iqtisadi və ticarət əlaqələridir. Və ona görə də, hazırda hər iki tərəf mövcud problemləri ən azından müəyyən siyasi-diplomatik kanallar üzərindən müzakirə etməyə cəhd göstərir.

Səhnəarxasi siyasi müzakirələrdə əsas mövzunun isə məhz Ermənistan və Avropa Birliyi arasındakı münasibətlər olduğu bildirilir. Çünki rəsmi İrəvanın bu quruma üzvlük niyyəti artıq Rusiya-Ermənistan ziddiyyətlərinin ayrılmaz hissəsinə çevrilib. İndiki situasiyada Kreml bir tərəfdən Ermənistanın Qərbə inteqrasiyasını dayandırmağa çalışır. Digər tərəfdən isə rəsmi İrəvanla dialoq kanallarının tamamilə bağlanmasının regionda Rusiya təsirini daha da zəiflədə biləcəyini nəzərə alır.

Maraqlıdır ki, Rusiya-Ermənistan qarşıdurmasında daha bir həssas problem Cənubi Qafqaz Dəmir Yolu şirkətinin statusu ilə bağlıdır. Aleksey Overçukun dediyinə görə, Rusiya Ermənistandan Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı konsessiya sazişinin ləğvi barədə hələlik rəsmi müraciət almayıb. Halbuki, bu məsələ Ermənistanın siyasi-ictimai gündəmində mütəmadi şəkildə müzakirə olunur. Və Ermənistanın nəqliyyat infrastrukturu üzərindəki Rusiya nəzarətinin ləğvi daha genişmiqyaslı geopolitik prosesin tərkib hissəsinə də çevrilə bilər.

Göründüyü kimi, Rusiya-Ermənistan münasibətlərində böhran artıq siyasi-diplomatik bəyanatlar çərçivəsindən çıxıb. Çünki siyasi, hərbi, iqtisadi və infrastruktur sahələri eyni vaxtda, bir-birinə paralel olaraq, qarşıdurma predmetinə çevrilir. Kreml Ermənistanın NATO və Avropa Birliyi ilə yaxınlaşmasını Rusiyanın regional maraqlarına ciddi təhlükə kimi görür. Rəsmi İrəvan isə Rusiya ilə ənənəvi təhlükəsizlik və iqtisadi bağları mərhələli şəkildə zəiflətməklə, alternativ tərəfdaşlıq imkanları qazanmağa çalışır.

7bbd1d8e-0959-4039-8799-f1e3ddfa5731.jpg (185 KB) 

Onu da qeyd etmək lazımdır ki, bu prosesdə ən böyük risk isə tərəflərin qarşılıqlı siyasi ittihamları iqtisadi və institusional qərarlara çevirmək cəhdidir. Üstəlik, ticarət dövriyyəsi azalır, şirkətlər ətrafında hüquqi mübahisələr isə artır. Digər tərəfdən, strateji infrastruktur problemləri gündəmə gətirilir və hərbi əməkdaşlıq istiqamətləri dəyişir. Və bütün bunlar iki ölkə arasında siyasi böhranın daha sistemli xarakter aldığını göstərir.

Təbii ki, bütün bunların nəticəsində Cənubi Qafqazda yeni geopolitik xətt formalaşır. Yəni, Ermənistan Rusiyanın ənənəvi təsir zonasından uzaqlaşmağa çalışır. Rusiya isə bu prosesi dayandırmaq üçün siyasi-diplomatik və iqtisadi imkanlarından istifadə etməyə hazır olduğunu göstərir. Ancaq bu sərt qarşıdurmanın hara qədər gedəcəyi isə yalnız Kreml və rəsmi İrəvanın qərarlarından asılı olmayacaq.

Belə ki, Ermənistanın Qərblə yaxınlaşmasının hansı sürətlə davam edəcəyi indi daha çox önəm daşıyır. Buna paralel olaraq, Rusiyanın regionda öz mövcudluğunu hansı vasitələrlə qoruyacağı da hazırda həlledici faktorların sırasına daxildir. Və nəhayət, Cənubi Qafqazın yeni təhlükəsizlik sisteminin necə qurulacağı isə yaxın perspektivdə əsas geopolitik problemlərdən biri kimi ön planda qalacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR