Onlayn ictimai-siyasi qəzet
Bura Moskva aerportlarından biridir – konkret olaraq Vnukovo hava limanıdır.
Ancaq Şeremetyevo da bu gündədir. Domodedovo aeroportu da fərqli vəziyyətdə deyil.
Uçuşlar ləğv edilib və vətənlərinə, yaxud da iş dalınca başqa ölkələrə gedənlər, eləcə də Moskvadan transit keçənlər ikinci gecədir ki, aeroportlarda əsir-yesir qalıblar.
Artıq insanlar hava yollarının açılacağını oturub gözləyə bilmirlər, yuxusuzluq onları incidir və heç olmasa 1 saat gözlərinin acısını almaq üçün quru döşəmədə yatmağa məcbur olurlar.
Bu durum Ukraynanın dron hücumlarını gücləndirmək planlarını açıqlamasından sonra yaranıb.
Dronların zarafatı yoxdur. O göydə uçan quşlara da təhlükədir, təyyarələrə də.
İndi “bu sərnişin təyyarəsidir”, “o yük təyyarəsidir” söhbəti yoxdur, dronlar göydə uçanlara fərq qoymur.
Rusiya-Ukrayna müharibəsi sözün əsl mənasında ölüm-dirim savaşına çevrilib. Artıq mülki obyektlərin və insanların toxunulmazlıq qarantiyası yoxdur. Tərəflər bir-birinə maksimum ziyan vurmağa, bir-birini hərtərəfli yıpratmağa çalışırlar.
“Kiyev Moskvanı vurmağa cürət etməz, etsə, ona pis olar” ehkamı dağılıb-gedib. Bir neçə il elə oldu. Kiyev “Oreşnik”lə vurulurdu, Moskva öz həyatını yaşayırdı. İndi Moskva da Kiyevin yaşadığını yaşayır.
Ara yerdə isə bu savaşla yaxından-uzaqdan əlaqəsi olmayan insanlar (eləcə də şirkətlər, ölkələr) zərər çəkir. Şeremetyevoda ləğv edilən 21, təxirə salınan 235 uçuş (eləcə də Vnukovoda) minlərlə insanın planını pozub, həyatını qaraldıb.
Bunun təcili müalicəyə gedəni, əzizinin dəfninə tələsəni, övladının xeyir işinə can atanı, beynəlxalq konfransa yola düşəni vardı. Təyyarəyə sərnişin olanların heç də hamısı turist olmur axı. İndi onların hamısı məcburən oturub və uzanıb gözləyir.
Əslində bütün Avrasiya və bütün dünya gözləyir. Hamı gözləyir, şair demişkən, gün o gün olsun ki, qurtarsın dava, dağılsın buludlar, açılsın hava… yolları.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ