Onlayn ictimai-siyasi qəzet
Rusiyanın SENSASİON Güney Qafqaz planı - ağırlıq mərkəzi İrana keçir
Rusiya Prezidenti Vladimir Putinin Gümrüdəki 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasına hazır olduqlarını bildirməsi Moskvanın Cənubi Qafqaz siyasətində daha böyük dəyişikliklərin başlanğıcı ola bilər. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, siyasi icmalçı Akop Badalyan Vladimir Putinlə Nikol Paşinyanın Bişkek görüşündən sonra səslənən ən mühüm mesajın məhz Rusiya hərbi bazası ilə bağlı olduğunu düşünür.

Badalyanın sözlərinə görə, Putin jurnalistlərə bildirib ki, Ermənistan artıq Rusiya hərbi bazasının ölkədə qalmasına ehtiyac görmürsə, Moskva onu çıxarmağa hazırdır. “Anladığım qədər, Putin ilk dəfə bəyan etdi ki, Ermənistan Rusiya bazasının ölkədə olmasını istəmirsə, Rusiya getməyə hazırdır”, – deyə Badalyan bildirib. Erməni icmalçının sözlərinə görə, bu bəyanat Ermənistan-Rusiya münasibətlərində kifayət qədər böyük transformasiyanın getdiyinə işarədir. Onun fikrincə, Putin-Paşinyan görüşünün ictimaiyyətə açıqlanan gündəliyi danışıqların həqiqi məzmununu tam əks etdirməyə bilər. Ermənistanın Avropa İttifaqına inteqrasiyası, bununla bağlı referendum və digər açıq müzakirələri Badalyan danışıqların daha çox görünən tərəfi hesab edir.
O, Bişkek görüşünün Paşinyanla Putinin Moskvada keçirə biləcəyi daha geniş danışıqlara hazırlıq xarakteri daşıdığını ehtimal edir. Badalyan prosesləri Rusiyanın bütövlükdə Cənubi Qafqaz siyasətində mümkün dəyişikliklərlə də əlaqələndirir. Onun fikrincə, Rusiya ilə İran arasında 2025-ci ilin yanvarında bağlanmış strateji sazişdən sonra Moskva regional siyasətinin ağırlıq mərkəzini tədricən İran istiqamətinə keçirə bilər. “Görünür, Rusiya regional siyasətinin strukturunu və Qafqaza münasibətini prinsipial şəkildə dəyişir. Ağırlıq mərkəzi sanki İrana doğru keçir, Qafqaz isə əsas dayaq nöqtəsi olmaqdan çıxaraq müəyyən çətir altında qalan regiona çevrilir”, – Badalyan bildirib.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ