İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA

Qırğızıstanın paytaxtı Bişkekdə Prezident İlham Əliyev tədbir çərçivəsində Hindistanın baş naziri Narendra Modi ilə ikitərəfli görüş keçirərək iki ölkə arasında əməkdaşlığın gündəliyini müzakirə edib. Prezident görüş barədə sosial şəbəkə hesabında yazıb: “Bişkekdəki ŞƏT zirvə toplantısı çərçivəsində baş nazir ilə ikitərəfli gündəliyimiz barədə fikir mübadiləsi apardım”. Bu görüşün diqqətçəkən tərəfi isə Bakı ilə Yeni Dehli arasında son illərdə yaranmış siyasi fikir ayrılıqları fonunda baş tutmasıdır. Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilməsinə qarşı çıxdığı barədə diplomatik məlumatlar yayılıb. Hindistan tərəfi bu iddianı rəsmən təsdiqləməsə də, məsələ Bakı-Dehli münasibətlərində narazılıq yaradan mövzulardan biri olaraq qalır.

Digər mühüm problem isə Hindistanın Ermənistanla sürətlə genişlənən hərbi əməkdaşlığıdır. Bütün bunların fonunda Əliyev-Modi görüşü sadəcə protokol xarakterli təmas kimi görünmür. Bakı və Yeni Dehli arasında münasibətlərdə mövcud fikir ayrılıqlarının aradan qaldırılması və əməkdaşlıq üçün yeni imkanların axtarılması ehtimalı diqqət çəkir. Bakı üçün Hindistanla münasibətlərin əhəmiyyəti həm də Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarında rolunun artması ilə bağlıdır. Dehli isə Mərkəzi Asiya və Qafqazla əlaqələrini genişləndirərkən Azərbaycanı mühüm regional tərəfdaşlardan biri kimi nəzərdən keçirir.
İlham Əliyev-Narendra Modi təması bu baxımdan təkcə ikitərəfli münasibətlər deyil, Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında dəyişən əməkdaşlıq xəritəsi fonunda da əhəmiyyət daşıyır. Bakı son dövrlərdə müxtəlif güc mərkəzləri ilə paralel və balanslaşdırılmış münasibətlər qurmaq siyasətini davam etdirir. Hindistanla yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi də Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir.

Günay Ağamalı partiyasına yeni mətbuat katibi təyin etdiMilli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib ki, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Möhtərəm Cənab Prezident İlham Əliyevlə Hindistanın baş naziri Narendra Modi arasında baş tutan görüş xüsusi diqqət çəkir. Tərəflərin ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə etməsi Azərbaycan-Hindistan əlaqələrinin gələcək inkişafı baxımından mühüm siyasi əhəmiyyət daşıyır: Son illərdə Bakı ilə Yeni Dehli arasında müəyyən məsələlər üzrə fərqli yanaşmaların mövcudluğu sirr deyil. Xüsusilə Hindistanın Ermənistanla hərbi əməkdaşlığının genişlənməsi Azərbaycanda haqlı narahatlıq doğuran məqamlardandır. Regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımların atıldığı bir mərhələdə Ermənistanın silahlandırılması prosesinin davam etdirilməsi sülh gündəliyinin ruhuna uyğun deyil və regionda həssas təhlükəsizlik balansına mənfi təsir göstərə bilər. Bununla yanaşı, Azərbaycan xarici siyasətində qarşılıqlı hörmətə, dövlətlərin suverenliyinə, milli maraqlarına və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarıdır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasətin mühüm xüsusiyyətlərindən biri də fikir ayrılıqlarının siyasi dialoq vasitəsilə müzakirə edilməsi və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq imkanlarının dəyərləndirilməsidir. Bu baxımdan Cənab Prezident İlham Əliyevlə Baş nazir Narendra Modi arasında keçirilən görüş mövcud məsələlərin açıq siyasi dialoq müstəvisində nəzərdən keçirilməsi və münasibətlərdə yeni imkanların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir”.

Deputatın sözlərinə görə, dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycanla Hindistan arasında qarşılıqlı maraqlara söykənən münasibətlərin inkişaf etdirilməsi hər iki tərəf üçün faydalı perspektivlər yarada bilər: “Azərbaycanın strateji coğrafi mövqeyi, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat və logistika imkanları ölkəmizin Avrasiyanın mühüm bağlantı mərkəzlərindən birinə çevrilməsini təmin edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Azərbaycan və Hindistan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanlar açır. Hindistanın Mərkəzi Asiya və Avropa istiqamətində iqtisadi əlaqələrini şaxələndirmək maraqları fonunda Azərbaycanın tranzit və logistika potensialı xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçımız Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu, milli maraqlara əsaslanan və prinsipial xarici siyasət nəticəsində Azərbaycan siyasi və iqtisadi güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər qurur. Ölkəmiz heç bir geosiyasi qarşıdurmanın tərəfinə çevrilmədən öz milli maraqlarını qətiyyətlə müdafiə edir, eyni zamanda əməkdaşlıq və dialoq üçün açıq mövqe nümayiş etdirir. Cənab Prezident İlham Əliyevlə Hindistanın Baş naziri Narendra Modi arasında keçirilən görüş Azərbaycan-Hindistan münasibətlərində siyasi dialoqun inkişafına və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar açır”.
Deputat Azərbaycanın mövqeyinin aydın olduğunu da söylədi: “Ölkəmiz milli maraqlarından və prinsipial mövqeyindən geri çəkilmədən bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlığın inkişafında maraqlıdır”.

Cavanşir Abbaslı
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR