İnsanlara hürriyət, millətlərə istiqlal!

Etna vulkanının iki dəfə yer üzündən sildiyi, bazarı Bakıdan ucuz olan Kataniyadan son TƏƏSSÜRATLAR

Avtobusda gediş haqqı 1 avro, metro...

Kataniya İtaliyanın 10-cu, Siciliyanın 2-ci böyük şəhəridir. Şəhər əhalisi 312 min nəfərə yaxındır. Bu səbəbdən şəhərdə sıxlıq müşahidə olunmur. Eləcə də çox az hallarda nəqliyyatda tıxaclara rast gəlmək olur ki, bu da daha çox insanların işdən çıxdıqları zaman, yəni, pik saatlarda baş verə bilir. Bəziləri yaxın məsafədə mopeddən istifadəyə üstünlük verir.

Hələ Siciliyaya gəlməzdən əvvəl eşitmişdim ki, siciliyalılar bir qədər şöhrətpərəst, lüks markalı bahalı avtomobillərə, malikanələrə sahib olmağa meyillidirlər. Amma Kataniyada olanda bu təəssüratlarım yox oldu. Burada çox az sayda lüks avtomobillərə rast gəlmək mümkündür.

İctimai nəqliyyatda da isə gediş haqqı Azərbaycan ilə müqayisədə bahadır - avtobus 1 avro (təxminən 2 manat), metro isə 1,5 avrodur (təxminən 3 manat).

Nəqliyyatı baha, bazarı Bakıdan ucuzluq

İctimai nəqliyyatda gediş haqqı baha olsa da Kataniyanın mərkəzində yerləşən bazarı Bakı ilə müqayisədə nisbətən ucuzluqdur.

b8b4e615-59a5-477f-bcd1-1e33d352d890.jpg (155 KB)

Bazar Müqəddəs Aqata kilsəsi və məşhur fil abidəsinin yerləşdiyi küçənin lap yaxınlığında, bir neçə dəqiqəlik məsafədə yerləşir. Bazar yalnız səhər saatlarında açıq olur və günortaya doğru bağlanmağa başlayır. Bazarın girişindəki piştaxtalarda daha çox balıq (dondurulmuş və təzə şəkildə) və digər dəniz məhsulları satılır. Qiymətlər təxminən 5-20 avro (10-40 manat) arasında dəyişir. Bu məqamda qeyd edim ki, Kataniya mətbəxində dəniz məhsulları böyük üstünlük təşkil edir.

ccda9c9e-73a4-4c4d-a5c5-92af4ff1b004.jpg (197 KB)

Bazarın içərisinə doğru getdikcə digər meyvə və tərəvəzlər satılır. Qiymətlər isə təxminən belədir - 1 kq çiyələk 0,75- 1 avro (1,5-2 manat), 1 kq banan və apelsin 1 avro (2 manat), 1 kq soğan və kartof 0,80-1 avro (1,60-2 manat), göy-qırmızı bibərin kilosu 2-2,5 avro (4-5 manat), 1 kq badımcan 1,5-2 avro (3-4 manat). Göründüyü kimi müqayisə edəndə meyvələrin qiyməti xeyli ucuzdur. Təkcə ucuz deyil, həm də çox dadlıdır, xüsusən də apelsin və limon. Türkiyənin Antalya şəhərində olduğu kimi Kataniyada da az qala hər addımlıqda apelsin ağacları var. Və bəzən ağaclarda ötən ildən qalmış, dərilməmiş meyvələr görmək mümkündür.

f67474b0-4564-4cca-b691-69a6b5a0508f.jpg (119 KB)

f37f43c9-6ca3-41c3-817d-80a6fd036d44.jpg (217 KB)

Bazarın içində və ətrafında kiçik kafe və restoranlar var. Onların arasında ən məşhurlarından biri "Putia dell'ostello"dur. Bu restoranın içərisindən aşağı düşüb vulkan püskürməsindən sonra yaranmış mənzərəni, sakit axan çayı seyr etmək mümkündür. Restoranın menyu qiymətləri də çox sərfəlidir. Məsələn, 4 avrodan (8 manat) başlayan qiymətlərlə pizza, 4,5 avroya (9 manat) salatlar, 2-3 avrodan (4-6 manat) başlayan qiymətlərlə alkoqollu və alkoqolsuz içkilər sifariş vermək olur.

Arançini...

156430c1-b9d9-4227-8af8-fbff1c4668ec.jpg (109 KB)

Kataniyanın meyvə-tərəvəzləri kimi yeməkləri, desert və şirniyyatları, həmçinin çörəkləri də çox dadlıdır.

Adətən İtaliya mətbəxi deyiləndə ilk gözümüzün önünə pizza və makaron gəlir. Amma Siciliya mətbəxində yuxarıda qeyd etdiyim kimi əsasən zəngin dəniz məhsulları tutur. Heç şübhəsiz bu, şəhərin Aralıq dənizinin əhatəsində yerləşməsi ilə əlaqədardır.

ca653614-1cfa-4fa1-9c34-a3a54890f823.jpg (46 KB)

Səbəb təkcə budurmu? Siciliya mətbəxinin bu qədər ləziz olmasının səbəbi haqqında yerli sakinlərlə söhbətləşəndə bildirdilər ki, səbəb zamanında adada yaşamış türk, ərəb, ispan və yunanların mətbəxinin təsiridir. Məsələn, ərəblərin təsiri ilə ədviyyatlardan darçın, zəfəran, həmçinin düyü, hind qozu, kişmiş, ispanların təsiri ilə kakao, pomidor, bibər qarğıdalı, türklərin təsiri ilə zeytun, lobya, antep fıstığı, təzə səbzələr Siciliya mətbəxinə daxil olub və ortaya gözəl nəticə çıxarıb.

Diametri təxminən 10 sm, içərisində ət, pendir olan, qızardılmış düyü toplumundan ibarət arançini isə sırf Siciliya mətbəxinə aid yeməkdir. Adətən bıçaq-çəngəllə deyil, əldə tutularaq yeyilən arançini "fast-food" yeməyi hesab olunur.

Siciliyanın ən məşhur yemək və içkiləri...

50593bd4-e7eb-49b3-aff8-53ddabc39a08.jpg (76 KB)

Ənənəvi arançinidən başqa Siciliyanın çox məşhur yemək və şirniyyatları var. Yeməklərdən "pasta alla Norma", pomidor, pendir və soğanlı "scaccia"nı, dana əti dilimləri, çörək, soğan, sarımsaq, pendirdən hazırlanmış "farsu magru"nu, dadlı şirniyyatlardan məşhur "cannolo"nu, "pignolata"nı göstərmək olar.

cf10addb-9dee-4e8c-af7d-42ec2ff60b3a.jpg (169 KB)

İçkilərə gəldikdə isə, 6 günlük Kataniya səfərim zamanı axtarıb tapa bilmədiyim yeganə çay oldu. İtalyanlar demək olar ki, çayı sevmir, bu səbəbdən quru çay tapmaq müşkül məsələdir. Əlbəttə ki, müxtəlif növ paket çaylar var, lakin onlardan əsl çay ətrini almaq qeyri-mümkündür.

7b0f8d34-51c5-43a3-a3ab-20f17c166c86.jpg (79 KB)

Beləliklə, italyanlar səhərlər daha çox italyan kofesinə və yaxud meyvə suyuna üstünlük verir, günorta və axşam yeməyində isə ağ və qırmızı şərab, pivə və yaxud "amaro averna" likörü, "zibibbo" içirlər.

Maraqlıdır ki, siciliyalılar çox iştahlıdırlar və masa arxasında bir-birinin ardınca yemək və içki sifarişi verməyi sevirlər, amma hər zaman, ən yaşlı vaxtlarında belə formada qalmağı bacarırlar. Bəs bunun sirri nədir? Bəziləri bunu genetika ilə, bəziləri isə italyanların yemək qədər gəzməyi də sevməsi ilə əlaqələndirir. Bəli, siciliyalılar həftə sonları gəzintiyə çıxmağı, əylənməyi çox sevirlər. Axşamlar gitara və bombolo ifaçıları kafe və restoranları gəzir, öz nəğmələrini oxuyur, insanları əyləndirirlər.

Şəhərin mərkəzində fil abidəsi necə peyda oldu?

14a148e9-b035-4fdc-936c-598c353e7960.jpg (101 KB)

Kataniyada çox sayda qədim kilsələr, abidə və muzeylər var. Bir sözlə, şəhər başdan-ayağa tarix təcəssümüdür.

Kataniyaya gələn turistlər mütləq şəkildə mərkəzdə yerləşən ən qədim (11-ci əsrə aid) və ən böyük kilsə olan Müqəddəs Aqata kilsəsini ziyarət edir. Kilsənin əsas taxta qapısında müqəddəs Aqataya aid epizodlar, xristianlığa aid lövhələr var. İçəridə isə bir sıra qədim abidələr, rəsmlər var.

2de910b9-8e45-4f5e-adb1-dd9de24ec2fc.jpg (131 KB)

Müqəddəs Aqata kilsəsinin önündə böyük meydan və meydanda məşhur fil abidəsi var. Çox maraqlldır ki, bu fil abidəsi Kataniyanın simvoluna çevrilib. Niyə məhz fil? Fil İtaliyaya necə gəlib çıxıb? Kataniyalılar niyə filə abidə qoyub, onun simvollaşdırıblar? Güman edilir ki, Kataniyaya filləri zamanında ərəb qoşunları gətirib. Lakin filə hansı səbəbdən abidə qoyulduğu məlum deyil. Abidə Etna vulkanının püskürdüyü böyük lava parçasından yonulub.

e358c72d-7e4b-43ef-93cb-77cd89a2c185.jpg (176 KB)

Qədim Roma Afiteatrı. Bu teatr vaxtilə Roma imperatorluğu dövründə tikilmiş, vaxtilə Kalizeydən sonra ən böyük teatr hesab olunurdu. Teatr 15 min insanı qəbul edə bilirdi. 

ef1982cf-327b-4cf4-a12b-e2cd5be992e5.jpg (303 KB)

659d1c90-7ec0-4aab-99e0-e66142f79837.jpg (300 KB)

Tarixdən məlumdur ki, Kataniya iki dəfə Etna vulkanının  püskürməsindən sonra tamamilə dağılıb, yanıb külə dönüb. Lakin bu amfiteatrın qalıqları bu günə qədər gəlib çatıb və şəhərin tam mərkəzində qorunub, saxlanılır.

8becf901-1dd9-4034-ae9e-acb9a9d4eed2.jpg (178 KB)

Müqəddəs Aqata kilsəsindən başqa şəhərdə qədim tarixə malik "San Nikol", "Regia capella" və digər kilsələri görmək mümkündür.

Bellini parkı. Şəhərin məşhur mərkəzi küçəsi  "Via Etnea" adlanır. Bu küçə boyu çox sayda brend mağazalar, kafe və restoranlar, həmçinin bəstəkar Bellininin adına park yerləşir. Böyük ərazini əhatə edən, bütöv yaşıllıq içərisində olan bu park qədim tarixə malikdir. Parkda təkcə Bellininin deyil, digər məşhur siciliyalıların da heykəlləri yerləşdirilib.

Universitet Sarayı (Palazzo dell'Università). Bu universitet də şəhərin mərkəzində yerləşir. Şəhərə gələn turistlər mütləq bu universiteti də ziyarət edir. Universitetin qapıları daim turistlərin üzünə açıqdır.

15911328-12e5-4d57-a255-ffb3a482f6ee.jpg (220 KB)

Tarixə nəzər salanda məlum olur ki, "Palazzo dell'Università" 1434-cü ildə Böyük Kral Alfonso tərəfindən təsis edilib. Universitet əvvəl "Katedral Meydanı"ndakı bir binada yerləşib. 1693-cü ilin dəhşətli zəlzələsi bu binanı da tamamilə dağıdıb. Bundan sonra universitet indiki məkanında inşa edilib. Universitetin balkonu dördbucaqlı, yaşıllıqdan ibarət həyətə açılır.
Hazırda sarayda universitet rəhbərliyi fəaliyyət göstərir.

Bu məqamda bir məsələni də qeyd etmək istərdim. Siciliyada hər yaşda tələbə olmaq mümkündür. Yəni, siciliyalılar üçün universitet təhsili almağın yaşı yoxdur.

Kataniya səfərim zamanı "Global television" internet televiziyasının kollektivi və direktoru Enzo Stronscio ilə də görüşmək "Wonder woman" proqramının canlı yayımında iştirak etmək şansım da oldu. Proqramda Kataniya ilə bağlı ilk təəssüratlarımı, gördüklərimi qeyd etməyə çalışdım.

a30557fb-c009-449e-a5a2-a53369ecf392.jpg (163 KB)

Siciliyada pandemiya.

Məlumdur ki, pandemiyanın ilk vaxtlarında dünya ölkələrindən ən çox İtaliya əziyyət çəkib. Milyonlarla insan koronavirusun qurbanı olub. Hazırda isə digər ölkələrdə olduğu kimi İtaliyada da pandemiya səngimiş hesab olunur. Artıq bir müddətdir ki, teatr və muzeylər açılıb, restoran və kafelər, ticarət mərkəzləri əvvəlki fəaliyyətinə geri dönüb. Lakin bu cür obyektlərə daxil olarkən mütləq şəkildə "green passport" təqdim olunmalıdır.

İnsanlara gəldikdə isə, siciliyalılar bir-biriləri ilə görüşəndə qadınlı-kişili adətən öpüşüb, qucaqlaşırlar. Sanki pandemiya burada mövcud olmayıb. Amma pandemiyadan hələ də qorxanlar var. Məsələn, bazarda olarkən bir quru çərəzi əlimə alıb baxmaq istəyəndə satıcı bərk hirslənmişdi və "koronavirusa görə satılan məhsullara toxunmaq olmaz" deyə bildirmişdi.

Sonda Kataniya səfərimin təşəbbüskarı olan Azərbaycanın Siciliya və Kalabriya regionları üzrə fəxri konsulu cənab Domeniko Kokoya və səfərim boyu mənə bələdçilik edib, tərcümədə köməklik göstərən ukraynalı Aleksandra və fotoqraf Andrey Şnayderə öz təşəkkürümü bildirirəm.

Kataniyadan hazırladığımız bundan əvvəlki reportajları aşağıdakı linklərdən izləyə bilərsiniz.

https://www.musavat.com/mobile/news/siciliyanin-gozu-etna-ocagi-kataniya-orada-indi-de-mafiya-var-lakin-reportaj-fotolar_882810.html?d=2

https://musavat.com/mobile/news/avropanin-en-gozel-sehne-akustikasina-malik-massimo-bellini-teatri-reportaj-fotolar_883632.html

https://musavat.com/mobile/news/xac-atasi-nin-villasi-bu-evde-toy-edenler-azi-5-min-dollar-odemelidirler-reportaj-fotolar_884528.html

Xalidə Gəray
Andrey Şnayder
Siciliya, Kataniya
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR