İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanlı nazir İrandadır, silah, PUA və gizli razılaşmalar?-Azərbaycan prosesləri izləyir…  

Xəbər verildiyi kimi, Ermənistanın müdafiə naziri Suren Papikyan İrana səfər edib. Bu barədə onun sosial şəbəkə hesablarında video yayımlanıb. Papikyanın cənub qonşumuza səfəri Cənubi Qafqazda onsuz da həssas olan geosiyasi balans fonunda xüsusi diqqət çəkir.
İran-Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı mesajlar regionda əlavə müzakirələr doğurmaya bilməz. Azərbaycan tərəfi İrəvan-Tehran yaxınlaşmasını daim diqqətlə izləyir və xüsusilə hərbi əməkdaşlıq elementləri ilə bağlı narahatlığını hər zaman ifadə edir.
Bu dəfə də erməni nazirin Tehranda görünməsi diqqətləri çəkib.

Papikyanın İranda nə işi var?

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-a səfəri bu cür şərh etdi: “Ermənistanın müdafiə naziri Suren Papikyanın indiki qarışıq məqamda İrana səfər etməsi təsadüfi deyil. Əvvəla bir qədər geriyə gedib, bir neçə məsələyə diqqət yetirək. İranda son aksiyalar zamanı Tehran İrəvana xəbərdarlıq etmişdi ki, şah tərəfdarlarının İran səfirliyi önündə aksiya keçirmələrinə imkan verməsin. Hətta dolayı yolla Ermənistanı təhdid də etmişdi. Digər bir olay isə Zəngəzur dəhlizi ilə bağlıdır. Bu barədə geniş danışmağa gərək yoxdur. Çünki İranın mövqeyi məlumdur və açıqlamalarında buna qarşı olduğunu bəyan edib. Amma Papikyanın Tehrana səfəri zamanı bir neçə vacib məsələ də müzakirə olunacaq. Birincisi, Ermənistan Hindistandan silah alır. Həmin silahların İran üzərindən daşınması da sirr deyil. Son təslimat zamanı logistika problemi yaranmışdı. Yeni Dehli bunu İranla əlaqələndirmişdi. Papikyan böyük ehtimalla bu mövzunu danışıb, dəstək və ya təminat istəyəcək. İkincisi, Ermənistan İrandan silah da almaq istəyir. Xüsusən PUA. Bu məsələ xeyli əvvəl də gündəmdə idi. Lakin Rusiya-Ukrayna müharibəsi səbəbindən ikinci plana keçmişdi. Papikyan kiçik partiya da olsa, İrandan PUA almağa çalışacaq.

Üçüncü məsələ Zəngəzur dəhlizi məsələsində ABŞ faktorudur. İrəvan hər nə qədər israr etsə də, Tehran bölgəyə amerikan hərbçilərin gəlməyəcəyinə inanmır. İranın bəzi açıqlamaları da göstərir ki, Ermənistanın verdiyi məlum bəyanatlara güvənmir. Papikyan böyük ehtimalla bununla bağlı təminatlar verəcək. Digər bir mövzu da ABŞ-ın İrana mümkün hücumu zamanı Ermənistanın tutacağı mövqeyi ilə bağlıdır. Bu gün İran bu mövzuda qonşu dövlətlərə güvənsizlik nümayiş etdirir. Papikyanın səfəri fonunda Ermənistan ən azı zəmanət verib, təminat almağa çalışacaq.

Hərbi sahədə əməkdaşlıq və digər mövzular isə standartdan başqa bir şey deyil. Nəzərə alaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan da yaxın vaxtlarda İrana səfər edəcək. Həmin səfər zamanı iki ölkə arasında strateji əməkdaşlıq sazişinin imzalanması gözlənilir”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR