İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı lərzəyə salan iddia: Putin Ukraynada nüvə silahından istifadə edə bilər - Kreml daxilində çağırışlar artır

Rusiya-Ukrayna müharibəsində diplomatik yolların tükənməsi ilə bağlı yeni və təhlükəli iddialar gündəmə gəlib. Musavat.com xəbər verir ki, Bloombergin Kremlə yaxın mənbələrə istinadən yaydığı məlumatlara görə, Prezident Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının dalana dirəndiyini düşünür və Moskva hərbi əməliyyatları daha da sərtləşdirməyə hazırlaşır.

İddialara əsasən, Rusiya yaxın müddətdə Ukraynaya, xüsusilə də Kiyevə daha intensiv ballistik raket zərbələri endirməyi planlaşdırır. Hətta paytaxtın mərkəzinin də mümkün hədəflər sırasında olduğu bildirilir. Ukraynanın digər şəhərlərindəki infrastruktur obyektlərinin də daha genişmiqyaslı hücumlara məruz qala biləcəyi vurğulanır.

Moskvanın belə bir qərara gəlməsində əsas amillərdən biri kimi ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə aparılan danışıqlarda real irəliləyişin əldə olunmaması göstərilir. Kremlə yaxın mənbələrin iddiasına görə, tərəflər hələ də müharibənin əvvəlindəki əsas mövqelərindən ciddi şəkildə geri çəkilməyiblər. Digər tərəfdən, Ukraynanın Rusiya ərazisində neft emalı zavodlarına, limanlara və logistika mərkəzlərinə endirdiyi zərbələr də Moskvanın eskalasiya arqumentlərini gücləndirir. Rusiya bu hücumları yalnız Kiyevin müstəqil hərbi fəaliyyəti kimi deyil, NATO ölkələrinin silah və kəşfiyyat dəstəyi ilə həyata keçirilən əməliyyatlar kimi qiymətləndirir.

Ən təhlükəli məqam isə Kremlin daxilində müharibənin daha da sərtləşdirilməsini tələb edən dairələrin mövqelərinin güclənməsi ilə bağlı iddialardır. Bloombergin mənbələri Rusiyanın hakimiyyət çevrələrində bəzi şəxslərin son vasitə kimi taktiki nüvə silahından istifadənin mümkünlüyünü müzakirə etdiyini bildirir. Bununla belə, agentlik qeyd edir ki, Rusiyanın nüvə silahından istifadəyə hazırlaşdığını göstərən konkret əlamətlər hazırda yoxdur.

Moskvanın əsas tərəfdaşlarından biri olan Çinin də nüvə həddinin keçilməsinə qarşı olduğu bildirilir. Pekinin Kremlə belə bir addımın atılmaması ilə bağlı xəbərdarlıq etdiyi qeyd olunur. ABŞ-ın keçmiş administrasiyasının da daha əvvəl Rusiyaya nüvə silahından istifadənin ağır nəticələri barədə xəbərdarlıq etdiyi xatırladılır.

Digər tərəfdən, Berlin Karnegi Rusiya və Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuyev nüvə silahından istifadə ehtimalını “son dərəcə aşağı” qiymətləndirir. Onun fikrincə, taktiki nüvə zərbəsinin hərbi baxımdan effektivliyi məhdud ola bilər, lakin bunun Moskva üçün siyasi və beynəlxalq nəticələri olduqca ağır olar.

Kiyevin Rusiya ərazisinə zərbələrinin genişlənməsi Moskvanın daha sərt cavab verməsinə səbəb olacaqmı?

Nüvə silahından istifadə ilə bağlı çağırışların artması real təhlükədir, yoxsa Kremlin daxilindəki radikal dairələrin təzyiqidir?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun fikrincə, Rusiya Ukraynanın son hücumlarından həqiqətən də çox narahatdır və Kiyevi cəzalandırmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə də hazırdır:

Bakının YENİ qlobal STATUSU – “Sülh Şurası”nda yaradıcı ÜZV...

“Son bir neçə gündə Ukrayna ərazisi və xüsusilə Kiyev istiqamətində hücumların və zərbələrin intensivləşməsi də bunu göstərir. Rusiya düşünür ki, hərbi təzyiqi artırmaqla Ukraynanı güzəştə getməyə məcbur edə bilər. Odur ki, qarşıdakı günlərdə biz Ukrayna ərazisinə daha ağır zərbələrə şahidlik edəcəyik. Ukraynanın Rusiya ərazisində neft emalı zavodlarına, logistika və enerji infrastrukturuna zərbələri Moskvanı isterik vəziyyətə salıb və onlar da öz təbirlərincə desək Kiyevi cəzalandırmaq üçün cavab tədbirləri görəcəklər. Rusiya hazırda Ukrayna hücumlarının qarşısını almaqda yetərsizliyini ört-basdır etmək üçün NATO amilini də qabardır və bildirir ki, bu hücumlar, Qərbdən alınan silahlar və NATO ölkələrinin kəşfiyyat məlumatları hesabına baş verir. Yəni başqa sözlə desək NATO ölkələrinin müharibədə dolayı iştirakını qeyd etməklə tək Ukrayna ilə vuruşmadığını bildirir. Hətt vəziyyət o həddə çatıb ki, Moskva Britaniyanın Ukraynaya verdiyi uzunmənzilli silahlardan Rusiya ərazisinə zərbələr endiriləcəyi təqdirdə Britaniya hərbi obyektlərinin də hədəfə alına biləcəyini bildirir. Bu, prinsipcə təhlükəli eskalasiya spiralının formalaşması deməkdir. Yəni, Ukrayna Rusiyanın hərbi-iqtisadi potensialına zərbə vurur, Rusiya Ukrayna şəhərlərinə daha ağır zərbələr endirir, Qərb Kiyevə daha uzaqmənzilli silahlar verir və bütün bunların fonunda Moskva Qərbi birbaşa tərəf kimi təqdim edir. Belə spiralın qarşısını almaq şübhəsiz ki, çox vacibdir və burada emosional yanaşmadan qaçmaq lazımdır. Çünki söhbət Putin Rusiyasından gedir və onların istənilən vasitəyə əl atmaq potensialı var. Düzdür düşünmürəm ki, məsələ son çarə olaraq nüvə silahından istifadəyə gətirib çıxarsın. Çünki bunun Rusuya üçün nəticələri olduqca ağır ola bilər. Lakin buna baxmayaraq uzunmüddətli müharibə, artan itkilər və tərəflərin məğlubiyyəti qəbul etməməsi eskalasiyanın daha ağır mərhələyə keçmə risklərini artırır”.

Politoloq fikirlərini bu cür davam etdirdi: “Çinin təsirinə gəldikdə isə bu çox əhəmiyyətlidir. Pekin Rusiyanın strateji tərəfdaşıdır, lakin nüvə həddinin keçilməsi Çin üçün də son dərəcə arzuolunmaz ssenaridir. Odur ki, Pekin Moskva ilə münasibətlərindən istifadə edərək xəbərdarlıq edə, iqtisadi və diplomatik nəticələri xatırlada bilər. Onu da qeyd edim ki, Çin bu məsələdə tək də deyil, eyni şəkildə Rusiyanın digər tərəfdaşı olan Hindistan da nüvə eskalasiyasının əleyhinədir və bununla bağlı Kremlə mövqeyini də ifadə edib.

Odur ki, zənnimcə hazırda ən real təhlükə nüvə müharibəsi deyil, müharibənin yeni və daha sərt mərhələyə keçməsidir. Daha dəqiqi əsas təhlükə tərəflərin bir-birinin eskalasiya addımlarına cavab verərək nəzarətdən çıxan bir spiral yaratmasıdır. Bu baxımdan yaxın həftələrdə ən mühüm göstərici Moskvanın yeni zərbələrinin miqyası ilə yanaşı, ABŞ-ın vasitəçilik kanallarının tamamilə bağlanıb-bağlanmayacağı olacaq”.

Cavanşir Abbaslı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR